Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) bacarıq yarışlarının təşkili üçün milli potensialın inkişaf etdirilməsi sahəsində Koreyanın Biliklərin Transferi üzrə Qlobal İnstitutu ilə anlaşma memorandumu imzalayıb.

 

Memorandum çərçivəsində bacarıq yarışlarının keçirilməsi üçün mütəxəssis potensialının inkişaf etdirilməsi, ölkə səviyyəsində yarışların keçirilməsi, eləcə də Azərbaycandan olan mütəxəssis və müsabiqəçi heyətinin Koreya milli yarışlarında iştirakı və təcrübə mübadiləsi aparması nəzərdə tutulur. Bununla yanaşı, koreyalı mütəxəssislər azərbaycanlı gənc müsabiqəçilərin "WorldSkills International" təşkilatı tərəfindən təşkil olunan “Shanghai2022” bacarıq olimpiadasına hazırlıq prosesinə də dəstək verəcəklər. 

 

Tədbirdə çıxış edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov anlaşma memorandumunun əhəmiyyətini qeyd edib və bacarıq yarışlarının dolayı yolla Azərbaycanda əmək bazarının tələblərinə uyğun kadrlar yetişməsinə töhfə verəcəyini vurğulayıb. Qeyd edilib ki, imzalanan əməkdaşlıq sənədi Azərbaycanda bacarıq yarışlarının keçirilməsi, "WorldSkills" standartlarının təhsildə tətbiqi və beynəlxalq bacarıq yarışlarına hazırlıq istiqamətində həyata keçirilən işlərə dəstək olacaq. 

 

Tədbir zamanı həmçinin, Azərbaycan və Koreya hökumətlərinin birgə icra etdiyi Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tikintisi layihəsi üzrə uğurlu əməkdaşlıq geniş müzakirə edilib. Bu əməkdaşlıq çərçivəsində icra edilən işlər üzrə əldə edilən nəticələr müvafiq təşkilatların məsul şəxsləri tərəfindən tədbir iştirakçılarına təqdim edilib.