Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci  ildönümünə həsr edilən tədbir keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ümummilli lider üçün ən ümdə məsələlərdən biri əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi idi və bu missiya Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildi, 44 günlük müharibədə Azərbaycan Ordusu düşmən üzərində zəfər çaldı. 

 

Millət vəkili Arzu Nağıyev bugünkü Azərbaycanın inkişafının təməl prinsiplərinin Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib:”İstər müstəqillik dövründə, istərsə də Sovet hakimiyyəti illərində Ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf etmiş, təhlükəsiz və abad dövlət kimi tanınır, dəstəklənir”.

 

Millət vəkili bütün sahələrdə, o cümlədən hərbi sahədə ixtisaslı kadrların da kifayət qədər olmasını məhz Ulu öndərin kadr siyasətinin nəticəsi kimi  qeyd edib. A.Nağıyev Xalq-Ordu-Ali Baş Komandan birliyinin və ordumuzun tarixi qələbəsinin ölkəmizi bir daha dünyaya tanıtdığını bildirib.

 

ADNSU-nun İctimai fənlər kafedrasının müdiri, professor Camal Mustafayev tarixi faktlara istinad edərək, Ulu öndər Heydər Əliyevin xidmətlərindən söz açıb. Bildirib ki, milli adət-ənənələrimizin, dövlətçiliyimizin, həmçinin tariximizin qorunmasında və bügünkü müasir Azərbaycan nəslinə  çatdırılmasında Ümummilli liderin xidmətləri əvəzsizdir:”Ona görə də nə qədər ki Azərbaycan xalqı var, yaşayır, Ulu öndərin ruhu da qəlblərdə hər zaman yaşayacaq, adı hörmətlə yad olunacaq”.