Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar tələbələrin iştirakı ilə onlayn tədbir keçirilib.

 

Kollecin direktoru Rüxsarə Əliyeva  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş, bəşəriyyət tarixində ən qanlı faciələrdən biri olan Xocalı genosidindən danışıb. Bildirib ki, bu faciə 200 ilə yaxın bir müddətdə erməni qəsbkarlarının, onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xocalı hadisəsinin erməni millətçilərinin Azərbaycan xalqına olan nifrətinin və  terrorçu xislətinin parlaq təzahürü olduğunu deyən R.Əliyeva mühasirədə qalmış şəhərin yüzlərlə dinc sakininin bir gecədə xüsusi amansızlıqla qətlə yetirildiyini, girov götürülənlərin dəhşətli işgəncələrə məruz qaldığını, xeyli insanın yaralandığını vurğulayıb.  

 

R.Əliyeva qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu “Dəmir yumruq” əks-hücum əməliyyatı keçirərək ərazilərimizi, təxminən 30 il sürən düşmən işğalından azad etdi : »Bununla da tarixi ədalət  bərpa olundu,  Azərbaycan ərazi bütövlüyünü təmin etdi.  Bu Zəfər həm də bütün şəhidlərimizin, o cümlədən Xocalı soyqırımı qurbanlarının qisasının alınması idi ».

 

Diqqətə çatdırılıb ki, Vətən Müharibəsində kollecın 20-dən çox məzunu iştirak edib, onlardan 5-i döyüşlərdə xüsusi qəhrəmanlıq göstərərək şəhidlik  zirvəsinə ucalıb. 3 məzun isə hazırda xidmətini davam etdirir.

 

Videokonfransda iştirak edən kollecin müəllimləri  çıxışlarında azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törədilən vəhşi hərəkətlərindən ürəkağrısı ilə söz açıblar. Bildirilib ki, Xocalı faciəsi xalqımız tərəfindən heç vaxt unudulmayacaq.

 

Daha sonra Xocalı soyqırımını və Vətən Müharibəsində düşmənin məğlubiyyətini əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirin sonunda kollecin tələbələri Xocalı hadisələrinə, düşmən əli ilə faciəli şəkildə həlak olmuş yüzlərlə insanın acı taleyinə həsr edilən şeir  və  bayatılar söyləyiblər.

 

Rəşad ZİYADOV