Naxçıvan Dövlət Universitetinin (NDU) Konservatoriyasında ilk dəfə “Muğam axşamı” keçirilib. Konsertdə universitetin incəsənət fakültəsinin müəllim və tələbələri Azərbaycan xalq musiqisinin incisi olan muğamlar, təsniflər, xalq və bəstəkar mahnılarını ifa ediblər.

 

Muğam konsertini tarda Musiqi təlimi kafedrasının baş müəllimi Azərbaycanın Əməkdar artisti Zeynalabdin Babayev, kamançada Xalq çalğı alətləri kafedrasının baş müəllimi, Naxçıvanın Əməkdar artisti Aqib Seyidov, Xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbələri-  Zəkiyyə Abbasova qanunda, Əfsun Məmmədov udda, həmin ixtisas üzrə II kurs tələbəsi Munis Əlisoy isə nağarada müşayiət ediblər. Konsertdə ritmik muğam “Heyratı”,  Segah təsnifi “Könül açdım”, xalq mahnılarından  “Gəl-gəl, ay aman”, “Aman təklik əlindən”, “İsmi pünhan”, “Çoban qızı” və klassik bəstəkarlardan Səid Rüstəmovun “A ceyran sevgilim”,  Əlibaba Məmmədovun isə “Vətən yaxşıdır” musiqiləri ifa edilib.

 

Tamaşaçılara xoş ovqat bəxş edən sənət sahibləri sonra Şəfiqə Axundovanın bəstəkarı olduğu “Mehriban olaq” mahnısını birgə səsləndiriblər.

 

Sonda ali təhsil ocağında ilk dəfədir təşkil edilən konserti yüksək qiymətləndirən universitetin rektoru Elbrus İsayev istedad sahibi olan hər kəsi təbrik edib. Bildirib ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi isə bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.