Hər il Dövlət İmtahan Mərkəzinin keçirdiyi magistraturaya qəbul imtahanlarında ölkənin yüksək intellektli, savadlı, bilikli gəncləri yeni, müasir ixtisaslar üzrə – antropologiya, molekulyar biologiya, informasiya mühafizəsi və təhlükəsizliyi və s. kimi prioritet istiqamətlər üzrə yüksək ballarla Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına qəbul olunurlar.

 

Akademiyanın dünya elminin tələblərinə cavab verən, multidissiplinar tədqiqatlarla məşğul olan magistrantları 2020/2021-ci tədris ilində də uğurlu nəticələr əldə ediblər. Belə ki, cari ildə ümumilikdə 119 nəfər AMEA-nın magistraturasından məzun olub. Məzunlardan 74-ü magistraturanı fərqlənmə diplomu ilə bitirib.

 

2020/2021-ci tədris ilində AMEA-nın Dilçilik İnstitutunun magistrantları Tünzalə İsmayılova və Xəyal Əsgərli, həmçinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantı Emin Əliyev magistratura təhsilini ən yüksək göstərici ilə – 99 balla başa vurublar.