Fevralın 24-də Qax rayonunun ümumtəhsil müəssisələrində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş onlayn tədbirlər keçirilib.

 

Qax şəhər 1 nömrəli tam orta məktəbində keçirilən “Xocalı-XX əsrin ən böyük faciəsi” mövzusunda tədbirdə şagirdlərə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən Xocalı şəhərində soydaşlarımıza qarşı törədilmiş dəhşətli faciə barəsində məlumatlar verilib. Xocalı faciəsinin dəhşətlərini əks etdirən şəkillərdən ibarət sərgilər və videoçarxlar nümayiş etdirilib, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki zəfərindən bəhs olunub. Şagirdlər öz çıxışlarında mənfur düşmənə qarşı kəskin nifrətini nümayiş etdirməklə yanaşı, xalqın bügünkü gücünü, qüdrətini  əzmini böyük ruh yüksəkliyi ilə ifadə ediblər.

 

Qax rayonu Zərnə kənd tam orta məktəbində keçirilən anım tədbirində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarına ilk öncə Xocalı soyqırımı qurbanlarına həsr olunmuş film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə məktəbin tarix müəllimi Rəvanə Əliyeva açaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar və işğalçı siyasətinin nəticəsi olaraq Xocalıda baş verənlərin bəşəri cinayət,  Ermənistan hakimiyyətinin və dövlətinin tarix və beynəlxalq qanunlar qarşısında cavab verməli olduğunu bildirib.

 

Şakir CƏFƏROV