Ensiklopedik biliyə malik olan Nizami Gəncəvi əsərlərində bir çox bəşəri ideyaları təbliğ etmişdir. Şair öz yaradıcılığı ilə dünya ədəbiyyatında yeni dövr açmış, Şərq xalqlarının bədii, estetik, əxlaqi və fəlsəfi təfəkkür tərzini geniş işıqlandırmışdır. Bu bəşəri ideyalardan ədalət prinsipi və ədalətli hökmdar məsələsi Nizamini ömrü boyu düşündürmüş və şair, demək olar ki, beş poemanın hamısında bu məsələyə dönə-dönə qayıtmışdır.

 

Fikrimizi əsaslandırmaq üçün “Xəmsə”yə daxil olan poemalara ardıcıl şəkildə müraciət edək.

 

“Sirlər Xəzinəsi” poemasının “Ədalətli və insaflı” olmaq haqqında şaha nəsihət” hissəsində oxuyuruq:

 

Məsləhətə möhtacdır ədalət hər bir zaman,

Xalqa zülmün amansız cəzasından dad, aman.

 

Can yandırsan orduna, məmləkətə, yurduna,

Arxalana bilərsən öz xalqına, orduna.

 

Zülmkarlıq dağıdar, bərbad edər ölkəni,

Ədalət səadətlə abad edər ölkəni.

 

Göründüyü kimi, şair hökmdarları ədalətli olmaqdan ötrü ağıllı adamlarla məsləhətləşməyə, xalqdan və ordudan heç nəyi əsirgəməməyə çağırır. Əgər xalqa və orduya can yandırsan, onlar sənin yolunda ölümə gedərlər. Ölkəni yalnız ədalət abad edə bilər.

 

Nizami hökmdarları İsa kimi insaflı və mürvətli olmağa çağırır. Şairin fikrincə, dünyaya zülmlə yox, ədalətlə hökmdarlıq etmək və səadətə yetişmək olar.

 

Nizami başqalarının dili ilə hökmdarlara ibrət dərsi verir. “Nuşirəvanla vəziri  və bayquşların söhbəti” hekayəsində bayquşlardan biri o biri bayquşdan qızına neçə xaraba kənd cehiz verəcəyini soruşduqda ikinci bayquş belə cavab verir:

 

Elçi gələn quş deyir: “Şərikəm hər sözünə,

Şahın zülmkarlığı bəllidir yer üzünə.

 

Qanlar tökən görürəm şahı gündə yenə mən.

Yüz min belə xaraba kənd verərəm sənə mən”.

 

Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı,

Elə fəğan qopardı, göylərə qalxdı ahı.

 

Ağladı, ikiəlli qapaz saldı başına,

Nahaq qanlar zalımı qərq edər göz yaşına.

 

Şah bu sözlərdən sonra özündən əvvəlki şahların dünyadan əliboş gətirdiklərini xatırlayaraq şivən qoparır və ədalətsizliyin daşını ataraq adil Nuşirəvan kimi yadlarda qalır.

 

“Dünyanın keşməkeşi və bəşərin iztirabları” hekayəsində Nizami Süleymanın bu dünyadan əliboş getməsini xatırladaraq yazır:

 

Süleymanın mülkünü sorma hər an hardadır?

Mülkü öz yerindədir, de, Süleyman hardadır?

 

Nizamiyə görə, bu gün səhrə ayaqaltda olan toz-torpaq ki, var, ondan  kərpic kəsirlər, kirəmit bişirirlər, qab-qacaq düzəldirlər bir zamanlar hökmdarların bədəni olub, torpağa dönüb.

 

Ədalətdən danışarkən Nizaminin “Qarı və Sultan Səncər” mənzum hekayəsini xatırlamamaq insafsızlıq olardı.

 

Bu hekayədə zalım darğadan şikayət edən qarı görün ədalətin ölkə və insanlar üçün nə qədər zəruri olduğunu Sultan Səncərə necə bildirir.

 

Qarının fikrincə, ölkədə vətəndaşın haqqının tapdalanması hökmdarın ədalətinin tapdalanması ilə eyni şeydir.

 

Əyyaşlıqla soyurlar el varını darğalar.

Divana da çəkirlər bir qarını darğalar.

 

Bu zülmə, haqsızlığa dözmək çətindir, çətin,

Mənim abrım tapdanır, səninsə ədalətin.

 

Bu yaralı sinəmdə əzilməmiş yer hanı?

Ruhum uçub bədəndən, tapşırıram bu canı.

 

Sən dadıma çatmasan, şah demərəm adına,

Qiyamətin günündə çatmasınlar dadına.

 

Hər elin hökmdarı el dərdinə qalandı,

Zülmün hara çatıb ki, var-yoxumuz talandı...

 

Şah elin hər işini nizama salsın gərək,

Həmişə öz xalqının qeydinə qalsın gərək.

 

Nizami özünün ikinci poeması “Xosrov və Şirin”də ədalətli hökmdar məsələsini Hürmüzün və Şirinin simasında daha qabarıq vermişdir. Şair poemanın əvvəlində Hürmüzü xalqın qeydinə qalan, insanlara zülm edənləri, hətta doğma oğlu olsa belə, cəzalandıran bir şah kimi təqdim edir:

 

Zaval gələn zaman Kəsra bəxtinə,

Hürmüz sahib oldu şahlıq təxtinə.

 

O, tez məşhur oldu ədalətiylə,

Dolaşırdı adı hey dildən-dilə...

 

Dedi: “Carçı, çağır! Eşitsin aləm,

Hər kim zülm eləsə, görəcək sitəm”.

 

Nizami poemanın başqa bir yerində kəndlinin sahəsini xaraba qoyan oğlu Xosrovu cəzalandıran Hürmüz haqda belə yazır:

 

Doğma bir övlada əvvəl nə sayaq

ədalətlə cəza verilirdi, bax!

 

Hanı o ədalət, o insaf hanı?!

Verə öz oğluna belə cəzanı.

 

İndi yüz yoxsulun tökülsə qanı,

Nahaq qan tökənə bir cəza hanı?

 

Nizaminin Məhinbanunun yerinə taxta çıxan Şirini bir hökmdar kimi təqdimatı çox maraqlıdır. Şirin taxta çıxan kimi haqq və ədalət yerini tapır, insanlar zülm və özbaşınalıqdan qurtulur, yoxsullar vergidən azad edilir.

 

Şirinin əlinə çatanda şahlıq

Ölkədən hər yana yayıldı işıq.

 

Ədalətlə etdi rəiyyəti şad,

Məhbuslar olundu həbsdən azad.

 

Şəhər qapısından bir bac almadı,

Heç bir əkinçidən xərac almadı.

 

Zülmdən qurtardı bütün məzlumlar,

Dünyada zülmdən qalmadı asar.

 

Nizami “Leyli və Məcnun” poemasında haqsız olaraq heç bir günahı olmayan gənci itlərə atdıran şahın ədalətsizliyini elə həmin gəncin dili ilə açır:

 

“Sən məni itlərə atdınsa əgər,

Yaxşı ki, dost yeyən deyilmiş itlər.

 

Dostluğu səndə yox, itdə gördüm mən,

İt bilən hörməti ayaqladın sən...

 

İt sənə dost olar, bir sümük atsan,

Namərd qədir bilməz, olsan da qurban”.

 

“Yeddi gözəl” poemasında da Nizami yenə ədalət məsələsinə toxunmuşdur. Heç bir günahı olmayan Simnarın həyatına qəsd edən Neman şah buna sübutdur. Yenə həmin poemada Nizami Bəhram şahın ədalətli olmasını və xalqa zülm edənləri cəzaladırdığını belə təsvir edir:

 

İnsafı gətirdi o bizim yerə,

Qalxdı ədalətin başı göylərə.

 

Dəydi insaflıya köməyi hər an,

Zülmkar olana verməzdi aman.

 

Poemanın başqa yerində quraqlıq illərində Bəhram şahın xəzinəni və anbarları açaraq xalqın ərzaq sarıdan korluq çəkməsinə imkan verməməsini belə təsvir edir:

 

Dünya bu qıtlıqdan bezikdi gərçək,

Gövhər qiymətinə satıldı çörək...

 

Dənin qiymətindən olunca agah,

Anbarı açmağa fərman verdi şah.

 

Yaradıcılığının yekunu kimi Nizami “İskəndərnamə” poemasında bir sıra bəşəri ideyalarla yanaşı, ədalət haqqında fikirlərini də ümumiləşdirmişdir.

 

Elşad NƏSİROV,

Masallı rayonu, Qüdrət Babayev adına Mahmudavar kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi