Aygün Babazadə: “Dünyanın ən aparıcı reytinqlərinin baxdığı indikatorların ən vaciblərindən biri ali məktəblərdə elmi tədqiqatların nəticələridir”


Müasir dövrün reallıqları ölkənin elmi potensialını öz çiyinlərində daşıyan alimlərin, tədqiqatçıların mühüm rolunu əvvəlkindən daha çox qabardır. Məhz intellektual potensialın daşıyıcıları olan alimlər bilik iqtisadiyyatının formalaşması, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsində xüsusi çəkiyə malikdir. Bu mənada ölkəmizin ali təhsil müəssisələrində çalışan alim-tədqiqatçıların da üzərinə məsuliyyət düşür.

 

Ötən tədris ili alimlərimizin fəaliyyəti baxımından nə ilə yadda qalıb? Alimlərimizin dünya elm aləmində yüksək səviyyəli məqalələrlə çıxış etməsi üçün hansı işlər görülür?Bütün bu məsələləri “Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Aygün Babazadə ilə müzakirə etmək qərarına gəldik.  Söhbətimizin əvvəlində Aygün xanımdan ölkəmizin ali məktəblərində keçirilən seminarlarla bağlı məlumat aldıq.

 

- Biz artıq 2016-2017-ci illərdə və 2018-ci ilin ilk 6 ayında Gəncə və Naxçıvan da daxil olmaqla ölkəmizin 65-ə yaxın ali təhsil müəssisəsində seminarlar keçirmişik. Seminarların əsas məqsədi, ilk növbədə, alimlərimizi “Web of Science” platforması ilə tanış etmək, bazada axtarış aparmaq barədə məlumatlandırmaq,  bazanın təqdim etdiyi funksiyalardan maksimim istifadə və yararlanmaqdır.  “Web of Science” 2015-cı ildən Azərbaycandadır və təbii ki, əvvəllər ilk qısamüddətli  hədəfimiz alimlərimizin elmi baza ilə tanışlığı və bazadan istifadə bacarığını təkmilləşdirmək idi. Düşünürəm ki, artıq bu məqsədimizə 90 faiz nail ola bilmişik. Azərbaycanın əsas aparıcı universitetlərinin alim və tədqiqatçıları bazadan istifadəni mənimsəyib, bazada axtarış aparmağı artıq bacarırlar. Biz artıq ona nail  olmuşuq ki, 2017-ci ildə Azərbaycan ali təhsil müəssisələrində bazadan istifadə aktivliyi 2016-ci illə müqayisədə 75 faiz artıb. Biz bunu bazaya daxil olmaların sayı ilə ölçmüşük. Daha uzunmüddətli hədəf isə Azərbaycanda ali təhsil müəssisələrində publikasiya aktivliyinə nail olmaqdır. Yəni, istifadə aktivliyi, bazadan istifadə, alimlərin elmi-tədqiqat trendində qalması vacibdir. Ancaq  növbəti və daha çətin mərhələ publikasiyaların davamlı artımını təmin etməkdir. Düşünürəm ki, bunlar bir-biri ilə qarşılıqlı əlaqədədir. Universitetlərimizə gəldikdə isə deməliyəm ki, Təhsil Nazirliyi nəzdində olan bütün ali məktəblərimizdə mən və  MDB ölkələrində çalışan həmkarlarım tərəfindən bu tipli seminarlar artıq keçirilib. Biz, ümumiyyətlə, ali təhsil müəssisələrində elmin ölçülməsi sahəsində yerli koordinatorların və ekspertlərin yetişdirilməsində maraqlıyıq.

 

Bu məqsədlə ikigünlük intensiv sertifikasiya proqramları keçiririk ki, artıq  Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bu tipli sertifikatlaşma proqramlarımız olub. Koordinatorlarımız təmsil etdikləri universitetlər daxilində elmi bazadan istifadəylə bağlı yaranan sualları cavablandıra və istifadəçilərə məsləhətlər verə bilərlər. Biz onlara bu hüququ veririk.

 

- Böyük bir təşəbbüsdən bəhs etdiniz. Deyə bilərik ki, artıq universitetlərimiz özləri bu prosesə daha fəal qoşulacaqlar?

 

- Bəli, elədir. Xüsusən də ali məktəblərin elm şöbələri, elm departamentlərinin müvafiq şöbələri bu prosesə qoşula bilər. Bu şöbələrdə sırf elmin ölçülməsi, elmi tədqiqat işlərinin keyfiyyət və səmərəliliyinin qiymətləndirilməsi istiqamətində güclü mütəxəssislər yetişib.

 

- Publikasiya aktivliyinin dinamikası Təhsil Nazirliyi və “Thomson Reuters” arasında müqavilənin imzalanmasından sonra necə dəyişib?

 

- Bu istiqamətdə Təhsil Nazirliyinin səyləri ilə 2015-ci ildən bu günə qədər biz böyük inkişaf yolu keçmişik. Bunun ən əyani nümunəsi publikasiya aktivliyidir.  Artq biz görürük ki, 2017-ci ildə 2016-cı ilə nisbətən publikasiya aktivliyi  nəzərəçarpacaq  dərəcədə  artıb. Bunları statistik cədvəllər vasitəsi ilə diqqətə çatdıra bilərəm. Düşünürəm ki, burada həm Təhsil Nazirliyi, həm AMEA-nın  alimlərin motivasiyası istiqamətində həyata keçirdikləri stimullaşdırma proqramları,   həm Azərbaycanda bu sahənin inkişaf etməsinə yönəlik qanunvericilik aktları və tənzimləmə mexanizmləri, eyni zamanda “Web of Science”in Azərbaycanda son illərdə apardığı aktiv təbliğat və təbii ki, ən əsası, azərbaycanlı alimlərin səyləri və zəhməti - hamısı birlikdə, kompleks şəkildə ölkəmizdə bu sahədə inkişafa və publikasiya artımına gətirib çıxarıb.

 

- Ötən tədris ilində ali məktəblərimizin publikasiya aktivliyi necə olub?

 

- 2017-ci ildə “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə görə Azərbaycan ilk dəfə olaraq Cənubi Qafqaz ölkələri arasında ikinci yerə yüksəlib, nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə isə regionda birinci yerə çıxıb. Bu günə olan məlumata əsasən, “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycan üzrə 1132 elmi tədqiqat işi qeydə alınıb (son 25 ildə Azərbaycan üzrə publikasiya sayının rekord həddi). Qeyd edək ki, analoji rəqəm Gürcüstan üçün 1028 təşkil edir.

 

2017-ci ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 43%-i məhz ali  təhsil müəssisələrinin payına düşüb. Ölkə kontekstində ali təhsil müəssisələrinin və AMEA-nın son 5 ildə publikasiya aktivliyinin müqayisəli təhlilini aşağıdakı qrafikdən görmək olar.

 

 

Qeyd: 2013-cü ildə AMEA-nın ümumi nəşrlərinin sayı ali məktəblərin ümumi nəşrlərinin sayını 2 dəfədən çox üstələyirdisə, 2017-ci ilin ötən dövründə bu sayda yaxınlaşma müşahidə olunur.

 

2017-ci il üzrə Bakı Dövlət Universiteti (245 elmi iş),  Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (58), Tibb Universiteti (49), Gəncə Dövlət Universiteti (27) və Texniki Universitet (26) elmi məhsuldarlığa görə xüsusi fərqlənib və ən çox elmi iş generasiya edən ali təhsil müəssisələri olublar. Elmi məhsuldarlığın artım dinamikasına görə isə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və UNEC xüsusilə fərqləniblər. Belə ki, 2016-ci illə müqayisədə 2017-ci ildə UNEC-də nəşr aktivliyi 3 dəfə, GDU-da 2.7 dəfə, ADPU-da isə 2.3 dəfə artıb.

 

 

Qeyd: Son 5 il üzrə nəşrlərin ümumi sayına görə (854) BDU digər ali məktəbləri  xeyli qabaqlayır.

 

-  Alimlərimizin publikasiya aktivliyi ali məktəblərin reytinqinə nə dərəcədə təsir edir?

 

- Birbaşa təsir edir. Dünyanın ən aparıcı reytinqlərinin (məsələn, Avropada Times, QS, Leiden, Asiyada Şanxay, Amerikada Usnews, Rusiyada aparıcı RUR və s.) baxdığı indikatorların ən vaciblərindən biri  ali məktəblərdə elmi tədqiqatların nəticələri, onların hansı səviyyədə olmasıdır. Tanınmış reytinq agentliklərinin çoxu  elmlə bağlı məlumatlarını  məhz  “Web of Science”dən alırlar. Birmənalı deyə bilərik ki, nəticələr reytinqlərə birbaşa təsir göstərir. Yəni, biz burada elmi tədqiqat işlərinin həm kəmiyyətindən, həm də keyfiyyətindən danışmalıyıq. Bir məsələ var ki, elmi tədqiqat işlərinin sayı artır, digər tərəfdən, onunla paralel inkişaf etməli olan digər məsələ isə həmin elmi tədqiqat işlərinə istinad payıdır, o da artmalıdır. Yəni, bu onun keyfiyyət göstəricisidir. Bu onu göstərəcək ki, dünya elmi, akademik ictimaiyyət bizim elmi tədqiqat işlərində nə dərəcədə maraqlıdır.  Keyfiyyət onların istinadlarında ifadə olunur. Başqa sözlə desək, biz həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə nail olduğumuz müddətdə  universitetlərimizin dünya reytinqlərində yerləri yüksələcək. Beynəlxalq indeksli elmi jurnalların tələblərinə uyğun yazılmış keyfiyyətli və maraqlı elmi-tədqiqat işinin paralel olaraq yüksək impaktlı dərgilərdə nəşr olunması həmin işin yüksək istinad qazanmasını təmin edir. Yəni, ortada təbii ki, ilk növbədə orijinal və məzmunlu tədqiqat işi olmalıdır. Bundan savayı, həmin işlər beynəlxalq akademik yazı qayadalarına və tərtibat standartlarına uyğun yazılmalıdır. Şübhəsiz ki, bu tədqiqat işləri yüksək impakt faktora malik dünyaca nüfuzlu elmi jurnallarda nəşr olunmalı və bu yolla qlobal akademik ictimaiyyətə çatdırılmalıdır. Bu şərtlər təmin olunduğu müddətdə sözsüz ki, dünya alimləri tərəfindən elmi işlərimizə olan istinadların daha da artmasını müşahidə edəcəyik və elmi fəaliyyətimizin keyfiyyət göstəricisini daha da yüksəltmiş olacağıq.

 

Bir faktı da qeyd edim ki, beynəlxalq kollaborasiyalar (əməkdaşlıq qrupu) səviyyəsində yazılan elmi işlərə, adətən, daha çox istinad olur. Bu praktikaya xaricdə daha çox rast gəlmək olar. Misal üçün qeyd edim ki, qonşu Gürcüstanda yüksək impakt faktorlu elmi jurnallarda yer alan tədqiqat işlərinin, təxminən, yarısı bu tipli kollaborasiyalar şəklində yazılan məqalələrdir. Belə ki, Azərbaycan tədqiqatçılarının beynəlxalq elmi əməkdaşlıq layihələrində iştirakının artması, müxtəlif tədqiqat sahələri üzrə dünyanın tanınmış alimləri ilə birlikdə həmmüəllif olaraq nəşr olunmuş tədqiqat işlərinin artması nəticə etibarilə alimlərimizin işlərinə olan istinadların sayının yüksəlməsinə gətirib çıxaracaq.

 

- Ölkəmizdə ən çox istinadlar hansı elm sahələrində müşahidə olunur? 

 

- Azərbaycanda, bildiyiniz kimi, sovet dönəmindən  miras olaraq fundamental elmlər çox güclü inkişaf edib. Yəni, Azərbaycanda ən çox araşdırılan və tədqiq edilən elmi tədqiqat istiqamətlərinə baxsaq, mən deyə bilərəm ki, birinci yerdə riyaziyyat, materialşünaslıq, bərk cisimlər fizikası, tətbiqi fizika və kimyadır. Bu, 5 əsas tədqiqat istiqamətidir. Məsələn, təkcə riyaziyyat üzrə 2017-ci ildə bazaya Azərbaycandan 117 elmi tədqiqat işi daxil olub. Bu tədqiqat sahələri məhsuldar olmaqla yanaşı, həm də kifayət qədər effektivdirlər. Belə ki, son 5 ildə, böyük əməkdaşlıq layihələrini çıxmaq şərtilə, ən çox istinad alan məqalələr məhz bu tədqiqat sahələri üzrə nəşr olunub.

 

Ölkə üzrə bu günə qədər bazada yer almış 61 “ən çox istinad olunan məqalələr”ə (qlobal səviyyədə konkret tədqiqat kateqoriyası üzrə ən çox istinad almış top 1% məqalələr) nəzər salsaq görərik ki, bu məqalələr daha çox hissəciklər fizikası, astronomiya və astrofizika, nüvə fizikası və ümumi tibb sahələrinə aiddirlər. Lakin vurğulayım ki, bu tədqiqat işlərinin 70%-i məhz nəhəng beynəlxalq kollaborasiya-ATLAS kollaborasiyası çərçivəsində həyata keçirilib. Yuxarıda qeyd etdiyim kimi, bu tipli böyük layihələr çərçivəsində aparılan elmi tədqiqat işlərinə həddən çox istinad olunur.

 

Adətən elmi işlərə istinad qazanmaq üçün müəyyən qədər vaxt lazım olur. Lakin eksperimental elmlərdə istinadqazanma tendensiyası (citation pattern) daha fərqlidir. Bu sahələrdə yeniliklər həddən artıq çoxdur və daha sürətlidir, lakin alınmış elmi nəticələr də müvafiq olaraq tez “köhnəlməkdədir”. Başqa sözlə, nəticələrin aktuallıq ömrü daha qısa olduğundan bu tədqiqat kateqoriyalarına aid elmi işlər daha tez və adətən, daha çox istinad qazanırlar. Misal üçün qeyd edim ki, dünyada ən yüksək impakt faktora malik olan “CA-A Cancer Journal for Clinicians” jurnalıdır. İmpakt faktoru 244.58 olan və ildə 6 dəfə çıxan bu jurnal məhz tibb sahəsinə, daha dəqiq desək, “Onkologiya” kateqoriyasına aiddir.  

 

- Əgər belədirsə, onda deyə bilərsinizmi, impakt faktorlu jurnallarda ən çox dərc olunan universitet alimlərimiz kimlərdir?

 

-  Son statistikaya əsaslanaraq, onların adlarını açıqlaya bilərəm. Onlar, ali təhsil müəssisələrinə baxsaq, əsasən BDU və ADNSU-nun professor-müəllimləridir. Ən çox dərc olunan universitet alimləri Məhəmməd Babanlı, Abel Məhərrəmov, Məhəmmədəli Ramazanov, Kamran Mahmudov, Ataş Qurbanov, Ziya Əliyev, Mirzə Allahverdiyev, Nazim Əzizov, Rafiq Əliyev və Famil Çıraqovdur. Adları çəkilənlər ilk 10-luqdadır. Onlar impakt faktorlu jurnallarda və “Web of Science”də   indekslənən digər elmi kommunikasiya kanallarında ən çox elmi tədqiqat işləri olan  alimlərimizdir. BDU-da riyaziyyat, kimya və fizika istiqamətlərində daha çox  elmi tədqiqatlar aparılır. ADNSU-da ənənəvi tədqiqat sahələri ilə yanaşı, kompüter elmləri və süni intellekt, kompüter elmləri və sahələrarası tətbiqlər, kompüter elmlərinin nəzəri metodologiyası, mühəndislik istiqamətləri ən çox tədqiq olunan elm sahələrindəndir.

 

- Azərbaycanın regional fəallığını Mərkəzi Asiya ilə necə müqayisə edə bilərik?

 

-  Biz Azərbaycanın mövqeyinin Cənubi Qafqazda yüksək olduğunu deyirik.  Çünki Azərbaycan ilk növbədə bu regionu təmsil edir. Bizim şirkətdə də yanaşma bundan ibarətdir ki, Azərbaycan Cənubi Qafqaz regionu, ümumilikdə isə böyük Avropa regionunun bir hissəsidir. Məhz bu vizyona əsaslanaraq, şirkətimizin rəhbərliyi məni Azərbaycan, Gürcüstan və Ukrayna bazaları üzrə direktor təyin etdi. Mərkəzi Asiya ölkələrinin universitetlərinin inkişaf dinamikası ilə Azərbaycandakı analoji dinamikanı müqayisə etsək, müəyyən oxşarlıqlar tapmaq olar.  Məsələn, Qazaxıstan Mərkəzi Asiyada liderdir. Azərbaycan isə son 3 ildə publikasiya aktivliyinin artım sürətinə görə Cənubi Qafqazda birincidir.  Qazaxıstanda 2011-ci ildən “Elm haqqında” Qanunun qəbulundan və “Web of Science”nin bu ölkəyə gəlişindən sonra elm sahəsində elmi tədqiqat işlərinin sayında sıçrayış oldu. Azərbaycanda isə bu proses bir az gec, yəni 2015-ci ilin sonundan “Thomson Reuters”in Əqli Mülkiyyət və Elm bazası (hazırkı Clarivate Analytics) ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında bağlanmış müqavilə ilə  başladı. Və eyni sürətli artım dinamikasını biz ölkəmizdə də hiss etməyə başladıq. Lakin mən, bir daha təkrar etmək istərdim ki, hal-hazırda olduğumuz coğrafiya imkan verir ki, biz Qərbi Avropa, ABŞ, Türkiyə kimi ölkələrlə daha sıx əlaqələrə girək. Azərbaycanlı tədqiqatçıların ən uğurlu, məhsuldar və effektiv əməkdaşlıq layihələri də elə məhz ABŞ, Avropa İttifaqı ölkələri və Türkiyə universitetləri və elmi tədqiqat universitetləri ilədir.

 

Düzdür, elmin sərhədi yoxdur. Eyni tədqiqat istiqamətini, sahəni bölüşən istənilən alim dünyanın dörd bir yerində birləşə və kollaborasiya fəaliyyətinə başlaya bilər.  Ancaq sırf geopolitik prizmadan baxdıqda, mən düşünürəm ki, Azərbaycan burada   daha əlverişli mövqedədir. Bir faktı qeyd edim ki, təkcə son 5 ildə yerli alimlərimizin 120-yə yaxın elmi tədqiqat işi Turkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TUBİTAK) tərəfindən maliyyələşdirilib. Bununla yanaşı, onlarla işimiz Avropa İttifaqının müxtəlif qrant layihələri, Portuqaliya Elm və Texnologiya Fondu, Almaniya Tədqiqat Fondu, ABŞ-ın Milli Elm Fondu və digər beynəlxalq fondlar tərəfindən maliyyələşdirilib. 

 

(Davamı növbəti sayımızda)

 

Oruc MUSTAFAYEV

 

Davamı: http://muallim.edu.az/news.php?id=1857