Filologiya üzrə elmlər doktoru, Əməkdar müəllim, professor Telman Cəfərovun (Vəlixanlı) müəllif və tərtibçisi olduğu “Rus ədəbiyyatı tarixi” adlı ali məktəblər üçün dərs vəsaiti nəşr edilib.

 

Kitab üç hissədən ibarət olacaq “Rus ədəbiyyatı tarixi”nin birinci cildi kimi təqdim edilir. Dərs vəsaitində Qədim və XVIII əsr rus ədəbiyyatının əsas əsərləri təhlil olunur, orta əsrlər rus ədəbiyyatında türk-slavyan əlaqələrinin təsvirinə, avrasiyaçılıq ideyalarına xüsusi diqqət yetirilir. Göstərilən dövrlərə aid rus ədəbiyyatından tərcümələrin kifayət qədər olmamasını və orta əsrlər rus ədəbiyyatına aid ədəbi nümunələrin orta məktəbi Azərbaycan diıində bitirmiş təhsilalanlar üçün orijinalın dilində adekvat şəkildə qavranılmasında problemlərin mövcudluğunu nəzərə alaraq, professor T.Cəfərov tədris vəsaitinə ədəbiyyat tarixinə dair materiallarla yanaşı, müxtəlif janrlara aid əsərləri və ya onlardan  parçaların tərcümələrini də daxil edib.

 

Vəsaitin müntəxəbat hissəsində təqdim olunan əsərlərin bir qismi (“Kazan tarixi” və Karamzinin “Rus dövlətinin tarixi”indən parçalar, A.Kantemir, M.Lomonosov, Q.Derjavin və A.Sumarokov yaradıcılığından poetik nümunələr) müəllif tərəfindən dilimizə ilk dəfə tərcümə edilib. Bununla yanaşı, kitaba bu dövrlərə aid ədəbiyyat tarixini tədqiq və universitetlərimizdə tədris etmiş tanınmış pedaqoqlar- Abuzər İsmayılov və Rüstəm Kamalın, eləcə də görkəmli ədəbiyyatşünas və tərcüməçi Hüseyn Şərifin tərcümələri daxil olunub.     

 

Bakı Slavyan Universitetinin (əvvəlki M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun) 75 illik yubileyi ərəfəsində nəşr olunan bu kitabı müəllif müasir Azərbaycan filologiyasının  zənginləşməsində, bir neçə nəsil Azərbaycan filoloqlarının hazırlanmasında və universitetdə formalaşmış elmi məktəb, istiqamətlərin inkişafında xüsusi xidmətləri olmuş əməkdar elm xadimləri, professorlar Məmməd Tağıyev, Murtuz Sadıxov, Həbib Babayev, Firudin Hüseynov, professor Bəşir Əhmədovun və dünyasını dəyişmiş digər müəllimlərinin  əziz xatirəsinə həsr edib. Onlara ünvanlanan ithafı “Ruhunuz şad olsun, Qarabağımız və düşmən tapdağında olan digər torpaqlarımız azad edildi!” sözləri ilə tamamlayıb.  

 

Kitaba yazılmış ön sözdə dərs vəsaitinin digər məziyyətləri də vurğulanıb. 

 

Kütləvi oxucu üçün nəzərdə tutulmasına baxmayaraq, bu dərs vəsaiti kredit sistemi ilə təhsil alan tələbələrə ixtisas və fənn üzrə biliklər toplamaq, onların cari və aralıq qiymətləndirilməsini aparmaq istiqamətində gərəkli tədris vəsaiti kimi də dəyərləndirilə bilər.