“Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke və Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev arasında görüş keçirilib.

 

Görüşdə ölkədə yerli kadrların yetişdirilməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məsələləri müzakirə olunub,  “Nar”-la AzTU-nun  əməkdaşlığının yeni istiqamətləri müəyyənləşdirilib. 

 

Rektor AzTU-nun iqtisadiyyat və sənaye sahələri üzrə kadrlar hazırlamaq imkanı olduğunu bildirib: “Məqsədimiz biznesdən gələn tələblər və tələbələrin biznesin təcrübi problemləri ilə tanışlığı əsasında rabitə bazarının ehtiyaclarına uyğun peşəkarlar hazırlamaqdır. Bu, həm də peşəkar ehtiyacın yerli kadrlarla ödənməsi baxımından yerli biznesin marağındadır.”

 

“Azerfon” MMC-nin baş icraçı direktoru Q.Panke isə universitetlə genişmiqyaslı layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib: “İnanıram ki, əməkdaşlığımız texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırır. Əməkdaşlığımızın əsas məqsədi Azərbaycanda rabitə sahəsində peşəkar kadrların hazırlanmasına və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasına dəstək olmaqdır”.

 

Məlumat üçün bildirək ki, “Nar” 2015-ci ildə AzTU ilə imzalanmış Anlaşma Memorandumu əsasında bir sıra layihələr həyata keçirib. “Nar” GSM laboratoriyası, tələbələr üçün nəzəri və təcrübi təlimlər, əlaçıların mükafatlandırılması bu əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

Qeyd edək ki, “Azerfon” şirkəti 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.