Naxçıvan Dövlət Universitetinin İdman kompleksində 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan bəhs edərək bildirib ki, Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verilir, mövcud idman obyektləri günün tələblərinə uyğun yenidən qurulur, maddi-texniki baza möhkəmləndirilir. Rektor son zamanlar universitetdə İdman kompleksinin təmir olunması, idman sahəsinin inkişafı üçün keçirilən tədbirlərdən danışıb.

 

Bədən tərbiyəsi və idman kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov da universitetdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Qeyd edilib ki, ali təhsil ocağında idmanın kütləviliyinə diqqət yetirilir və universitetdə 15 idman növü üzrə məşğələlər fəaliyyət göstərir. Hər il aprel, may aylarında ali məktəbdə təqvim planına uyğun tələbələrin “Universiadası” keçirilir. Bu yarışların məqsədi isə universitet yığma komandalarının tərkibini müəyyənləşdirməkdir.

 

Bildirilib ki, idmançılar həm təkmübarizlilik idman növləri üzrə, həm də komandalı idman növlərində bır sıra beynəlxalq miqyaslı yarışlarda uğur qazanıblar.Vurğulanıb ki, universitetdə Bədən tərbiyəsi müəllimi və məşqçi kadrların hazırlanmasına da ciddi fikir verilir. Hər il bu sahədə 70-80 nəfər ixtisaslı kadr hazırlanır.

 

Bədən tərbiyəsi və idman müəllimliyi ixtisası üzrə II kurs tələbəsi, İbrahim Xəlil Axundlu adına fəxri təqaüdçü, Avropa mükafatçısı Aslan İsmayılov muxtar respublikada gənclərə yaradılan şərait üçün  öz minnətdarlığını bildirib.

 

Sonra komandalararası voleybol yarışına start verilib. Pedoqoji və iqtisadiyyat fakültələri arasında keçirilən oyun iqtisadiyyat fakültəsinin qələbəsi ilə başa çatıb.