Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanının nəticəsi ilə (56 bal) 2021-ci ildə müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanaraq Bakı şəhəri 180 nömrəli tam orta məktəbə təsviri incəsənət müəllimi kimi qəbul olmuş Sahib Şəmizadənin belə demək mümkünsə, həyatı imtahanlarda keçib. Ona görə yox ki, imtahanlarda üzü ağ olmayıb, əksinə hər dəfə uğur qazanıb.  Bir neçə məktəbə işə qəbul olunub. Amma arzusu məhz təhsil aldığı  məktəbə müəllim kimi dönmək olanda, onun üçün müsabiqə prosesi davam edib...

 

Sahib Şəmizadə özünün uğur hekayəsini belə anladır:    

 

-Müəllimlik peşəsi ən üstün və ən şərəfli peşədir. Bu peşəyə yiyələnmək üçün 2016-cı ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib 46 bal toplayaraq müddətsiz əmək müqaviləsi ilə Masallı rayonu Yeyənkənd Ə.İsmayılov adına tam orta məktəbdə Təsviri İncəsənət müəllimliyi fənni üzrə vakant yerə qəbul oldum. Məsafə uzaq idi, amma peşəmə də sevgim çox böyükdür. Ona görə də bu məktəbə müəllim kimi getdim. Məktəbin müəllim və şagird heyəti tərəfindən xoş qarşılandım. Kənd əhalisinin müəllimə göstərdiyi hörmət peşəmə sevgimi bir az da artırdı. Üstəlik, məsuliyyətim də artdı.  Dərs saatları az olduğundan Təsviri İncəsənət fənnini həftədə 2 gün tədris edirdim. Məktəbə vaxtında çatmaq üçün Bakıdan gecə saat 03:00-da yola düşürdüm. Yol yorğunluq yaratsa da, şagirdlərin məni xoş qarşılamağı yorğunluğumu unutdururdu. Məktəbdə silsilə rəsm müsabiqələri təşkil edirdim- 20 yanvar , 26 fevral- Xocalı faciəsi və digər rəsm müsabiqələri vasitəsilə şagirdlərimin vətənpərvər ruhda böyüməsinə çalışırdım...

 

2 il işlədikdən sonra qərara aldım ki, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi müsabiqəsində iştirak edərək imtahan nəticəmi artırım. Belə də oldu. 2018-ci ildə təşkil edilmiş müsabiqədə ixtisasımdan 100% nəticə göstərməklə  ümumi olaraq 56 bal topladım. Bakı şəhəri 197 nömrəli məktəbə Təsviri İncəsənət müəllimliyi fənni üzrə vakant yerə qəbul oldum.

 

Bu məktəbdə Təsviri İncəsənət fənni üzrə dərs yükü az idi, üstəlik sosial rifahımın yaxşılaşdırılması üçün iş yerimi Abşeron rayonu, Qobu qəsəbəsi 3 nömrəli tam orta məktəbə dəyişməli oldum. 2 il də burada çalışdım. 

 

Xoşbəxt müəlliməm ki, ilk dəfə bu məktəbdə Zəfər tariximizi şagirdlərimə rəsm müsabiqələri vasitəsilə anlatdım.  Mövcud pandemiya dövründə virtual platformada "Qayıdış", "Dəmir yumruq", "Qarabağın memarlıq abidələrini tanıyaq" kimi müxtəlif rəsm müsabiqələri təşkil etdim...

 

Hər zaman arzum olub ki, şagirdi olduğum məktəbdə müəllim kimi fəaliyyət göstərim. Bu arzuya 5 ildən sonra çata bildim. Nəhayət, 2021-ci il may ayında təşkil edilmiş müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edərək Bakı şəhəri Azər Namazov adına 180 nömrəli tam orta məktəbə Təsviri İncəsənət müəllimliyi fənni üzrə vakant yerə qəbul oldum. Sevinirəm ki,məzunu olduğum məktəbə müəllim kimi geri dönürəm. Şəffaf keçirilən imtahanlara görə isə Təhsil Nazirliyinə minnətdaram.