Bakı Dövlət Universitetində (BDU) tədrisin yenilənməsi və müasir standartlara uyğun qurulması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2021/2022-ci tədris ili üçün  magistratura səviyyəsi üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb.

 

Universitetdən bildirilib ki, magistratura pilləsində Ekologiya hüququ, Aktuar riyaziyyat, Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı, Kompüter elmləri və texnologiyaları ixtisaslaşmaları əmək bazarında bu sahələrə olan tələbatın ödənilməsi zərurətindən yaradılıb.

 

Hüquqsünaslıq ixtisasında təhsil alan tələbələr Ekologiya hüququ ixtisaslaşması üzrə magistraturada təhsillərini davam etdirə bilərlər. İxtisasın əsas məqsədi ekoloji münasibətlərin hüquqi baxımdan tənzimlənməsi,  əhalinin ekoloji təhlükəsizliyinin təmin edilməsidir. Ekologiya hüququ ixtisaslaşması üzrə təhsilalanlara ekologiyanın qorunmasının və ətraf mühitin mühafizəsinin ekoloji-hüquqi normaları, ekoloji-hüquqi məsuliyyət, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərin ekoloji-hüquqi mühafizəsi kimi sahələr üzrə biliklər veriləcək.

 

Aktuar riyaziyyat - maliyyə, xüsusilə də  sığorta əməliyyatlarında ehtimal nəzəriyyəsi, statistika və riyazi üsulların tətbiqi sahəsidir. Hazırda qiymətli kağızlar bazarında investisiya risklərinin qiymətləndirilməsi başda olmaqla, bir sıra maliyyə əməliyyatlarında da aktuariatdan istifadə olunur. Bundan əlavə, ehtimalın hesablanması əsasında seçim edilən maliyyə əməliyyatlarında da aktuariat tətbiq edilməyə başlanılıb: birja siyasətinin formalaşması, likvid vəsaitlərdən istifadə edilməsi yollarının müəyyənləşdirilməsi, gəlirlərin aktuallaşdırılmasına əsaslanan investisiyaların seçilməsi bu qəbildəndir. İxtisaslaşma üzrə magistraturaya qəbul olanlar aktuariat maliyyə riyaziyyatının əsasını öyrənəcəklər.

 

Müasir tələblərə cavab verən Mobil tətbiqlər və oyun dizaynı ixtisaslaşması əmək bazarında informasiya texnologiyaları (İT) sahəsi üzrə xüsusi biliklərə malik mütəxəssislərə olan tələbatın ödənilməsi zərurətindən yaradılıb. İxtisaslaşma üzrə proqram BDU-nun tərəfdaş kimi iştirak etdiyi Avropa İttifaqının Erasmus + KA2 proqramı çərçivəsində “Tərəfdaş universitetlərdə mobil tətbiqlər və oyun dizaynı magistr proqramlarının hazırlanması” layihəsi çərçivəsində hazırlanıb. Ali təhsil sahəsində potensialın artırılmasına xidmət edən layihə çərçivəsində BDU-da Mobil tətbiqlər və oyun dizaynı ixtisaslaşması üzrə müasir standartlara cavab verən yeni laboratoriya qurulub.

 

Kompüter elmləri və texnologiyaları ixtisaslaşması üzrə magistratura proqramı Təhsil Nazirliyinin dəstəyi ilə ali təhsilin magistratura səviyyəsi üzrə həyata keçirilən SABAH Magistraturası layihəsi çərçivəsində yeni məzmunun yaradılması və tədrisinin təşkili məqsədi ilə hazırlanıb, innovativ təlim, tədris və tədqiqat metodlarına əsaslanan yeni məzmunun hazırlanması və tətbiqi ilə bu ixtisaslaşma üzrə konvergens və innovativ biliklərə malik mütəxəssislərin hazırlanması nəzərdə tutulur. İxtisaslaşma üzrə təhsilalanlar informasiyanın emalı, saxlanılması və tətbiqi üzrə biliklərə yiyələnəcək, alqoritmlərin hazırlanmasını öyrənəcək.