Mingəçevir Dövlət Universitetində (MDU) Avropa İttifaqının maliyyələşdirdiyi Erasmus+ proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universitetinə tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi ilə bağlı infosessiya təşkil olunub.

 

İnfosessiyada MDU-nun tələbə və magistrantları iştirak edib. Universitetin Beynəlxalq əməkdaşlıq ofisinin mütəxəssisləri- Samirə Əhmədova və Sənan Mehdi Erasmus+ mübadilə proqramının təqdim etdiyi imkanlar, motivasiya və tövsiyə məktubunun düzgün hazırlanma qaydaları, təhsil müddətində yaşayış xərcləri, fənlərin seçilməsində diqqət edilməsi vacib olan nüanslar, sənədləşmə və digər məsələlər haqqında ətraflı məlumat veriblər.

 

Sonra  2019/2020-ci tədris ilində İspaniyada təhsil almış MDU-nun məzunu Rasta Paşayeva sözügedən ölkənin təhsil və yaşayış standartları ilə bağlı təəssüratlarını infosessiya iştirakçıları ilə bölüşüb.