Azərbaycan Texniki Universitetində (AzTU) müasir biliklərə malik kadrların yetişdirilməsi məqsədilə magistratura səviyyəsində təhsil alan II kurs tələbələrindən yüksək göstəriciləri olanlar və assistentlər arasından seçilən 100 nəfər  5 ay müddətində tədris-tədqiqat proqramında iştirak etmək üçün Türkiyəyə göndəriləcək. Bu barədə  ali məktəbin Elmi şurasının iclasında qərar qəbul olunub. 

 

Bundan başqa, AzTU-da universitet-sənaye iş birliyinin, magistratura və doktorantura  səviyyələri üzrə işlərin müasir tələblərə uyğun təşkili, yüksək ixtisaslı kadrların hazırlanması üçün Yüksək Təhsil İnstitutunun yaradılması təklifi də müzakirə olunaraq qəbul edilib.  

 

Müasir dövrün və əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların təhsili üçün mühitin təmin edilməsi məqsədilə Distant və əlavə təhsil şöbəsinin adı dəyişdirilərək Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzi, Dil Mərkəzinin adı dəyişdirilərək Texniki Terminologiya Mərkəzi adlandırılıb.

 

İclasda AzTU-nun 2021-2030-cu illər üçün inkişaf strategiyası layihəsi də müzakirə olunub.

 

Həmçinin, AzTU-da tədris işinin təşkili, rəqəmsallaşma və layihələrin idarə olunması, sosial və kommunikasiya işlərinin təkmilləşdirilməsi barədə də müzakirələr aparılıb.