COVID-19 pandemiyasının təhsil prosesində yaratdığı çətinliklərin aradan qaldırılması məqsədilə elektron qiymətləndirmə vasitələrinin əhəmiyyəti xüsusilə göz önünə çıxmışdır. Lakin maraqlı tərəflər üçün bu vasitələrin gündəlik tədris prosesində istifadəsi ənənəvi qiymətləndirmə metodlarından bir sıra üstün cəhəti ilə seçilir.  Təhsil siyasətinə dair beynəlxalq təcrübəyə nəzər saldıqda tədris prosesinin modernləşdirilməsinin bir qolu kimi dövlət səviyyəsində elektron qiymətləndirmə platformalarının təşviq olunduğunu görmək mümkündür.

 

Azərbaycanda ilk COVID-19 infeksiyasına yoluxma 28 fevral 2020-ci il tarixində təsdiqlənib və 2 fevral tarixindən etibarən müvafiq qərara əsasən məktəbəqədər, ümumi və ali təhsil pillələri üzrə təhsil müəssisələri bağlanılmışdır. Bu bağlanma bir neçə dəfə uzadılmış və infeksiyanın yoluxma sürəti azalan dövrlərdə, şəhər və rayonlarda müəyyən vaxtlarda bəzi təhsil müəssisələrinin açılmasına qərar verilmişdir. Lakin qeyri-müəyyənlik, infeksiyanın yeni ştamları və dalğaları təhsil müəssisələrinin tam açılmasına imkan vermirdi. Təhsil Nazirliyi təhsil müəssisələrinin bağlanmasına cavab olaraq dərhal alternativ üsullarla təhsilalanların təhsildən kənar qalmasının qarşısını almaq üçün addımlar atmışdır. Bunlar arasında televiziya kanallarında efirə gedən teledərslər, Virtual məktəb platforması vasitəsilə keçirilən onlayn dərslər yer alır. Təhsil Nazirliyi Microsoft şirkəti ilə əməkdaşlıq edərək TEAMS platforması üzərindən onlayn dərslərin keçirilməsinə başladı. Lakin onlayn təhsil əksər təhsilalanlar və təhsilverənlər üçün yeni anlayış idi və özünəməxsus çətinlikləri və çağırışları var idi. Pandemiya ilə bağlı onlayn təhsilə keçiddən təxminən bir il yarım keçib və məktəb, müəllimlər yeni bilik və bacarıqlar, təcrübələr əldə edib, lakin bu sahədə öyrənilənlərin təkmilləşdirilməsinə və potensialın gücləndirilməsinə ehtiyac olduğu duyulur. Bu səbəbdən Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ)  tərəfindən müxtəlif təhsil səviyyələrində təhsilverənlər üçün təlimlər, seminarlar keçirilir. Bu tədbirlərdən biri 21-23 iyun 2021-ci il tarixlərində ARTİ-nin təşkilatçılığı ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “İbtidai və orta məktəbdə onlayn təhsil: onlayn öyrənmə nəticələrini necə qiymətləndirməli?” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) 3 günlük seminarları olmuşdur. Seminarda Təhsil Nazirliyinin, ARTİ-nin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, bəzi məktəb direktorları və müəllimləri iştirak etmişdir. Seminarda ekspert qismində Estoniyanın Tartu Universitetinin Təhsil İnnovasiyaları Mərkəzinin tədqiqatçısı xanım Maria Jürimae və Avstriyanın Təhsil, Elm və Tədqiqat Nazirliyinin e-təhsil mərkəzinin direktoru cənab Andreas Riepl e-qiymətləndirmə, e-qiymətləndirmə strategiyaları, onlayn təhsildə təhsil alanların performansının qiymətləndirilməsi və e-qiymətləndirmədə istifadə olunan alətlər mövzularında çıxış ediblər.

 

E-qiymətləndirmə nədir?

 

E-qiymətləndirmə şagirdlərin öyrənməsini ölçmək və qiymətləndirmək məqsədilə informasiya texnologiyalarının saysız-hesabsız  üsullarından istifadə edilməsini ehtiva edir.

 

E-qiymətləndirmədən nəzəri biliklərlə yanaşı (e-test proqramından istifadə etməklə) praktik bacarıqları (e-portfellərdən və ya simulyasiya proqramından istifadə etməklə) qiymətləndirmək üçün istifadə edilə bilər.

 

Şagirdlər üçün e-qiymətləndirmə

 

Elektron qiymətləndirmə vasitələri ənənəvi alternativinə nisbətən daha rəngarəng imkanlara malik olurlar. Belə ki, şagirdlər kağız üzərində yerinə yetirdikləri adi tapşırıqlar əvəzinə özlərini rəqəmsal platformada testlər, oyunlar və simulyasiyalarla sınaqdan keçirirlər. İnternetə çıxışı olan hər hansı bir mühitdə təşkili mümkün olduğu üçün şagirdlər özlərini rahat hiss etdikləri şərtlər altında qiymətləndirmədə iştirak edə bilirlər. Ənənəvi sınaqdan fərqli olaraq, qiymətləndirməni başa vuran iştirakçı dərhal nəticə ilə təmin olunur. Bu da öyrənmə səviyyəsinin təkmilləşdirilməsində böyük rol oynayır.

 

Açıq   resurs   kimi   fəaliyyət   göstərən  e-qiymətləndirmə platformalarından biri kimi “Quizlet”i misal göstərmək olar. 2005-ci ildə yaradılan və hal-hazırda 40 milyondan çox istifadəçisi olan bu platformada tədris materialları oyun, flaşkart və digər interaktiv metodlarla təqdim olunur. Öyrənilənlərin sınanması üçün axırda verilən testdən dərhal sonra düzgün cavablar çıxır və toplanılan bal elan olunur. Bundan əlavə, “Answer Garden”, “Quizziz”, “Mentimeter” və “PollEverywhere” kimi rəqəmsal platformalar da şagirdlərin elektron şəkildə qiymətləndirilməsi üçün geniş imkanlar təqdim edir.

 

Müəllimlər üçün e-qiymətləndirmə

 

Pandemiya şəraitində şagirdləri sınamaq istəyən müəllimlər fövqəladə vasitə kimi elektron platformalara müraciət etsələr də, elektron qiymətləndirmə artıq beynəlxalq təcrübədə ənənəvi alternativindən daha çox səmərəli olması ilə öz sözünü deməyə başlamışdır. Kağız üzərində aparılan qiymətləndirmə müəllimdən əlavə vaxt və diqqət tələb edir. Lakin e-qiymətləndirmə zamanı müəllim şagird nəticələrini daha tez yoxlaya bilir. Lids Metropolitan Universitetində aparılan tədqiqat zamanı e-qiymətləndirmə vasitələrinin daha az vaxt tələb olunduğu üçün bir tədris ili ərzində təxminən 3000 funt-sterlinq dəyərində maddi resursa qənaət edildiyi məlum olmuşdur. Həmçinin e-qiymətləndirmə zamanı müəllimlər şagirdlərindən aldığı əks-əlaqə (rəy vermə) sayəsində onların nailiyyət tendensiyalarını izləyə və müxtəlif vaxtlarda keçirdiyi sınaqların nəticələrini qarşılıqlı təhlil edə bilər.  Bundan başqa, şagirdlərin e-qiymətləndirmə zamanı meydana çıxan hər hansı bir problemə dair fikir bildirməsindən dərhal sonra müəllimin həmin xətanı yerindəcə aradan qaldırmasına imkan yaranır.

 

Valideynlər üçün e-qiymətləndirmə

 

Sinifdənkənar şərtlərdə əlçatanlığı sayəsində e-qiymətləndirmənin üstünlüklərindən valideynlər də yararlanırlar. Belə ki, onlar onlayn platformada keçirilən sınaqların nəticələrini birbaşa müşahidə edə və öz rəylərini bildirə bilirlər. Tartu Universiteti Təhsil İnnovasiyaları Mərkəzinin əməkdaşı Maria Yürimaenin TAEIX seminarında çıxışında Estoniya təcrübəsindən misal gətirdiyi “eKool” platformu valideynlərin prosesdə iştirakına dair nümunələrdəndir. “eKool” şagirdləri, valideynləri, tədris və məktəb rəhbərliyini bir araya gətirən rəqəmsal mexanizmdir. Bu platform müəllimlərlə valideynlər arasında mütəmadi əlaqənin qurulmasına, eləcə də valideynləri öz övladlarının nailiyyət dərəcəsindən və evə verilən tapşırıqlardan xəbərdar olmasına imkan  yaradır.  “eKool”-un mobil interfeysinin mövcudluğu onun smartfonlarda istifadəsini daha da asanlaşdıraraq əlverişli hala gətirir. Avstriyada bu platformanın ekvivalenti “eEducation Austria” adlanır. “eEducation Austria” Avstriyanın Federal Təhsil Nazirliyi tərəfindən irəli sürülən təşəbbüs olub, tədris prosesinin hər bir pilləsinin rəqəmsallaşdırılması məqsədini daşıyır.

 

Aygün QURBANLI,

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin baş mütəxəssisi

 

Zinyət ƏMİROVA,

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin aparıcı mütəxəssisi