Mənim üçün Vətən anlayışı doğulduğum Laçın şəhərindən başlayır. Şəhəri 6 yaşımda tərk etməyimə baxmayaraq,  həyətimizdəki kölgəsinə onlarla insanı sığdıra biləcək böyük tut ağacımızı, yamyaşıl baxçamızı və hər divarında atamın əlinin zəhməti olan gözəl evimizi xatırlayıram.  

 

İllər boyu həsrətli idik.  Hər 18 mayda başqa bir  kədər çökürdü həyatımıza: acılarımızı xatırladır, itirilmiş  torpaqlarımızın qəlbimizdəki  heç vaxt qaysaq bağlamayan yaralarını göynədirdi həmin tarix!  Həyatımızın ən xoş anlarında belə, içimizə yarımçıq bir xoşbəxtlik hakim olurdu. Çünki ürəyimizdə həsrət, acı xatirələr var idi.

 

18 may günü  təkcə evimizdən, qohum-əqrəbadan, həyatımızın ən qayğısız günlərini paylaşdığımız qonşu uşaqlarından deyil, öz uşaqlığımızdan, gəncliyimizdən uzaq düşdük. Şəxsən mənim üçün uşaqlıq, qayğısız günlər, ermənilərin həyətimizə atdıqları qrad mərmisinin əzəmətli tut ağacımızı tikələrə ayırdığı, qızılı zəncir asılqanlı gözəl yelləncəyimin o qalıqlar arasında itib-batdığı günə qədər idi. Erməni xainliyi, erməni vəhşiliyi məni və mənim kimi yüzlərlə uşağı bircə gündə böyütdü! Min bir nemət içərisində ömür sürən insanları, 90-cı illərin əvvəllərində hansısa xarici təşkilatın göndərdiyi “yardım qutusu”na möhtac qoydu düşmən! Təbii ki, zamanla dövlətimiz  məcburi köçkünlər üçün hər şey etdi, bütün ehtiyaclarımız ödənildi və deyərdim ki, dünyanın heç bir yerində ölkəmizdə olduğu qədər məcburi köçkünlərə diqqət ayrılmır. Bu günə qədər minlərlə məcburi köçkün gənc dövlət hesabına ali təhsil alıb ki, bunlardan biri də mənəm. Amma qızıl qəfəsdə olsa da, uçmaq istəyən bülbül kimi, biz də öz yurd-yuvamıza qayıtmaq, öz doğma torpaqlarımızda yaşamaq, orada torpağa tapşırılmaq üçün hər zaman dua etdik!

 

Bu gün 18 may artıq işğal tarixi kimi qeyd edilmir. Bu gün qətiyyətli Ali Baş Komandanın, Müzəffər Azərbaycan ordusunun, Vətən üçün canından keçən igid oğulların, sağlamlığını Vətənə qurban verən qazilərin sayəsində Vətən azaddır!Bu gün Vətənin əsl sahibləri geri qayıdıb. Tariximizin ən şərəfli günlərini yaşayırıq!

 

Biz “müharibə uşaqları” olduğumuz üçün ölümdən heç vaxt qorxmadıq, amma bir gün o yerləri görmədən, torpağımızı qoxlamadan ölməkdən və böyüklərimizi o günü görmədən itirməkdən hər zaman qorxduq!..

 

Deyirlər ki, ədalətli cəmiyyətin təməli məktəbdə qoyulur. Bu, həqiqətən də belədir. Vətənpərvər ruhda böyüyən Azərbaycan gəncliyi üçün, Qarabağda doğulmasa da, qarabağlı olmasa da, Qarabağ üçün düşünmədən canını verən Azərbaycan oğullarının sağlam əqidəsinə görə təşəkkür həm də Azərbaycan müəlliminə düşür... 

 

...Əziz Laçın, sən azadsan! Artıq sənin işğal günün tarixin qara səhifəsinə gömüldü, indi qırmızı xətlə yazılan azadlıq tarixin var! Artıq Qarabağ günəşi daha parlaq doğacaq; Artıq bulaqlar belə daha qürurla axacaq; Laçın dağlarındakı məşhur qartallar daha da vüqarla qanad çalacaq; Həkəri çayı daha bol sulu olacaq; Meşələrin, yamyaşıl çəmənlərin, bir sözlə bütün təbiətin canlanacaq; Dağıdılmış  tarixi abidələrin bərpa olunacaq. Biz səni yenidən quracağıq!

 

Şəbnəm Uğurlu,

Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbinin direktoru