Naxçıvan Müəllimlər İnstitutunda “Nizami Gəncəvi ili” çərçivəsində İncəsənət kafedrasının təşkilatçılığı ilə Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin “Nizami Gəncəvi obrazı və yaradıcılığı rənglərin işığında” adlı rəsm sərgisi keçirilib.

 

İnstitutun rektoru Azad Novruzov Azərbaycan və dünya ədəbi mühitində, fəlsəfi fikir tarixində özünəməxsus yeri və rolu olan böyük Azərbaycan şairi, filosofu Nizami Gəncəvinin yaradıcılığında hümanistliyi, yüksək insani keyfiyyətləri, ədaləti, düzgünlüyü, mərdliyi, vətənpərvərliyi, zəhməti, əməyi, təmiz məhəbbəti tərənnüm etməsindən danışıb. Rektor tələbələrin yaradıcılığında bu mövzunun bədii əksini, Nizami dühasına və Nizami yaradıcılığına həsr etdikləri illüstrasiyaları, tematik tabloları yüksək qiymətləndirib.

 

İncəsənət kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar rəssam Həbibə Allahverdiyeva bildirib ki, sərgidə tələbələrin 30-a yaxın əsəri nümayiş olunur. Əsərlər təsviri incəsənətin müxtəlif janrlarını əks etdirir- həm rəngkarlıq və qrafika, həm də dekorativ tətbiqi sənət nümunələridir. Sərgidə teatr dekorasıyası nümunələri də öz əksini tapıb.

 

Sonda sərgiyə baxış olub.