"Nizami dünyası” adlı intellektual müsabiqədə fərqlənən paytaxt məktəbliləri mükafatlandırılıb.

 

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, idarənin struktur bölmə rəhbərləri və qalib şagirdlər iştirak ediblər.

 

BŞTİ-nin müdiri Mehriban Vəliyeva qalibləri təbrik edərək müsabiqənin əhəmiyyəti barədə danışıb. İdarə müdiri son illərdə ölkəmizdə bütün sahələr üzrə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib. M.Vəliyeva istedadlı şagirdləri həvəsləndirmək, onların yaradıcılığa olan marağını artırmaq, şagirdlər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə BŞTİ tərəfindən il ərzində çoxsaylı müsabiqələrin təşkil edildiyini söyləyib.

 

İdarə müdiri müsabiqənin əsas məqsədinin BŞTİ-nin əmri ilə təsdiq edilmiş “Dahi Azərbaycan şairi  və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın icrasını təmin etmək,  şagirdlərə dahi Nizami irsini aşılamaq, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarət olduğunu deyib.

 

Müsabiqə qaliblərini təbrik edən M.Vəliyeva onlara gələcək təhsil yollarında daha böyük uğurlar arzulayıb.

 

Daha sonra şagirdlər onlara göstərilən diqqətə görə BŞTİ rəhbərliyinə təşəkkürlərini bildirib, bundan sonra da uğurlara imza atmaq üçün səylə çalışacaqlarını söyləyiblər.

 

Sonda müsabiqə qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

 

Qeyd edək ki, mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn qaydada (xüsusi proqram təminatı ils.edu.az vasitəsilə) keçirilən müsabiqədə 278 nömrəli tam orta məktəbin şagirdi Günay Məhərrəmova, 149 nömrəli tam orta məktəbin şagirdi Aysun Abbasova I yerə, 234 nömrəli tam orta məktəbin şagirdi Xəyyam İsmayılov, 164 nömrəli tam orta məktəbin şagirdi Məryəm İbrahimova II yerə, 299 nömrəli məktəb-liseyin şagirdi Nigar Kərimova və 249 nömrəli tam orta məktəbin şagirdi İnci Məlikli isə III yerə layiq görülüblər. Müsabiqədə fərqlənən 106 nömrəli tam orta məktəbin şagirdi Mədinə Süleymanlı, 277 nömrəli tam orta məktəbin şagirdi Fidan Əliquliyeva, 67 nömrəli tam orta məktəbin şagirdi Samin Hüseynov və 276 nömrəli tam orta məktəbin şagirdi Zemfira Quliyeva isə həvəsləndirici yeri tutublar.