Azərbaycan Texnologiya Universitetinin (UTECA) Tərəfdaşlar və Himayədarlar Şurasının ilk iclası keçirilib.

 

İclasda UTECA-nın  rektoru, professor Akif Süleymanov, Türkiyə, Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TUİB) idarə heyətinin sədri Hüseyin Büyükfırat, İnkişaf Korporasiyasının icraçı direktoru Vüsal Qasımov, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının sədri Emin Dostiyari iştirak ediblər.

 

Professor A.Süleymanov  universitetin  tarixi haqqında danışaraq, 1970-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradıldığını bildirib, təhsil ocağının  ölkəmizdə yeyinti, yüngül sənaye, metallurgiya və digər sahələrdə kadr hazırlığı prosesində əhəmiyyətli rola malik olduğunu vurğulayıb. Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızda yaradılacaq yeni istehsal müəssisələrinin peşəkar mütəxəssislərlə təmin edilməsinə, qeyri-neft sektorunun inkişafına universitetin də mühüm töhfə verə biləcəyini diqqətə çatdırıb.

 

Tərəfdaşlar və Himayədarlar Şurasının yaradılması qərarı və məqsədi haqqında ətraflı məlumat verən rektor  Şuranın fəaliyyətinin universitetin inkişafında, eləcə də Şura üzvü olan müəssisələr üçün faydalı olacağına əminliyini söyləyib.

 

Daha sonra Şura üzvləri  çıxış edərək, belə bir əməkdaşlığın universitet-sənaye iş birliyi yönündə əhəmiyyətini qeyd edib, bu addımın peşəkar mütəxəssislərin yetişdirilməsində, müəssisələrin kadr təminatında çox mühüm rol oynayacağını bildiriblər.

 

Şuranın Əsasnaməsi müzakirə edilib, təkliflər səsləndirilib. Şuranın sədri seçilməsi səsə qoyulub, TÜİB sədri Hüseyin Büyükfırat bu etimada layiq görülüb.