Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə


Məlumdur ki, mədəniyyətin səviyyəsi ilə millətin mənəvi ruhunu, onun hazırkı durumunu və gələcək perspektivini təyin etmək mümkündür. Buna görə də zamanın hökmü ilə mənəviyyatın prioritetini dirçəldilməsi geniş, irimiqyaslı mədəni-maarifçilik işi vasitəsilə belə qabarıq və dinamik şəkildə fəallaşmışdır.    Mənəvi gözəllik ən ali dəyər və sonsuz qüvvə olaraq, yüksək incəsənətin səsdə, sözdə, rəngdə, mərmərdə... təcəssüm olunmuş bədii obrazları vasitəsilə insanları, cəmiyyəti dəyişmək, yeniləmək qüdrətinə malik olduğunu dəfələrlə təsdiqləmişdir. 

 

Şübhəsiz, maarifçiliyin ən təsirli vasitəsi KİV-lərdir, lakin istərdik ki, kütləvi informasiya vasitələrində musiqi jurnalistikası daha da inkişaf etsin, incəsənətin ən demoktatik janrı olan musiqinin carçılarının  sayı çox olsun. Əlbəttə ki, bizi belə bir sual düşündürür: “Ali musiqi təhsili iyerarxiyasında musiqiçilərin həm akademik, həm də pedaqoji tətbiqi yönümlü  peşəkar fəaliyyətində maarifçilik təbliği, mədəni-tərbiyəvi, öyrədici - “reklam” istiqamətlərində hansı yeri tutur?”. 

 

Bu baxımdan yanaşsaq, qeyd etməliyik ki, musiqi ixtisası üzrə ali məktəblərin məzunları məlumat-maarifçilik, mühazirəçi-natiqlik vərdişlərinə, auditoriyaya fəal təsir metodlarına daha artıq yiyələnməlidirlər, çünki bir ixtisas kimi “musiqi jurnalistliyi” və ya deyək ki, “tətbiqi musiqişünaslıq” sahəsinin  Azərbaycanın standart ali musiqi məktəblərində genişləndirilməsinə ehtiyac duyulur və göründüyü kimi, bu istiqamətdə işlər aparılır.

 

Bu gün KİV-də elektron məlumat daşıyıcıları ilə çalışan musiqi jurnalistlərinə tələbat çox yüksəkdir. Onların peşəkarlığı “istehlak bazarına”, cəmiyyətin intellektual ehtiyatlarına cavab verməlidir. Başqa sözlə desək, mütəxəssislər ART-menecer biliklərinə, redaktorluq təcrübəsinə, ssenariçi vərdişlərinə, rejissor və operator işinə, səs və videomontaj təcrübəsinə yiyələnməlidirlər. Bütün bu vərdişlər bədii müəllif ideyalarının müstəqil şəkildə həyata keçirilməsi üçün lazımdır. Real gündəlik təcrübə göstərir ki, KİV-də musiqi incəsənəti sahəsində məlumat-maarifləndirici işini adətən akademik musiqişünas yerinə yetirir. Lakin o, özündə həmçinin, jurnalistlik biliklərini və üsullarını, onun texnikasını və materialı canlı şəkildə işıqlandırmaq qabiliyyətini cəmləşdirməlidir. Eyni zamanda, bu işlə məşğul olan jurnalistlər də musiqi və səs yaradıcılığının xüsusiyyətləri, incəsənətin əlaqəli növləri haqqında məlumatlı olmalıdır.

 

Burada özfəaliyyət pafosu, bacarıqsızlıq tamamilə yolverilməzdir və ümumbəşəri idealın - musiqi dünyasının gözəlliyinin dərk olunmasına yönəldilmiş maarifçilik dəyərləndirmə fəaliyyəti kimi xeyirxah bir işə müəyyən ziyan vurur.

 

Bu gün Azərbaycanın akademik musiqisinin xüsusilə peşəkar məlumatlandırıcı-maarifçilik sözünün dəstəyinə ehtiyacı var, belə ki, dinləyici kütləsi və bəzi musiqiçilər arasında çox təhlükəli bölünmə əmələ gəlmişdir. Onların arasında ictimai balansı bərpa etmək KİV-in “əlaqə kanallarının” fəallığının yüksəldilməsi, musiqi-tənqidi jurnalistikanın dirçəldilməsi vasitəsilə mümkündür ki, bunlar Azərbaycanın musiqi incəsənətinin görkəmli xadimləri, musiqi quruculuğunun memarları, dövrün müasir milli musiqi-intonasiya dilinin yaradıcıları - Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev, Əfrasiyab Bədəlbəyli və başqaları tərəfindən məhsuldar şəkildə istifadə olunmuşdur.  

 

Onların “canlı səsləri”, məzmunlu fikirləri, tövsiyələri, vətənpərvər inamları emosional dinamik boyalarla rənglənərək, “Azərbaycanın canlı səsləri” saytının səhifələrindən təsirli səslənir (http://voices.musigi-dunya.az/).

 

Musiqişünasın müasir maarifçilik “sözü” sonsuz imkanlara malikdir. O, həm verbal, həm də audioqrafik çərçivədə tərtib olunaraq teatr, kino, təsviri sənətin təcəssümü ilə bağlı geniş ifadə arsenalını ehtiva edir. Bu səciyyəvi ifadə vasitələri, məsələn, musiqi əsərlərinin fraqmentlərinin səslənməsini əks etdirməklə, eyni zamanda, bunu bədii incəsənətin paralel dünyasından multimediya təbəqələnməsi ilə müşayiət olunur. Axtarışların bu cür rəngarəngliyi insan əllərinin bədii yaradıcılığını sintez edir, orijinal qarşılıqlı əlaqələrin estetik təfsirləri dinləyici-tamaşaçıya musiqişünas sözü vasitəsilə bədii yaradıcılığın hüdudsuz ideyalar aləminə nüfuz etməyə kömək edir.   

 

Lakin musiqi tənqidi və musiqi jurnalistikasını fərqləndirmək lazımdır. Musiqi tənqidi - bu, hər şeydən əvvəl, musiqi incəsənəti sahəsində hadisələrin qiymətləndirilməsi ilə bağlı mühakimələrlə əlaqədardır. Musiqi jurnalistikası - daha geniş anlayışdır, özündə həm bilavasitə musiqi tənqidini, həm də musiqi haqqında maarifçilik, təbliğat, məlumat xarakterli müxtəlif yönümlü, müxtəlif formatlı mətnlərin yazılmasını əhatə edir. Onlar qəzet və jurnal səhifələrində çap olunmuş  ənənəvi mülahizələrin səviyyəsinə görə fərqlənir. TV və radionun rolunun fəallaşması ilə musiqi jurnalistikasına radio və televerilişlərin ssenariləri, reklam çarxları, kliplər, həmçinin bizim günlərdə məşhurlaşan internet-nəşrlər və s. daxil olunmuşdur. 

 

Cəmiyyət üçün musiqi-maarifçiliyi işinin zəruriliyini dərk edərək, Ü.Hacıbəyli adına BMA-nın professor-müəllim heyəti artıq iki ildir ki, tədris prosesinə maarifçilik, musiqi-kulturologiyası, tədris-təlim istiqamətlərində mühazirələrin (həm əyani, həm də distant) daxil edilməsi uğrunda fəal iş aparır. Akademik musiqi kafedralarının (Tarix, Nəzəriyyə, Etnomusiqişünaslıq) təcrübəsi İKT texnologiyalarının tətbiqi ilə bərabər, tədrisin əməli formalarını təkmilləşdirməyə imkan verməklə, həmçinin, tələbələrə musiqi fənlərinin akademik blokunun aşıladığı “sözün” incəliklərinə və musiqinin sirlərinə yiyələnməyə yönəldilir. Eyni zamanda, Azərbaycanda ilk musiqişünaslıq jurnalı olan, Bakı Musiqi Akademiyası və Azərbaycan Bəstəkarlar İttifaqının təsisçiliyi ilə nəşr olunan “Musiqi dünyası” (http://www.musigi-dunya.az/) jurnalının səhifələri vasitəsilə jurnalist redaktorluq fəaliyyətinin vərdişlərini mənimsəməyə şərait yaradır.  

 

Müasir informasiya-mühazirə sisteminin ən yeni nailiyyətləri, son onilliklərdə rabitə sistemində baş vermiş inqilabi dəyişikliklər multimedianın bir janr kimi əhəmiyyətini göstərir. Kompüter bazasında elektron texnologiyaları musiqi təhsilinə də  tətbiq olunmuş, internet-jurnalistikanın tətbiqi musiqişünaslığın imkanlarını genişləndirmişdir. Bu baxımdan BMA-nın müəllimləri mütərəqqi mediatexnologiyaları, rabitə informasiya vasitələrinin kompleks metodunu  mənimsəyərək və öz maraq dairəsinə daxil edərək, maarifçiliyin metodologiyasını təkmilləşdirirlər.

 

Belə ki, ilk dəfə olaraq, BMA-nın saytının səhifələrində  (http://musicacademy.edu.az) “Mediateka” bölməsində (www.musicacademy.edu.az/index.php/struktur/mediateka) ayrıca yaradılmış elektron sənədlər bloku - “Musiqi lektoriyası” təqdim olunur ki, burada BMA-nın müəllimlərinin multimedia formatında mühazirələri yer alır. Mühazirələr həm xarici musiqi mədəniyyətinə - mühazirəçi, professor Ü.İmanova (“Bethoven”, “Musiqi romantizmi”, “Vyana klassisizmi” və s.), həm Azərbaycanın şifahi ənənəli professional musiqisi muğam dəstgahlarına - professor R.Zöhrabov (“Rast”, “Şur”, “Segah”, “Çahargah” və s.), həm də musiqi klassikasına: “Üzeyir qiraətləri” (http://lecture.musigi-dunya.az/auditorium.html) - professor Ü.İmanova, Ü.Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” - dosent D.Məmmədova və s. həsr olunmuşdur.  

 

Bununla yanaşı, qeyd etmək lazımdır ki, BMA-nın müəllimləri mühazirə ustalığının multimedia vasitələrini təkcə yuxarıda göstərildiyi kimi ayrı-ayrı mövzu istiqamətlərində tətbiq etmirlər. Həmçinin, tez-tez səs formatında mühazirə materialı didaktik dərs vəsaiti kimi istifadə olunur. Məsələn, professorlar C.Həsənovanın (“Leyli və Məcnun”, “Qarabağ muğam məktəbi”), F.Əliyevanın (“Arşın mal alan”), Z.Dadaşzadənin (“Q.Qarayev”), Ş.Mahmudovanın (“Əfrasiyab Bədəlbəyli”) və b. mühazirələri böyük maraqla qarşılanır - bununla Ü.Hacıbəyli portalının (http://uzeyir.musigi-dunya.az/az/fonoteka.html) səhifələrində daha yaxından tanış olmaq mümkündür.    

 

Qeyd edək ki, bu səviyyədə mühazirələr internet məkanında həm Azərbaycan dilində, həm də rus dilində aparılır ki, bu da onların idrak-maarifçilik səviyyəsini yüksəldərək, internet istifadəçilərin auditoriyasını genişləndirir. 

 

BMA-nın müəllimlərinin musiqişünaslıq fəaliyyətinin universallığı daxili vəhdətə əsaslanır və hər bir istiqamət (elmi, maarifçilik, pedaqoji) müəyyən əlaqə funksiyasını yerinə yetirərək, elmi musiqişünaslığın idrak qnoseoloji təcrübəsini, pedaqogikanın didaktik metodlarını, musiqi tənqidinin aksioloji tələblərini və bədii publisistikanın ritorik üsullarını  əks etdirir. Yaradıcılığın bütün növləri o qədər əlaqəlidir ki, bəzən elə gəlir ki, onların sərhədləri şərtidir. Məsələn, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən BMA-nın müəllimlərinin müəllif kimi iştirakı ilə hazırlanmış Azərbaycan bəstəkarları və musiqişünasları haqqında elmi-publisistik kitabçalar seriyasını (http://abm.musigi-dunya.az/) musiqişünaslığın hansı istiqamətinə aid etmək olar.

 

Bunlarda təqdim olunmuş elmi və maarifçilik musiqişünaslıq fəaliyyətinin metodları, formaları və janrları eyni dərəcədə əhəmiyyətlidir və təbii ki, bir-birini tamamlayır. Aydın görünür ki, musiqişünaslıq yaradıcılığının bütün növləri musiqi maarifçiliyi istiqamətində nəinki musiqinin estetik mənalandırılması baxımından vahid məqsədlə, həmçinin, musiqili-bədii məlumatın ötürülməsində vahid ictimai-təcrübi tələbatla, cəmiyyətin mənəvi kamilləşməsində bədii maarifçilik yaradıcılığının mənimsənilməsi ilə birləşdirilir.

 

Tariyel MƏMMƏDOV,

Sənətşünaslıq doktoru, professor, Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri