Naxçıvan Dövlət Universitetinin beynəlxalq münasibətlər və hüquq fakültəsində Oxunması zəruri olan kitabların mobil tətbiqinin təqdimat mərasimi keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikada deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən müsbət qarşılanıb. Bildirilib ki, bu kitabların təbliği istiqamətində universitetdə kitab müzakirələri, dəyirmi masalar, həmin kitablarla bağlı intellektual yarışlar keçirilib.

 

Tələbələrin innovativ düşüncələrinin məhsulu olan layihəni yüksək qiymətləndirən rektor vurğulayıb ki, görülən bu işlər informasiya cəmiyyətinin inkişafına, gənclərin hərtərəfli bilik və dünyagörüşünə malik gənclər kimi yetişməsinə əhəmiyyətli təsir edəcək.

 

Hüquq fənləri kafedrasının müəllimi, Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov bildirib ki, gənclərin artıq elektron vəsaitlərdən istifadə etməsi bu cür proqramların yaranmasına gətirib çıxarıb.

 

Mobil tətbiqin istifadə qaydaları slayd vasitəsilə tələbələrin diqqətinə çatdırılıb. Proqrama 30 kitab və sonradan əlavə edilmiş 3 kitabla birlikdə 33 kitab əlavə olunub. Proqram Android əməliyyat sistemini dəstəkləyən smartfonlarda çalışır, gələcəkdə İOS əməliyyat sistemində işləməsi planlaşdırılır. Proqramın növbəti təkmilləşməsində kitabların audio variantlarının yerləşdirilməsi və kitablarda oxunulan maraqlı yerləri işarələmək funksiyalarının əlavə edilməsi də nəzərdə tutulur.