Azərbaycan Texnologiya Universitetində (UTECA) Xocalı faciəsinin 26 illiyinə həsr olunmuş “Xocalım gözləyir bizi” adlı soyqırımı qurbanlarını anım mərasimi  keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə universitetin həyətindəki Şəhidlər abidəsini ziyarət ediblər. Akt zalında təşkil olunan anım mərasimi də Xocalı soyqırımı zamanı qətlə yetirilmiş soydaşlarımızın xatirəsinin yad edilməsilə başlayıb.

Mərasimi açan rektor, professor Akif Süleymanov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndində yerləşən 366-cı alayın köməyi ilə törətdiyi Xocalı soyqırımı və ermənilərin digər qanlı cinayətləri yaddaşlarımızdan heç vaxt silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Xocalıda bircə gecədə öldürülmüş 613 nəfər arasında 106 qadın, 63 uşaq, 70 ahılın olması bunun sübutudur. Rektor qeyd edib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra məqsədyönlü işlər görülməyə başlanıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması tədbirlərinə başlanıb.

Sonra Xocalı faciəsinin dəhşətlərini şahid ifadələri ilə təqdim edən qısa sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edənlər də Xocalı faciəsinin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən söz açıblar. Qeyd olunub ki, təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməli, beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməlidirlər. 

Şəmkir hərbi birləşməsinin zabiti çıxışında bildirib ki, ordumuz xalqımızın başına gətirilən bütün müsibətlərə layiqli cavab verməyə hər an hazırdır və bunu aprel döyüşlərində sübut edib.

Sonda tələbələrin ifasında Xocalı faciəsinin dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya və səhnəcik nümayiş etdirilib.