Təhsil prosesinin humanistləşdirilməsi üzrə dərs vəsaitləri və elektron resurslar


Müstəqil Azərbaycanın ictimai-tarixi inkişafının yeni şəraitində təhsilin keyfiyyətinin yüksəldilməsi, demək olar ki, onun formalaşmasının bütün pillələrində, məktəbəqədər sistemdən başlayaraq, ali təhsil səviyyəsinə qədər xüsusi aktuallıq kəsb edir.

 

Müasir mədəniyyətin və təhsilin əsas tendensiyası olan humanistləşmə  mədəniyyətin humanist mənalandırılmasını önə çəkərək, onun insan-yaradıcılıq funksiyasının gerçəkləşdirilməsinə yönələn mühitin yaradılmasını təmin edir ki, bu da təhsilin keyfiyyətinin yüksəldilməsi amillərindən biridir.

 

Pedaqogika insan haqqında elmlərdən biri kimi harmonik şəxsiyyətin formalaşmasının sintezini tələb edir. Bu da mədəniyyətin humanistləşməsinin məğzini təşkil edir və öz növbəsində təhsilin humanistləşdirilməsi tələbini irəli sürür ki, nəticədə sözün ən geniş mənasında insanpərvərliyin formalaşmasının əsas faktoru olub, hərtərəfli inkişaf etmiş şəxsiyyətin intellektual, bədii-mənəvi və fiziki imkanlarının yüksəlişini nəzərdə tutur.

 

“Homo sapiens”in humanist simasını təcəssüm etdirən əhatəli sferalardan biri musiqidir, belə ki, o, öz bədii-estetik xüsusiyyətləri sayəsində rasionallığı və hissiyyatı harmonik surətdə qovuşdurur, insanın ruhi-mənəvi aləminə nüfuz etmək qabiliyyətinə malikdir, onun tam antropoloji obrazını üzə çıxarır. Musiqinin mədəni antropologiyası təhsil prosesinin yenilənməsinin əsası ola bilər ki, bu da özlüyündə ruhi-harmonik, ideya-mənəvi, əxlaqi-patriotik şəxsiyyətin formalaşması ilə bağlı strateji məqsəd daşıyır.  

 

Musiqi və təhsil uzun əsrlər boyu üzvi əlaqələrini nümayiş etdirmişdir. Qədim Yunanıstanın və Çinin filosofları musiqini biliklərin mənimsənilməsi üzrə fəal metodlardan biri hesab edirdilər. Gəzəri epik nağılçılar - aşıqlar “gül toxumlarını yayan pərvanələr kimi” Orta əsrlər dövrü cəmiyyətində şifahi şəkildə eşitdikləri məlumatı yayırdılar. Artıq bizim dövrümüzdə BMA-nın divarları arasında auditoriya və müstəqil iş üzrə müasir metodlar və tədris üsulları işlənib hazırlanaraq, dərs vəsaitlərində və elektron mənbələrdə öz ifadəsini tapmışdır: 

 

-  “Karaoke. Azərbaycan xalq mahnıları və klassik romansları” B., 2010-cu il və onun elektron analoqı  - http://karaoke.musigi-dunya.az/xalq_mahnilari.html. Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyinə ithaf olunur;

- “Karaoke.Azərbaycan klassik poeziyası. Yüz şairin yüz şeiri” B., 2011. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf olunur.  - http://karaoke.musigi-dunya.az/poeziya.html

- “Karaoke. Azərbaycan bəstəkarlarının 50 mahnısı”. B., 2011. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin 50 illik yubileyinə həsr olunur.  - http://karaoke.musigi-dunya.az/bestekarlar_mahnilari.html

- “Karaoke. Azərbaycanda yaşayan xalqların 50 mahnısı”. B., 2011. Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin 50 illik yubileyinə həsr olunur.  - http://karaoke.musigi-dunya.az/azsayli.html

 

Sadalanan nəşrlər Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilmişdir. Layihələrin müəllifi BMA-nın rektoru, SSRİ xalq artisti, professor F.Bədəlbəylidir. Elektron resurslar ölkənin ilk internet-provayderi “İNTRANS”da yerləşdirilmişdir. 

 

Qədim dövrlərdən insanların ən çox sevdikləri əyləncələrdən biri asudə vaxtlarında bir yerə yığışaraq mahnı oxumaqdan ibarət  olmuşdur. Əgər texniki vasitələrin olmadığı keçmiş zamanlarda birgə mahnı oxumaq insanların bir-birilə ünsiyyətini təmin edirdisə, bu gün texnikanın inkişafı dövründə, radio və televiziyanın həyatımızda böyük yer tutmasına baxmayaraq, birlikdə yığışaraq mahnı oxumaq adəti yenə də öz əhəmiyyətini itirməmişdir, lakin bu zaman artıq mahnıların karaoke oxunmasına daha çox önəm verilir. Həqiqətən də, bizim zəmanəmizdə insanların, xüsusilə də gənclərin toplaşaraq, populyar mahnıları tanınmış ifaçıların fonoqram müşayiəti altında oxuması sevimli əyləncə növlərindən birinə çevrilmişdir və getdikcə daha ciddi bir şəkil alaraq, onun təhsil prosesinə də daxil olunmasını aktuallaşdırmışdır.

 

Karaoke oxuması nə deməkdir? “Karaoke” - yapon dilində iki sözün birləşməsindən əmələ gələn bir ifadədir: “kara” (“karappo” sözündən) - “boş” mənasını, “oke” (“okesutura” sözündən) - “orkestr” mənasını verir. Faktiki olaraq, “karaoke” - “boş orkestr” deməkdir ki, bu da səsyazısında yalnız müşayiətin olduğunu bildirir, vokal isə canlı olaraq oxunur.

 

1970-ci illərdə məhz Yaponiyada meydana gələn karaoke oxuması hazırda bütün dünyada geniş yayılmış, bu söz bütün lüğətlərə daxil olunmuşdur. Ən müxtəlif peşə sahiblərinin, ən müxtəlif zövqə malik olan insanların xüsusi ictimai yerlərdə bir araya gələrək fonoqram altında canlı oxuması üçün şəraitin yaranması insanların asudə vaxtını daha da mənalı etmişdir. Beləliklə də mahnı ifaçılığında yeni bir təmayül - karaoke oxuması yaranaraq həyatımızda möhkəm yer tutmuşdur.

 

Azərbaycan xalq mahnılarının karaoke oxunmasının tədris prosesinə daxil olunması bilavasitə gənclərin musiqi zövqünün yüksəldilməsinə istiqamətlənmişdir. “Musiqi” fənnində Azərbaycan xalq mahnılarının karaoke oxunmasından ibarət DVD diskin və kitabçanın nəşri müasir dövrdə musiqi təhsili prosesində informasiya texnologiyalarının tətbiqinə əsaslanan ilk təcrübədir.

 

Ümumtəhsil məktəblərində tədris olunan “Musiqi” fənnində xalq mahnılarının karaoke oxunması böyük əhəmiyyətə malikdir. Bu, həm artıq kiçik yaşlarından insanları xalq yaradıcılığının zənginliyinə alışdırır, həm sahibi olduğumuz bu xəzinəyə görə qürur hissi aşılayır, həm də mənəvi, estetik, etik mahiyyət daşıyaraq, gənc nəslin vətənpərvərlik hisslərini qüvvətləndirir.

 

Vaxtilə Üzeyir Hacıbəyli deyirdi ki, xalq mahnılarımız “bizim musiqi sərvətimiz və musiqi mənbəyimizdir. Fəqət biz hələ bu sərvət və mənbədən layiqincə istifadə edə bilməmişik”. Dahi bəstəkarımız öz fikrində haqlı idi, çünki o, özü də əsərlərində xalq mahnılarına əsaslanırdı, bəstəkarlara da xalq mahnılarından yaradıcılıqla bəhrələnməyi tövsiyə edirdi.

 

Ü.Hacıbəyli yazırdı: “El mahnıları Azərbaycan xalqının əhvali-ruhiyyəsini şərh, zövq musiqisini bəyan, şeir və musiqidəki yaradıcılıq qabiliyyətinin dərəcəsini təyin edə bilən böyük bir material olduğundan onun istər musiqi, istər ədəbi, istər psixoloji, istər etnoqrafik əhəmiyyəti çox böyükdür”. Bu baxımdan o, təhsil prosesində də xalq mahnılarının tələbələrə öyrədilməsinin əhəmiyyətini yüksək dəyərləndirirdi:

 

  • 1. Mahnı öz arsenalına yeni sözlər və ifadələri daxil edir, yəni nitq ünsiyyətinin bir növünə çevrilərək, leksik söz ehtiyatının daha möhkəm mənimsənilməsinə və genişlənməsinə şərait yaradır;
  • 2.  Mənimsənilmiş leksika yeni kontekstual əhatədə rast gəlinir ki, bu da ümumi kulturoloji məkanın mənimsənilməsinə kömək edir;
  • 3. Mahnılar - elə bir materialdır ki, şagirdlərə müsbət təsir edir, onlara maraqlıdır, deməli, emosional baxımdan rəngarəng cəhətlərə malik olub, materialın mənimsənilməsinə kömək edir;
  • 4. Öyrənilən mahnılar müxtəlif dillərdə tələffüz vərdişlərinin təkmilləşdirilməsinə, musiqinin eşitmə qabiliyyətinin inkişafına şərait yaradır;
  • 5. Mahnıların öyrənilməsi və ifası onun daşıyıcısı olan fərdin musiqili-poetik dilinin metroritmik quruluşunu mənimsəməyə və möhkəmləndirməyə kömək edir;
  • 6. Mahnılar şagirdlərin estetik, multikultural, tolerantlıq tərbiyəsinə yardım edir, müxtəlif mədəniyyətlərə, xalqlara, etnoslara hörmətli yanaşma yaradır;
  • 7.  Karaoke ilə oxuma cəmiyyətin müxtəlif etnik qrupları arasında davamlı ahəngdarlığı təmin edir, bizim dünyamızın zənginliyini və rəngarəngliyini, insanın fərdiliyinin təzahürlərini, özünüifadə formalarını düzgün qavramağa və hörmətlə yanaşmağa sövq edir. Tolerantlıq “bir-birinə bənzəməyən insanların və ideyaların dünyasında yaşamaq sənətidir”.   

 

Texniki cəhətdən karaoke - hər hansı populyar mahnının fonoqram altında oxunmasına əsaslanır ki, bu da kompüterin monitorunda və ya televiziya ekranında mahnının mətnindəki sözlərin musiqinin ritminə uyğun olaraq işıqlandırılması ilə müşayiət olunur. Dərs vəsaitindəki DVD məhz bu prinsiplə hazırlanmışdır.

 

Burada Üzeyir Hacıbəylinin iki romansı və 30 xalq mahnısının karaoke oxunması bir neçə yolla təqdim olunur: 1.Karaoke mətn, musiqi və vokal müşayiətilə; 2.Karaoke mətn və musiqi ilə, vokalın müşayiəti olmadan; 3.Mahnının musiqisi. Mahnının mətni və notu (kanto) isə kitabçada çap olunmuşdur. Beləliklə, müxtəlif variantlarda mahnıların səsləndirilməsi, poetik və not mətnlərinin göstərilməsi onların daha mükəmməl mənimsənilməsinə şərait yaradır. Eyni vaxtda mahnının musiqisini eşitmək, mətnini görmək və notlarını izləmək onu daha dərindən qavramağa və asanlıqla yadda saxlamağa kömək edir.

 

Beləliklə, Azərbaycan xalq mahnılarının göstərilən metodika əsasında karaoke oxunaraq mənimsənilməsi müasir təhsil prosesinin zəruri tələbləri sırasından olub böyük əhəmiyyətə malikdir.

 

(ardı var)

 

Tariyel MƏMMƏDOV,

Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, “Musiqi dünyası” jurnalının baş redaktoru