Masallı şəhər Heydər Əliyev Mərkəzində ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan tələbələrlə görüş keçirilib. Tədbirdə rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov məlumat verərək bildirib  ki, 2020-2021-ci tədris ilində 1473 məzundan 598-ı ali məktəblərə qəbul olunub. Onlardan 26-sı 600-dən yuxarı bal toplayıb. T. Əkbərov  daha sonra  yüksək nəticə göstərmiş tələbələri təbrik edib və onlara uğurlar arzulayıb.

 

Rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Anar İsgəndərov və Məşhur Məmmədov çıxışlarında  tələbə adını qazanan, bu sevinci yaşayan hər kəsi təbrik ediblər. Onlara yeni başladıqları tələbə həyatında uğurlar və yüksək nailiyyətlər arzulayıblar.

 

Yüksək bal toplayıb, tələbə adını qazanan Nəzrin Həmzalı, Aytac Qafarova, Mirzə Əjdərli, Səfər Cəfərli, şəhid mayor Anar Novruzovun qızı Firuzə Novruzova çıxış edərək göstərilən diqqət və qayğıya, müasir təhsilin nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

 

Sonra tələbələr Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi və məktəblilərin əl işlərindən təşkil olunmuş sərgi ilə tanış olublar.

 

Sonda 600-dən yuxarı bal toplayan tələbələrə  rayon icra hakimiyyəti başçısının və ATİAHİ rayon komitəsinin hədiyyələri təqdim olunub.

 

Şakir CƏFƏROV