Dövlət başçısının diqqət və qayğısı ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir


“Azərbaycan Pedaqoji İnstitutu böyük və çətin yol keçmişdir. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir. Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır. İndiyə qədər yaranmış təməlin üzərində dayanan Azərbaycan təhsili bundan sonra daha da təkmilləşəcəkdir. Azərbaycan müəllimləri ən yüksək mənəviyyata, vətəndaşlıq hisslərinə malik olan insanlardır”. 

 

Heydər ƏLİYEV,

Azərbaycan xalqının ümummilli lideri

 

 

“Azərbaycan Dövlət Pedaqoji Universiteti ölkəmizin təhsil tarixində xüsusi yer tutan, zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Yarandığı vaxtdan etibarən Universitet üzərinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirmiş, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirmişdir... İxtisaslaşmış ali təhsil müəssisəsi kimi Azərbaycan Dövlət Pedaqoji Universiteti müəllim hazırlığı sahəsində və pedaqoji təhsilin inkişafı naminə bu gün də uğurlu fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir”.

 

Prezident İlham Əliyevin 17 aprel

2021-ci il tarixli Sərəncamından

 

 

Azərbaycanda və onun hüdudlarından kənarda Prezident İlham Əliyev Qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi böyük nüfuz sahibidir.

 

Qeyd etməyi lazım bilirik ki, ilk əvvəl onun seçicilərinin gəldiyi bu qənaət müasir dünyanın siyasi-sosial elitası tərəfindən etiraf olunan gerçəklikdir. Ölkəmizin təhsil ictimaiyyəti həmin gerçəkliyin ilk şahidlərindəndir və onlar möhtərəm cənab Prezidentin öz seçicilərinə, Azərbaycan Respublikasının vətəndaşlarına ilk seçkiqabağı təbliğat-təşviqat kampaniyası zamanı təqdim etdiyi seçkiqabağı proqramın ilk bəndlərini indi də xatırlayırlar. O bəndlərdə Azərbaycanın ərazi bütövlüyünün bərpasını prezidentliyi dövrünün əsas prioritet istiqaməti elan edən İlham Əliyev ölkə iqtisadiyyatı və sosial həyatının bütün sahələrində inkişafa nail olunacağını vəd edirdi. Aradan keçən zaman Prezidentin dediklərini seçkiqabağı kampaniyalarda seçicilərinə söz verən taktiki siyasətçinin deyil, xalqın və ölkənin taleyi üçün məsuliyyət daşıyan böyük bir dövlət xadiminin dayandığını təsdiq etdi. O, bütün hüquqi və mənəvi normaları tapdayan işğalçı Ermənistan dövləti ilə aparılan 44 günlük müharibədə təkcə Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün deyil, xalqımız üçün nümunəyə çevrildi. Şuşa şəhərinin işğaldan azad edildiyi gün xalqa televiziya ilə müraciəti zamanı “Əziz Şuşa, sən azadsan!”, deyib də, səhərisi gün atası, ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Onun ən böyük arzusunun yerinə yetirildiyini söyləyərkən necə Vətəndaş, necə Oğul olduğunu bir daha əyani göstərdi.

 

Prezident İlham Əliyev şəxsi nümunənin ən mükəmməl əyani vəsait olduğunu bir daha xatırlatdı.

 

Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki, bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da ölkəmizdə milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir. O konsepsiyanın tərkib hissəsində təhsilin bütün pillələri əks olunur və onu əlavə edək ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Məhz bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etdirilərək genişləndirilmiş, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 171 minə çatdırılıb.

 

Bunlardan əlavə, yüksək keyfiyyətli ali təsil verən yeni baza ali təhsil müəssisələri yaranıb. Azərbaycanda ən müasir tələblərə cavab verən ADA Universiteti, Bakı Ali Neft Məktəbi bu gün təkcə ölkəmizdə deyil, dünyada söz sahibi olan təhsil ocaqlarından sayılır. Həmçinin dünyada tanınan, mütərəqqi ənənələri olan, öz nüfuzuna görə seçilən M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti kimi qocaman ali məktəblərin Bakı filialları yaradılıb. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlayıb. Burada 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfiyyatı və istismarı) ingilis dilində tədris olunur, Fransanın Strasburq və Renn 1 universitetləri ilə ikili diplomun verilməsi həyata keçirilir. Son illərdə bir sıra ali təhsil müəssisələri üçün ən müasir kampuslar yaradılmış, bütün ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənib.

 

Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.

 

Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb. Bu, insan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 4 min nəfərdən artıq Azərbaycan vətəndaşının Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanması deməkdir. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında “Təhsil” ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom Proqramı. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADPU və ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə 31 yanvar 2020-ci il tarixində ikili diplom proqramı üzrə müqavilə imzalanıb. Müqaviləyə əsasən universitetin “Menecment (təhsilin təşkili və idarəolunması)” ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr hər iki ali məktəbin diplomunu əldə edə biləcək (proqramın məzunları müvafiq olaraq CVU-nun “Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik” magistr ixtisasına da yiyələnəcək).

 

O barədə söhbət açmaq istərdik ki, bu il yaradılmasının 100 illiyi ilə bağlı cənab Prezidentin imzaladığı Sərəncamla Azərbaycan Dövlət Pedaqoji Universitetində beynəlxalq fəaliyyətin tənzimlənməsi və inkişafı istiqamətində yeni mərhələ açılır. Həmin inkişaf xətti ölkəmizdə hələ 90-cı illərin sonlarında əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulubdur. O siyasətin fəlsəfəsi Azərbaycan təhsilini artıq öz sistemini yarada bilməklə bərabər, uğurlu nəticələrini qazanmış ölkələrin təhsil təcrübələri ilə zənginləşdirməkdən ibarətdir. Milli təhsilimizin ən yaxşı ənənələrini qoruyaraq inkişaf etdirmək, onun dünya təhsilinin mütərəqqi və qabaqcıl metodologiyasının özünü doğruldan, təsdiq edən elementləri ilə sintezinə nail olmaq bugünkü təhsil siyasətinin başlıca hədəfidir.

 

Azərbaycan Respublikasında təhsilin inkişafı üçün mövcud dövlət siyasətinin və həmin siyasətin həyata keçirilməsini təmin edən Təhsil Nazirliyinin bu istiqamətdə apardığı işlər və təhsil müəssisələrinin qarşısında qoyulan vəzifələr hər bir qurum kimi, universitetimizin də qarşısında müəyyən vəzifələr yaradır. Həmin vəzifələr isə problemin həlli üçün kreativ yanaşmalar tələb edir və bu yanaşmaların nəticəsidir ki, görülən işlərin, perspektiv planların geniş siyahısını təqdim edə bilək. Bu istiqamətdə universitetimizdə geniş və məhsuldar fəaliyyətin olduğunu qeyd edə bilərik.

 

Təhsildə qloballaşma və beynəlmiləlləşmə faktorlarının olduqca mühüm əhəmiyyət kəsb etdiyi bir dövrdə, əlbəttə, universitetimiz üçün ilk növbədə türkdilli ölkələrin ali təhsil müəssisələri ilə əlaqələrin qurulması, əməkdaşlığın yüksələn xətlə inkişafı prioritet istiqamətdir. Bu illər ərzində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələri genişlənir, dünyanın müxtəlif ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları, xarici ölkələrin ölkəmizdəki səfirlikləri ilə əlaqələrin yaradılması və inkişafı istiqamətində səmərəli işlər həyata keçirilib.  Qeyd edək ki, ancaq son illərdə - 2016/2020-ci illər ərzində beynəlxalq əməkdaşlıq fəaliyyəti sahəsində görülmüş işlərin məzmunu belə deməyimiz üçün əsas verir.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti Türkiyə Respublikasının müxtəlif universitetləri ilə ikitərəfli əməkdaşlıqdan əlavə, “Mövlanə Mübadilə” proqramı çərçivəsində də əməkdaşlıq edir. Sözügedən mübadilə proqramı çərçivəsində 2016-cı ildə ADPU-nun İbtidai təhsil fakültəsinin 1 tələbəsi Kastamonu Universitetinin Eğitim fakültəsində, Təsviri incəsənət, musiqi və çağırışaqədər hazırlıq fakültəsinin 1 tələbəsi Kahramanmaraş Sütçü İmam Universitetinin Güzel sanatlar fakültəsində mübadilədə iştirak edib.

 

Qazaxıstanın və Rusiyanın ali təhsil müəssisələrinin nümayəndələri ilə 9 işğüzar görüş keçirilmişdir.  Görüşlərin  nəticəsi olaraq 8 əməkdaşlıq müqaviləsi imzalanıb, Rusiyanın Dövlət Humanitar Universiteti (RDHU) ilə anlaşma çərçivəsində tələbə mübadiləsi həyata keçirilib. Belə ki, RDHU-nun Beynəlxalq əlaqələr ixtisası üzrə  təhsil alan 8 tələbəsi ADPU-da iki həftəlik yaz məktəbində iştirak edib.

 

İlk növbədə, beynəlxalq əlaqələr müstəvisində, daha intensiv əlaqələrimiz qardaş Türkiyə Respublikası ilə mövcuddur. 2016-2019-cu illər ərzində Türkiyənin Ali Təhsil Şurasının (YÖK),  Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) imtahanlarının nəticələrinə əsasən, Azərbaycan Respublikası ilə xarici ölkələr arasında təhsil sahəsində bağlanılmış ikitərəfli saziş çərçivəsində, ADPU-nun əcnəbi vətəndaşlarla birbaşa bağladığı  müqavilələr əsasında ADPU-da təhsil almış 78 əcnəbi tələbə və magistr, 85 əcnəbi dinləyici məzun olmuşdur. Hazırda 180-dən çox əcnəbi vətəndaş ADPU-nun hazırlıq, bakalavriat və magistratura səviyyələrinin müxtəlif ixtisaslarında təhsil alır. Onların arasında Türkiyə, Rusiya, Gürcüstan, Çin, Türkmənistan, Suriya, Ukrayna vətəndaşları vardır.

 

Bu gün dünyanın müəyyən dəyərlər uğrunda çarpışmasının başlıca səbəblərindən biri də budur. Bizim qurduğumuz və genişləndirmək istədiyimiz əlaqələrə həmin kontekstdən yanaşmalıyıq. Fikrimizi ümumiləşdirmək üçün Prezident cənab İlham Əliyevin 2013-cü ilin oktyabrında imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı yada salmaq istərdik. Strategiyanın başlıca fəlsəfəsi Azərbaycan təhsilinin o dəyərlər ruhunda olmasını təmin etməkdir.

 

Universitetimizdəki Beynəlxalq əlaqələr üzrə prorektorluq ADPU-nun və struktur bölmələrinin beynəlxalq fəaliyyətinin idarə olunması və inkişaf etdirilməsinə görə məsuliyyət daşıyır. Qurum beynəlxalq istiqamətlər üzrə maraqların və hüquqların qorunmasını, beynəlxalq əlaqələr üzrə fəaliyyətin təkmilləşdirilməsi işinə nəzarəti təmin edir.

 

2013-cü il oktyabr ayının 24-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nı təsdiq edib. Bu sənədin əsas məqsədi keyfiyyət səviyyəsinə görə dünyada qabaqcıl mövqe tutan təhsil sistemi formalaşdırmaqdır. Güclü və dinamik inkişaf edən Azərbaycana yüksək intellektli kadrlar lazımdır. Bu cür kadrların hazırlanması üçün mükəmməl təhsil sisteminin olması başlıca şərtlərdən biridir və Dövlət Strategiyasında göstərildiyi kimi, islahatların aparılması daha da yetkin vətəndaşların yetişdirilməsinə zəmin yaradacaq. Strategiyanın reallaşdırılması təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin yenidən qurulmasına imkan verəcək, davamlı inkişafı təmin edəcək.

 

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin həyata keçirilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, yaradıldığı vaxtdan Heydər Əliyev Fonduna rəhbərliyini həyata keçirən, ölkəmizdəki sosial proqramların əsas təşəbbüskarı xanım Mehriban Əliyevanın fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Onun təşəbbüsü ilə hazırlanıb həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi Azərbaycanın təhsil sisteminin inkişafı üzrə ciddi töhfələr verdiyini xatırlatmaq kifayət edər. Gətirilən nümunələr onu göstərir ki, xanım Mehriban Əliyeva qlobal missiyası ilə ölkə təhsilinin perspektiv inkişafına təkan verən başlıca funksiyanı yerinə yetirir.

 

Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ölkə Prezidentinin sərəncamına əsasən təqaüd sistemi təkmilləşdirilmiş, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin miqdarı 23 min vahid artırılmış, təqaüd alan tələbələrin sayının növbəti iki ildə 50 faizə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni əhatə etmişdir. Eyni zamanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artırılaraq qəbul planı ötən ilki 27 faizdən 42 faizə çatdırılmışdır.

 

Prezident İlham Əliyevin sərəncamlarına əsasən məcburi köçkün statusu olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailəsi statusu almış ailənin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərcləri büdcə vəsaitləri hesabına ödənilir. Peşə təhsili müəssisələrində təhsil alan I, II və III qrup əlillər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər də təhsil haqqından azad edilmişdir.

 

Bütün bunlar təsdiq edir ki, prezidentliyinin ilk vaxtlarından qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində Azərbaycana sanballı nəticələr qazandıran Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin son on illik fəaliyyəti xüsusilə uğurlu olub. O, təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkibdir. Bunlar isə hər bir məsuliyyətli ölkə vətəndaşı, o cümlədən respublikamızın təhsil ictimaiyyəti qarşısında yeni vəzifələr qoyur.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor