BP şirkətinin maliyyə dəstəyi ilə çap olunan kitab uşaqların düzgün tərbiyələndirilməsinə, uğurlu yetişdirilməsinə istiqamət verir


BP və onun “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları uşaqların tərbiyəsini, valideynlərin sağlam uşaq böyütməsini və ümumilikdə məktəbəqədər təhsilin təməl prinsiplərini əhatə edən ensiklopedik tövsiyələr kitabını ictimaiyyətə təqdim edib. Layihə BP və tərəfdaşlarının təhsilin inkişafına, bütün səviyyələrdə yerli potensialın, bacarıqların gücləndirilməsinə dəstəyi çərçivəsində maliyyələşdirilib. Layihənin icrasını təhsil layihələrində ixtisaslaşmış yerli portal olan  AzEdu.az həyata keçirib.

 

“Ömrün uğurlu bünövrəsi” kitabı uşaqların tərbiyəsində ən effektiv beynəlxalq təcrübələri, üsulları, modelləri və prinsipləri araşdırıb onların arasından ən yaxşılarını körpə çağından altı yaşadək uşaqların fiziki, emosional, sosial və intellektual inkişafına aid milli ideyalar, metodlar, təcrübələr və ənənələrə uyğunlaşdırmaqla , birləşdirməklə Azərbaycana gətirən ilk nəşrdir. Kitab valideynlərin, pedaqoqların və müəllimlərin uşaqların tərbiyəsi ilə bağlı gündəlik fəaliyyətlərinə bələdçilik etməklə onların ən son araşdırmaların nəticələrindən istifadə etməsinə, beynəlxalq və milli miqyasda məlum olan qabaqcıl təcrübələrdən faydalanmasına yardım edir. Bu, sağlam cəmiyyətin və sağlam gələcəyin bünövrəsində sağlam təhsilin önəmini vurğulamaqla elmi araşdırmalara və təcrübəyə əsaslanan bir kitabdır.

 

Kitab Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi müvafiq dövlət qurumlarını, məktəblər və bağçaları, habelə bir sıra özəl təşkilatları təmsil edən geniş ekspertlər qrupu tərəfindən hazırlanıb.

 

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, ötən 28 il ərzində tərəfdaşlarla birlikdə çox sayda uğurlu layihələr vasitəsilə məktəb və universitetlər səviyyəsində təhsilə dəstək verilib: “Lakin təhsil uşağın dünyaya gəldiyi gündən başlayır və onun tərbiyəsində, inkişafında istifadə edilən metodlar, nəzəriyyələr və təcrübələrin sayı xalqların, hətta ailələrin sayı qədər çoxdur. Biz çox şadıq ki, uşaqların tərbiyəsində, valideynlərin uşaq böyütməsində alimlərə, pedaqoqlara məlum olan ən yaxşı bilikləri indi artıq əsaslı tövsiyələr halında kitabda birləşdirmişik. Kitab uşaqların tərbiyəsində və təhsilində istər valideyn, istərsə də mütəxəssis kimi iştirak edən hər bir kəs üçün sadə və aydın dildə yazılıb. Mən deyərdim ki, bu, uşaqların tərbiyəsinin elmi əsaslarını və praktikasını birləşdirən bir kitabdır, öz fundamental məzmun və həcminə görə Azərbaycan dilində hazırlanmış ilk nəşrdir. İnanırıq ki, böyük bir mütəxəssis qrupu tərəfindən hazırlanmış bu kitab geniş şəkildə istifadə ediləcək və ölkədə məktəbəqədər təhsil sahəsində elm, təcrübənin daha da inkişaf etməsinə töhfə olacaq”.

 

Qeyd edək ki, AzEdu.az təhsil portalı tərəfindən təklif olunan və BP şirkətinin maliyyə dəstəyi ilə çap olunan “Ömrün uğurlu bünövrəsi” kitabının ideya müəllifi sosioloq Əhməd Qəşəmoğludur. Kitab onunla yanaşı, əlavə 8 müəllif tərəfindən ərsəyə gətirilib: Laləzər Cəfərova, Lalə İmanova, Ülviyyə Mikayılova, Xalidə Musayeva, Məftunə İsmayılova, Anar Qafarov, Ramidə Məmmədova, Azadə Əhmədova.