Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir şəhərinə səfəri çərçivəsində Mingəçevir Dövlət Universitetində (MDU) olub.  

 

Nümayəndə heyətini Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova  müşayiət edib.

 

Görüşdə MDU ilə Qazi Universiteti arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətindən və qardaş ölkənin ali təhsil sahəsindəki böyük təcrübəsindən faydalanmaq imkanlarından bəhs edilib.

 

MDU-nun rektoru Şahin Bayramov cari ilin mart ayında Ankaraya səfəri çərçivəsində keçirilən məhsuldar görüşləri xatırladıb, 95 illik tarixə və zəngin ənənələrə sahib Qazi Universiteti ilə işbirliyinin MDU-nun strateji hədəflərinə çatmaq baxımından əhəmiyyətini diqqətə çatdırıb. Görüş çərçivəsində əməkdaşlıq protokolunun imzalanmasını MDU-nun tarixində ilklərdən biri kimi dəyərləndirən rektor iki universitet arasında tələbə və müəllim mübadiləsi, ortaq tədbirlərin təşkili, birgə elmi-tədqiqatların aparılması, inzibati və akademik heyətin bacarıqlarının yüksəldilməsi və digər istiqamətlər üzrə razılıq əldə olunduğunu bildirib.

 

MDU, AzTU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq perspektivlərindən danışan Ş.Bayramov ölkə başçısının ali təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı sayəsində MDU-nun modernləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edib.

 

Mingəçevirdə olmaqdan məmnunluğunu ifadə edən Qazi Universitetinin rektoru Musa Yıldız yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən MDU-da həyata keçirilən işləri yüksək qiymətləndirib və iki universitet arasında qarşılıqlı faydalı işbirliyi üçün böyük potensialın mövcudluğunu bildirib. Türkiyədə yeni yaranmış bir sıra universitetlərin inkişafında pay sahibi olduqlarını vurğulayan rektor eyni yanaşma ilə MDU-ya da hərtərəfli dəstək göstərməyə hazır olduqlarının diqqətə çatdırıb.

 

MDU-nun pedaqoji və mühəndislik fakültələrinin inkişafında yaxından iştirak edəcəklərini bildirən M.Yıldız universitet əməkdaşlarını və tələbələrini ikitərəfli protokolun yaratdığı fürsətləri dəyərləndirməyə dəvət edib.

 

MDU ilə AzTU arasında yaradılmış çoxşaxəli əməkdaşlığın sürətlə inkişafından danışan rektor V.Vəliyev hər iki universitetin alimlərinin iştirakı ilə keçirilən birgə faydalı tədbirlərin və elmi müzakirələrin maraqla qarşılandığını bildirib. Ali təhsil müəssisələrinin əməkdaşları arasında dostluq münasibətlərinin və səmərəli işbirliyinin formalaşdığını vurğulayan rektor növbəti mərhələdə MDU ilə daha genişmiqyaslı birgə layihələr reallaşdırmaq əzmində olduqlarını deyib.

 

AzTU ilə Qazi Universiteti arasında reallaşdırılması nəzərdə tutulan ortaq tədbirlərdən bəhs edən V.Vəliyev MDU da daxil olmaqla mühəndislik sahəsində üçtərəfli formatda əməkdaşlığın yaradılmasına zəruri dəstək göstərəcəklərini diqqətə çatdırıb.

 

Görüşdə MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantlarının çoxsaylı sualları cavablandırılıb.

 

Sonda MDU və Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb.