Mehriban Fətəliyeva: “Şagirdlərimə əyləncəli şəkildə riyazi dili öyrədirəm”

 

Mehriban Fətəliyeva 1962-ci ildə Şabran rayonunun Gələgah kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə rayonun 2 nömrəli  tam orta məktəbini qızıl medalla bitirib. 1979-1984-cü illərdə BDU-nin mexanika-riyaziyyat fakültəsində təhsil alıb. Əmək  fəaliyyətinə Şabran rayonunun peşə məktəbində riyaziyyat müəllimi  kimi başlayıb. 1993-cü ildən rayonun 1 nömrəli  tam orta məktəbində  pedaqoji fəaliyyətini davam etdirir.

 

- Mehriban xanım, riyaziyyat müəllimi olmaq arzunuz haradan qaynaqlandı?

 

- Atam riyaziyyat müəllimi idi. Dil açmağa, demək olar ki, saymaqla başlamışam. Oyunlarım riyazi tapmacalar, məntiq oyunları olub. Bir az böyüdükdən sonra atamın evə gətirdiyi şagird dəftərlərini yoxlamaqda ona kömək etməyə başladım. Qonşu uşaqların, bəzən özümdən böyüklərin ev tapşırıqlarını eləmək mənim üçün əyləncəyə çevrilmişdi. Məktəbi qızıl medalla bitirdikdən sonra atamın məsləhəti ilə bu arzuma çatdım.

 

- Şagirdlərə ixtisasınızı necə sevdirə bilirsiniz?

 

- Riyaziyyat quru elm deyil. O ədədlərin, riyazi işarələrin köməyi ilə bizə ətrafımızda olanları danışır. Mən də şagirdlərimə əyləncəli şəkildə riyazi dili öyrədir, sonra riyaziyyatsız yaşamağın mümkün olmadığını, həyatımızın bütün sahələrində, istər məişətimizdə, istərsə də iş həyatımızda  bizə çox lazım olduğunu başa salıram.

 

- Dərs prosesində ən çox istifadə etdiyiniz metodlar hansılardır?

 

- İnteraktiv təlim metodlarından daha çox istifadə edirəm. Çünki interaktiv təlim dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyini nəzərdə tutur. İnteraktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiyyətlərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir.

 

Müasir dərs öyrətmə prosesində müəllimin göstərdiyi pedaqoji məharəti, ustalığı nəzərdə tutur. Müəllim sinifdə işgüzar şərait yaradıb şagirdlərin müstəqil mühakimələrinə geniş meydan açırsa, hər mövzunun xarakterinə uyğun priyomlardan, çeviklik və interaktivliyin təmin edilməsindən, problemli təlimdən istifadə edirsə, deməli, o, dərsi müasir tələblər əsasında qura bilir.

 

- Pedaqoji fəaliyyətinizdə qazandığınız uğurlar hansılardır?

 

- Ən birinçisi şagirdlərimin və valideynlərinin sevgisi, məhəbbəti, hörməti, şagirdlərimin uğurları mənim ən böyük mükafatımdır. Qeyd edim ki, məktəbin, rayon icra hakimiyyətinin, 2017-ci ildə Təhsil Nazirliyinin Fəxri Fərmanlarına layiq görülmüşəm. Ən böyük mükafatım isə möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülməyimdir. Bu diqqət və qayğıya görə Prezidentimizə dərin təşəkkürlərimi bildirirəm.

 

- Sinif rəhbəri kimi valideynlərlə  işinizi necə qurursunuz?

 

- Riyaziyyatda belə bir aksiom var: 3 nöqtədən yalnız bir müstəvi keçirmək olar. Təhsildə də belədir, şagird, müəllim, valideyn, bunlardan biri əksik olsa, işimizin səmərəsi olmaz. Ona görə də valideynlərlə sıx əlaqə saxlayıram. Övladlarının dərs oxumaları üçün lazımi şəraitin yaradılmasına aid  dəyərli məsləhətlər verirəm.

 

- Məktəbin ictimai həyatında nə kimi fəaliyyət  göstərirsiniz?

 

- Məktəbdə riyaziyyat fənni üzrə metodbirləşmə rəhbəriyəm. Fənn olimpiadalarının, “açıq dərs”lərin keçirilməsində və məktəbdə təşkil olunan tədbirlərdə yaxından  fəal iştirak edirəm.

 

- Boş vaxtlarınızda nə işlə məşğul olursunuz?

 

- Ədəbiyyatı çox sevirəm. Öz əllərimlə saldığım baxçamdakı güllərə  sevə-sevə qulluq edirəm. Nəvələrim ilə oynamaq, onları sevmək, ailəmlə məşğul olmaq, şagirdlərim ilə söhbət, onlara kömək etmək həyatımın bir parçasıdır. Ümumiyyətlə, boş vaxtım qalmır.

 

- “Əməkdar müəllim” fəxri adını almağınız xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

 

- Çox gözlənilməz oldu. Amma həmişə inanmışam ki, nə vaxtsa çəkdiyim zəhmət qiymətləndiriləcək. Elə də oldu...

 

- Gənc müəllimlərə nə tövsiyə edərdiniz?

 

- Gənc müəllimlərə məsləhət görərdim ki,  həmişə şagirdlərini, ən əsası peşələrini sevsinlər. Həm də vəzifələrini vicdanla yerinə yetirsinlər. Bir də daim öz üzərlərində çalışsınlar. Onda hər şey istədikləri kimi olacaq.

 

Şakir CƏFƏROV