Xırdalan şəhər 10 nömrəli tam orta məktəbində 8 noyabr- Zəfər Günü ilə bağlı “Vətənimin Zəfər Günü” adlı tədbir keçirilib.

 

Tədbir  ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

 

Aparıcılar  Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə ətraflı məlumat veriblər. Qeyd olunub ki, qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün Şəhidlərimizin ruhu şaddır. Onların haqq işi qələbə çalmış, qanları yerdə qalmamışdır.  

 

Daha sonra məktəbin direktor əvəzi Əzizə Abdıyeva  bildirib ki, 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayırıq.

 

Tədbir  məktəblilərin ifasında şəhidlərə həsr olunan şeirlərin və  mahnıların səslənməsi ilə başa çatıb. 

 

Rəşad ZİYADOV