Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması biz müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Bizim məqsədimiz uşaqlara təhsil, elm verməklə yanaşı, həm də onları yetkin bir vətəndaş kimi yetişdirmək, onlarda vətənə, torpağa sədaqət, lazım gələrsə, Vətən yolunda şəhidliyə hazır olmaq ruhunu aşılamaqdır.
Cənab Prezident İlham Əliyev öz çıxışlarında uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin vacibliyini dönə-dönə vurğulamış, bu işin dövlətin təhsil, gənclər siyasətinin prioritet məsələlərindən biri olduğunu diqqətə çatdıraraq demişdir: “Biz böyüməkdə olan nəslin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə edilməsinə çox böyük əhəmiyyət veririk. Bu bizim inkişafımızın əsası, hər bir xalqın inkişafının əsasıdır”.
Mən sinif müəllimi kimi gələcəyimiz olan balalarımıza vətənimizi, dilimizi sevmək, torpaqlarımızı qorumaq, keçmişimizi, tariximizi öyrənmək, milli-mənəvi dəyərlərimizə sahib çıxmaq kimi ali hissləri aşılayıram. Məktəbimizdə il boyu təşkil etdiyimiz vətənpərvərlik ruhlu tədbirlərlə belə hissləri onların qanlarına, canlarına hopdurmağa çalışırıq. Bu il ibtidai siniflər arasında keçirilən, sinif müəllimi olduğum III b sinfinin təşkil etdiyi “Xocalı, sağalmaz yaram mənim” ədəbi-bədii kompozisiya belə tədbirlərdən biridir. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Eldar Rüstəmov, valideynlər, qonaqlar da iştirak edirdilər. Tədbir Azərbaycanın Dövlət himni ilə başladı, Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Şagirdlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiləri tərəfindən xalqımızın başına gətirilən dəhşətlərdən söhbət açıb, həmin faciədən 25 il ötməsinə baxmayaraq Xocalı yarasının sağalmadığını, Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin bu faciəni kamerasının yaddaşına köçürərək bütün dünyaya yaydığını qeyd etdilər. Şagirdlərdən Günay Rüstəmli, Elvin Əliyev, Qönçə Qədirli, Sahib Şəmizadə, Zeynəb Ağayeva, Cavid Axundov və başqalarının təqdim etdikləri səhnəciklər, şeir və vətənpərvər ruhda ifa etdikləri mahnılarla o ağrı-acıları, kövrək qəlblərindən süzülən hissləri hər kəsə yaşatdılar. Hazırladıqları ədəbi-bədii kompozisiya ilə sanki Xocalı harayına səs verirdilər. Qanlı faciəni törədən erməni vəhşilərini hər zaman nifrətlə xatırlayacaqlarına, torpaqlarımızı göz bəbəyi kimi qoruyacaqlarına and içdilər. Tezliklə qələbə çalacağımıza inamlarını bildirdilər.
Qeyd olundu ki, Xocalı faciəsi ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir, o faciədən bizi 25 il ayırsa da, xalqımız faciənin ağrı-acısını hələ də yaşayır, ancaq cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində torpaqlarımız düşmən tapdağından tezliklə azad olunacaq. Belə tədbirlərin keçirilməsinin şagirdlərin vətənpərvər ruhda tərbiyə olunmalarında mühüm rol oynadığı qeyd edilib.
Məktəbin direktoru Xəyalə Əhmədzadə Xocalı faciəsindən söhbət açaraq bu faciəyə ilk dəfə ulu öndərimiz Heydər Əliyev tərəfindən 1997-ci ildə siyasi qiymət verildiyini, faciənin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın böyük xidmətləri olduğunu söylədi. O, şagirdlərin çıxışlarından razı qaldığını, ermənilər tərəfindən xalqımızın başına gətirilən belə qanlı faciələri unutmamağın vacibliyini qeyd etdi. Tezliklə üçrəngli bayrağımızın Şuşada dalğalanması arzusunu səsləndirdi.
Bir müəllim kimi vətənpərvərlik ruhunda gördüyüm işlər təkcə məktəbdə təşkil etdiyim tədbirlərlə, keçdiyim dərslərlə məhdudlaşmır. ABŞ-ın Qarabağ Fondunun icraçı direktoru Diana Kohen Altman və Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin təşkil edib keçirdikləri “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının metodoloji əsasları” mövzusundakı beynəlxalq elmi konfransda Xocalı faciəsi ilə bağlı etdiyim məruzə maraqla qarşılandı.
Məktəbimizdə vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində görülən işlər bundan sonra da davam etdiriləcək, Azərbaycanın işıqlı gələcəyi naminə şagirdlərin layiqli vətəndaş kimi tərbiyə olunmaları, vətənpərvərlik ruhunda böyümələri üçün əlimdən gələni edəcəyəm. Bu mənim ən mühüm vəzifəm, müqəddəs borcumdur.
 

İradə MƏLİKOVA,
Bakı şəhəri S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Tərəqqi” medallı