Bakı Dövlət Universiteti (BDU) ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə BDU-nun rektoru Elçin Babayev və

 

Səmərqənd Dövlət Universitetinin rektoru Rustam Xalmuradov imza atıb.

 

Universitetdən bildirilib ki, müqavilənin məqsədi birgə konfrans, seminar, simpoziumların keçirilməsi, elmi jurnallarda birgə məqalələrin çap edilməsi, ortaq tədqiqat layihələrinin işlənməsi, ortaq mədəni proqramların təşkili, akademik və inzibati kadrların, tələbə, magistrant, doktorant və tədqiqatçıların mübadiləsi kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı təmin etməkdir.

 

Məlumat üçün bildirək ki, 2020-ci ildə 600 illiyini qeyd edən Səmərqənd Dövlət Universitetində 15 fakültə, 19 mərkəz və şöbə fəaliyyət göstərir.  34 bakalavr və 40 magistr proqramı üzrə kadr hazırlığı həyata keçirilir. 13000 tələbənin təhsil aldığı universitetdə 850 nəfərlik akademik heyət çalışır.