Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən İT sahəsində daha bir qısamüddətli təlim üzrə müraciətlərin qəbuluna start verilib. “UI(User İnterface) /UX(User Experience) Dizayn” üzrə keçiriləcək təlim 3 ay müddətində davam edəcək.

      

Təlim Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək. Təlimə veb dizayn üzrə ilkin bilikləri və marağı olan (18 yaşdan yuxarı) orta ixtisas və ya ali təhsilli şəxslər, həmçinin hal-hazırda təhsil alan tələbələr müraciət edə bilər. Seçim mərhələlərini uğurla keçən şəxslər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

     

Təlim iştirakçıları UX və UI dizaynının əsaslarından başlayaraq, nəzəri və praktiki bilik, bacarıqlar əldə edəcəklər. Təlim zamanı iştirakçılara real iş mühitində işləmək imkanı yaradılacaq.

      

Müraciətlər 10 avqust, 2021-ci il tarixinədək bu keçid üzərindən qəbul edilməkdədir. Qeyd edilən təlim, həmçinin Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə həyata keçirilən digər qısamüddətli təlimlər barədə məlumat Agentliyin sosial media səhifələri üzərindən bölüşülməkdədir.