Şəhid ailələri və müharibə əlillərinin həyat şəraitinin və rifahının yaxşılaşdırılması məqsədilə dövlət tərəfindən daim xüsusi diqqət və həssaslıqla layihələr icra olunur. Fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdimatı da bu istiqamətdə görülən silsilə işlərin davamıdır. Kompleks doqquzmərtəbəli 30 bina, ümumilikdə 1512 mənzildən ibarətdir. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Dövlət başçısının bu ilin yanvarında imzaladığı sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcək.

 

Qazilərimizin sağlamlığının bərpasına xüsusi qayğı göstərilir

 

Bu qəbildən olan ardıcıl işlər göstərir ki, vətəndaşlarımızın daim qayğı ilə əhatələnməsi, dövlət dəstəyini hiss etməsi  dövlət siyasətinin prioritet hədəflərinin təməlində dayanır. Vətənimizin, torpaqlarımızın bütövlüyünün bərpası uğrunda mübarizə aparmış qazilərimizin sağlamlıq vəziyyətləri, reabilitasiyası da daim diqqətdə saxlanılan məsələlərdəndir. Prezident İlham Əliyev davamlı olaraq şəhid ailələri və qazilərlə şəxsən görüşlər təşkil edir, onların problemi ilə yaxından maraqlanır. Vətən müharibəsi dövründə Prezident İlham Əliyev  və birinci xanım  Mehriban Əliyeva xəstəxanada müalicə alan qazilərimizə baş çəkib, onlara həm də mənəvi dəstəklərini ifadə etmişdilər.

 

Şağan qəsəbəsində reabilitasiya mərkəzi əsaslı təmir olunub

 

Qazilərə tibbi yardım göstərilməsi məqsədilə əsaslı təmir işləri aparılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzinin şəraiti yaxşılaşdırılıb, müasir tibbi avadanlıqlarla təchiz olunub. Burada qazilərə yüksək səviyyədə müalicə təyin olunması, onların sağlamlıq ehtiyaclarına lazımi köməklik göstərilməsi üçün genişmiqyaslı hazırlıqlar aparılıb. Eyni zamanda, müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilib və bu da 300-dən çox qazimizin protezlərlə təmin edilməsinə imkan yaradır.

 

9200-ə yaxın şəhid ailəsi və müharibə əlilinə mənzil verilib

 

Dövlət başçımız bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirməkdə davam edir. Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib. Bu il isə 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulur. Beləliklə, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olmuş övladların ailələrinə Bakıda, Sumqayıtda, Abşeron rayonunda bu ilin sonuna qədər mənzillər veriləcək. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını təqdim olunub.

 

Haqq-ədalət savaşımızın qəhrəmanlarının həyat yolu örnəkdir

 

Haqq-ədalət savaşımızda bizə qələbə bəxş edən şəhidlərimiz, qazilərimiz, hərbçilərimizin qəhrəmanlığı, şücaəti gənc nəsil üçün əbədi miras qalan mənəvi dəyərimizdir. Məhz bu mirası gənc nəslə ləyaqətlə aşılayan, Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirən minlərlə hərbçimiz Prezident tərəfindən yüksək dövlət orden və medalları ilə təltif edilib.

 

Azərbaycan bu şərəfli tarixi dövrdə həm də beynəlxalq müstəvidə haqq döyüşünün mübariz xalqı kimi tanındı. Uğurlu idarəçilik, peşəkar ordu quruculuğu, xalqının Prezidentinə etimadı, qətiyyətli liderinin ətrafında dəmir yumruq kimi birləşməsi Ermənistanın işğalçı ordusu üzərində qələbənin əldə olunmasını daha da sürətləndirdi.  Beləcə, 30 illik tarixi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli dünyada işğalçılığa göz yuman, bu niyyəti dəstəkləyən  digər işğalçı qüvvələrə də mesaj oldu, həm də Azərbaycanın Müzəffər Ordusunun döyüş gücünü dünyaya, düşmənlərə göstərdi.

 

Ordu quruculuğu uğurla davam edir

 

Ordu quruculuğu, ordunun təkmilləşdirilməsi prosesləri uğurla davam edir. Bu istiqamətdə yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır. Beləliklə, Ermənistan hökuməti anladı ki, indiki rəqibi 30 il əvvəl, Birinci Qarabağ müharibəsində qarşılaşdığı hazırlıqsız, pərakəndə idarəçilik sistemi ilə idarə olunan dövlət deyil. Müasir Azərbaycan bütün sahələrdə, eləcə də hərbi sahədə də öz məsuliyyətini, beynəlxalq insan haqq və hüquqlarını dərk edir,  hüquqi normalara qarşı sayğısızlıq sərgiləmir. Azərbaycan ordusu erməni işğalçılarının əksinə, onları öz torpaqlarımızdan uzaqlaşdıraraq məhz öz sərhədlərinə qədər qovdu.

 

44 günlük Vətən müharibəsində Ermənistan tərəfi Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımıza raketlər atdı, arasında uşaqların da olduğu onlarla həmvətənimizi qətlə yetirdi. Sarsılmaz ordumuz bu itkilərin qisasını aldı və Ermənistanı böyük böhrana sürüklədi. Bu gün də qarşı tərəfin hakimiyyət dairələri arasında daxili çəkişmələr səngimir, idarəçi şəxslərin bir-birinə olan ittihamları, çaxnaşmaları getdikcə Ermənistanı tənəzzülə doğru aparır.

 

Azərbaycan isə qarşı tərəfin bu tənəzzülünün fonunda peşəkar dövlətçilik siyasəti yürüdərək, nəinki hərb, həm də təhsil, səhiyyə, digər sahələrdə müasir yanaşmalara əsaslanan layihələrlə güclü dayaqlar qurmaqdadır. Ölkənin inkişafını təmin edən bu məqsədyönlü layihələr həm də insan kapitalının gücləndirilməsini, rifahını sürətləndirir. Müstəqil Azərbaycan indi gücünə, qüdrətinə arxalanaraq əmin addımlarla irəliləyir.