Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında damar və ürək-damar cərrahları üçün seminar keçirilib. Almaniyanın Mannheim Cərrahiyyə Klinikasının layihəsi olan seminarda kardioloji xəstəliklərə müasir tibbi yanaşmalar və kardiologiya sahəsində yeniliklər müzakirə olunub.

 

Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev, klinikanın tədris və elmi məsələlər üzrə direktor müavini, professor Davud Pənahov seminarda çıxış edərək kardiologiya sahəsində qazanılan uğurlardan, eləcə də mövcud problemlərdən söhbət açıblar. Bu mövzuda seminarın həm biliklərin artırılması və mübadiləsi, həm də praktikanın gücləndirilməsi baxımından önəmli olduğu diqqətə çatdırılıb.

 

Seminarda Mannheim Universiteti Xəstəxanasının Damar cərrahiyyəsi şöbəsinin professoru, Dr. Michale Keesenin “Torakal aorta cərrahiyyəsində yenilliklər”, Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti, professor, Dr. Kamran Musayevin “Torakal aorta cərrahiyyəsində Azərbaycan təcrübəsi” mövzularında məruzələri dinlənilib.

 

Eyni zamanda Mannheim Universiteti Xəstəxanasının Damar cərrahiyyəsi şöbəsinin uzmanı, ATU-nun məzunu Dr.Vüqar Yaqublu, ATU-nun I cərrahi xəstəliklər kaferasının assistenti Elman Əzimov seminarda rezidentlərin iştirakı ilə praktiki cərrahi təhlil aparıblar.

 

Seminarın işində kardiocərrahlar, kardioloqlar, rezidentlər və Rezidentura şöbəsinin Tədris Cərrahiyyə Klinikası üzrə məsul şəxsi, assistent Namiq Xəlilov iştirak ediblər.