Şanlı Zəfər Həsən Mirzəyevin müqəddəs arzularına işıq saldı


Bu il noyabrın 26-da filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi Həsən İbrahim oğlu Mirzəyevin anadan olmasının 94 illiyidir. O, tez-tez əhatəsində olan insanlara dünyanın əbədi olmadığını xatırladırdı. Həsən Mirzəyev bu sadə həqiqətlə bərabər, əməllər ilə əbədiyyət qazanmağın mümkün olduğunu insanların yadına salırdı. Həsən Mirzəyevi tanıyanlar onu da bilirdilər ki, o, uğursuzluğa görə ruhdan düşmür və bəziləri kimi bunun səbəbini başqalarında deyil, özündə axtarmağı lazım bilirdi. O, Fyodor Dostoyevskinin dediyi kimi, həyatı onun mənasından daha çox sevirdi. Bəlkə bunun üçün idi ki, ətrafındakı insanlar Həsən Mirzəyevi tükənməz enerji mənbəyi sayırdı.

 

O, tələbələrinin yadında quru nəzəriyyələrin, cansıxıcı, şablon fikirlərin və həyat ilə heç bir əlaqəsi olmayan, təcrübədə yoxlanıla bilməyən, mücərrəd mühakimələrə əsaslanan sxolastik yanaşmaları rədd edən, axtarışda olmağı hər bir yaradıcı insan üçün başlıca keyfiyyət sayan müəllim olaraq qalıb. Buna görə idi ki, Həsən Mirzəyev rəhbəri olduğu kurs və diplom işlərinin mövzusuna həssaslıqla yanaşır, o mövzunu təklif edənlərdən də həmin həssaslığı gözlədiyini gizlətmirdi. Professor tələbələrinə elmdə heç bir mübahisə predmeti və perspektivi olmayan mövzulardan uzaq qaçmağı tövsiyə və tələb edirdi. Bizim tələbə olduğumuz zamanlarda, 1980-ci illərin əvvəllərində, o, bütün yetirmələrindən, xüsusilə, bugünkü Ermənistan və Gürcüstandan olan tələbələrindən daha çox toponimlərlə əlaqədar mövzular işlənilməsini tələb edirdi. Onu xatırladırıq ki, onda həmin mövzular indiki kimi, elmi olmaqla bərabər, siyasi zərurət də sayılmırdı. Bir dəfə adını xatırlamadığım tələbə yoldaşlarımdan biri “Niyə həmin mövzulara bir belə diqqət ayırırsınız, Həsən müəllim?-sualına isə professorun cavabını unutmamışam və heç vaxt da unutmayacağam: “Ona görə diqqətliyəm ki, qızım, toponimlər cəmiyyətin və bütövlükdə bəşəriyyətin inkişafında əvəzsiz elementdir. Onların hər birində bizim ata-babalarımızın nəfəsi, xalqımızın keçdiyi yerlərdə izi, nəfəsi qalıb. Əgər bu gün bizim hər birimiz o izləri qorumasaq, onların qayğısına qalmasaq, baxımsız evlər kimi günün birində itib-batacaq”.

 

Bu, alim-vətəndaş hisslərinin ifadəsi idi.

 

Həmin mükalimədən az sonra Həsən Mirzəyev növbəti mühazirələrin birində yenidən həmin söhbətə qayıtdı. Qayğılı və həmin qayğının bütün üz cizgilərində hakim kəsildiyi tutqunluqla mühazirənin mövzusundan 5-10 dəqiqəlik kənara çıxacağını elan edən professor, bir həftə əvvəl bir qrup tələbə ilə etdiyi söhbəti yada salaraq, 75 nəfərlik auditoriyaya xitab etdi: “Əlbəttə, onu sizlər də yaxşı bilirsiniz ki, toponimlər müəyyən bir ərazi hüdudlarında onların məcmusunu ifadə edir; çoxəsrlik xalq yaradıcılığının, coğrafi adların yaradılmasının nəticəsi olaraq meydana gəlir. Toponimlərin əsas xüsusiyyəti onların sabitlik, canlılıqdır və buna görə də ən qədim abidələr kimi xalqına xidmət edir, bəşər tarixinin, mədəniyyətinin və dilinin dərinliklərinə nüfuz etmək üçün bizə imkan verir. Bir çox toponimik adlar onları yaradanlara şahidlik edir, bir-birini əvəz edən müxtəlif tayfalar və xalqları nişan verir. İstənilən ərazi ilə tanışlıq, istər ölkə, istər şəhər, istər kənd olsun, fərqi yoxdur, onun toponimləri xalqın poetik dizaynı, xalqın xarakterinin, tarixinin, meyl və məişət xüsusiyyətlərinin danışan dilidir. Ona görə, mühazirənin mövzusundan kənara çıxdım ki, bunları bir daha sizə xatırladım”. Həsən müəllim bu sözlərdən sonra auditoriyanın pəncərəsindən darısqal, sanki havasızlıqdan təngənəfəs olan küçəyə baxdı və gözlənilmədən Tufarqanlı Abbasdan üç bəndlik qoşma dedi:

 

“Bəd övladı əzəl başdan tanıram,

 

Çör-çöp yığar, yad ocağın yandırar.

 

Səhər durar ar-namusun gözləməz,

 

Suyu tökər, öz ocağın söndürər.

 

Ulğun cuşa gəlsə, köpük yağ olmaz

 

Söyüd bar gətirsə, bağça, bar olmaz

 

Zibil təpə olsa, güllük dar olmaz,

 

Yel əsəndə alçaqlara endirər.

 

Abbas bu sözləri deyər sərindən,

 

Arxı vurun, suyu gəlsin dərindən,

 

El bir olsa, dağ oynadar yerindən,

 

Söz bir olsa, zərbi kərən sındırar”.

 

Həmin səhnəni unuda bilmirəm.

 

O, adamlarda vətəndaş mövqeyi axtarırdı və onu qeyd etməyi lazım bilirəm ki, Həsən Mirzəyevin müəllim-alim-ictimai xadim olaraq yaranan portretini tamamlayan ən mühüm detal məhz onun mövqeyi hesab oluna bilər.

 

Professorun  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfinfən ali məktəb tələbələri üçün dərs vəsaiti kimi təqdim edilmiş və 1997-ci ildə nəşr olunan “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz”  kitabı dil faktlarının toplandığı arealın genişliyi ilə heyrətamizdir. Azərbaycan aşıqları və el şairləri, Azərbaycan xalq dastanları, Azərbaycan aşıq ədəbiyyatının ayrı- ayrılıqda ən nəhəng nümayəndələri, həmçinin müasirləri olan aşıq və el şairlərinin saya- hesaba gəlməyən yaradıcılıq nümunələrini tədqiqata cəlb edərək qədim tariximizin qatlarına enir, yaşayan adları, onların etimologiyasının izi ilə gedə bilirdi. Professor Qəzənfər Kazımov onun bu keyfiyyətlərinə stimul verən amili belə  qiymətləndirirdi: “Həsən Mirzəyev filologiyamızda müasir ədəbi dilimizin morfologiyasını, xüsusən dilin quruluş xüsusiyyətlərini sinxron, diaxron aspektdə araşdırmaqda, o cümlədən xalqın qədim tarixini, dilini, milli orijanıllığını daha yaxşı mühafizə edib saxlayan feillərin mahir tədqiqatçısı kimi məşhurdur. Lakin professor həqiqi bir filoloq kimi el sənətinə- aşıq ədəbiyyatına da dərindən bələddir və bu sahənin vurğunudur. “Aşıq poeziyasında yaşayan adlarımız və tariximiz” kitabında müəllif əsasən onomastik leksikanın tədqiqi ilə məşğul olmuş və xüsusi adları bir küll halında bütün sahələr üzrə nəzərdən keçirmişdir”.

 

Bu kitabında Azərbaycan aşıq poeziyasının izinə düşüb Gəncə, Ordubad, Naxçıvan, Dərbənd, Şamaxı, Şəki, Savalan, Şəmkir, İrəvan, Qazax, Göyçə, Qarabağ, Dərələyəz, Qafqaz  və başqa toponimlər əsasında dilimizin tarixinə qoşulub gedirik. Buna görədir ki, Həsən Mirzəyevin türk mənşəli etnonimlər və bu etnonimlər əsasında yaranan toponimlərlə bağlı mülahizələri elmi olduğu qədər inandırıcıdır.

 

Həsən Mirzəyev bu silsilə tədqiqatların davamı olaraq heyrətamiz zəhmət tələb edən böyük elmi əhəmiyyətli növbəti əsərlər yaradıb. “Dərələyəzin toponim və şivə sözləri”, “Dərələyəz folkloru”, “Qərbi Azərbaycanın Dərələyəz mahalı” (ensiklopedik məlumat), “Dərələyəz mahalının toponimləri və şivə sözləri” kimi sanballı monoqrafiyalarında Dərələyəz mahalının etnoqrafik mənzərəsini ortaya qoyan professor, Azərbaycan dilçiliyində bu istiqamətdə gedən prosesləri sürətləndirməklə, oxşar mövzuda aparılan elmi axtarışlara impuls veribdir. O axtarışların içərisində Qərbi Azərbaycandakı toponimlərlə bağlı araşdırmaları xüsusi yer tutur. Dərələyəz mahalının toponimiyasının əsas fondunun türkmənşəli adlar təşkil etdiyi birmənalıdır. Azərbaycanda, əlbəttə, o cümlədən, onun təbii sərhədləri içərisinə daxil olan indiki “Ermənistan dövlətinin” ərazisində xəzər, qıpçaq, oğuz-səlcuqlarla bağlı toponim layları kifayət qədər dərinlikdədir. O layların araşdırılması işində professorun elmi marağı qədər də vətəndaş yanğısını müşahidə etmək mümkündür. Patetikadan  uzaq olaraq onu qeyd etməyi vacib bilirik ki, Qərbi Azərbaycanın istənilən ərazisində erməni xalqına bağlı toponimlərlə nadir hallarda rastlaşmaq olduğu halda, bu sahədə dominantlığın Azərbaycan xalqına məxsusluğunu hər bir məqamda görmək mümkündür. Bu xüsusda Həsən müəllimin apardığı tədqiqatların miqyası ancaq genişliyinə görə deyil, elmi təsdiqinə görə mühüm əhəmiyyət daşıyır. Onun tədqiqata cəlb etdiyi aqoronimlər, antrotoponimlər, zoonimlər, drinonimlər, hidronimlər, oykonimlər, oronimlər  200 ilə yaxındır ki, havadarlarının bütün imkanları ilə göstərdiyi yardımlar sayəsində bu yerlərdən azərbaycanlıları çıxarmağı bacaran erməni millətçiləri onların getdiyi izləri silə bilmədiyini göstərir. XIV cildlik kitabının III cildinə toponimlərlə bağlı araşdırmalarını verən müəllif o araşdırmaların elmi, hətta siyasi əhəmiyyətini diqqətə çatdırır: “Torpağını-daşını qarış-qarış gəzdiyim, maddi-mədəniyyət abidələrinə dərindən bələd olduğum Dərələyəzin toponimistik vahidlərini qələmə almağı zəruri hesab etdim”.

 

O, möcüzəyə inanmırdı, həyatda qazanılan hər bir dayanıqlı uğurun kökünü elm və zəhmətdə görürdü.

 

Bu sətirlərin müəllifi dəfələrlə həmin prinsipial mövqeyin şahidi olub və onu gənclik illərindən tanıyanların dediklərindən də məlum olur ki, Həsən Mirzəyev bütün şüurlu həyatı boyu bu inamın arxasınca gedib.

 

Onu Azərbaycan Dövlət Pedaqoji Universitetinə, Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturasına gətirən də o inam olub və ömrünün sonunadək orada çalışıb. O, burada müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, dekan müavini və kafedra müdiri vəzifələrini tutub.

 

O, dilçiliyin müxtəlif problemlərinə dair bir sıra sanballı tədqiqatları ilə tanınırdı, alimin xüsusən Qərbi Azərbaycanın yer adları ilə bağlı araşdırmaları milli tarixin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. Bu illərdə professor Həsən Mirzəyevin 200-dən çox elmi əsəri, o cümlədən 25 kitabı,10-a yaxın dərs vəsaiti işıq üzü görüb və o detalı xatırladaq ki, bu kitab və məqalələr alimin elmi yaradıcılığını əks etdirən statistik göstəricilərdir. Bu elmi axtarışların subyekti olan mövzular isə müəllifin daxilindən gələn istəyin hara istiqamətləndiyini ifadə edən göstəricilərdir. Bunun üçündür ki, professor Həsən Mirzəyevi yaxından tanıyan dilçilər onun tədqiqat subyekti kimi əsas nitq hissələrindən olan “feil”-i seçməsinə heyrətlənməyib, hətta yeri düşəndə, bununla bağlı həqiqət yükü olan zarafatlarından da qalmayıblar.

 

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, professor Tofiq Hacıyev Həsən müəllimin böyük təntənə ilə keçirilən 85 illik yubileyində onun elmi fəaliyyətini çıxışının sonunda bu cür səciyyələndirdi: “Həsən Mirzəyev müasir Azərbaycan elminin feilidir”.

 

Hesab edirik ki,bu, qaynar, qaynar olduğu qədər də çalışqan və məhsuldar Həsən Mirzəyevin həyat yolunun sərrast ifadəsi idi. 

 

Azərbaycan filologiyasının inkişafında filologiya elmləri doktoru, professor  Həsən Mirzəyevin xidmətlərini onun tədqiqata cəlb etdiyi mövzuları sadalamaqla da göstərmək mümkündür. İstənilən ani peşəkar baxış kifayət edər ki, onun mövzu seçərkən həmişə mübahisəli, tədqiq olunmamış, dilçilərin və folklorşünasların toxunmadığı məsələləri tədqiqata cəlb etdiyinin şahidi olasan. Buna görə, cəsarətlə onu demək olar ki, professor  Həsən Mirzəyev Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaradan, bu mövzuda monoqrafiyalar yazan, 150 il müddətində türkologiyada polemik mövzuları (feili sifət, feilin təsir kateqoriyası və s.) tədqiq edən və mübahisələrə son qoyan alimlərdən biri kimi qəbul edilir. Azərbaycan dilində olan feillər özünün leksik-semantik, morfoloji, sintaktik, üslubi, fonetik, frazeoloji, etimoloji xüsusiyyətlərinin zənginliyi, rəngarəngliyi və başlıcası, fərdiliyi ilə digər nitq hissələrindən fərqlənir. Bundan əlavə, feillər üçün xarakterik xüsusiyyətlərdən biri onun dilin milli orijinallığını və qədim ünsürlərini daha yaxşı mühafizə etməsidir. Ona görədir ki, dilçiliyimizdə feillərlə bağlı daha intensiv diskussiyaların, elmi mübahisələrin indi də şahidi oluruq. Kateqoriyaların çoxluğu, fərdiliyi, dilçiliyin əksər sahələri ilə sıx bağlılığı, çoxşaxəliliyi və digər xüsusiyyətləri bu bəhsi, bu bəhslə əlaqədar sahələri söz yaradıcılığı baxımından hərtərəfli tədqiq etməyi zəruri edirdi. Ümumi dilçilikdə, o cümlədən türkologiyada mübahisəli, həmçinin maraqlı səciyyəvi xüsusiyyətləri ilə zəngin olan Azərbaycan dilində feli sifət və təsirli-təsirsiz fellər mövzusu 70-80 ildən artıq müddətdə gah feil, gah da feili sifət bəhsinə daxil edilib. Ona görədir ki, bu istiqamətdə aparılan elmi axtarışların dərs vəsaiti kimi çap olunmasının zəruriliyini Azərbaycan dilçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əbdüləzəl Dəmirçizadə belə əsaslandırırdı: “Həsən Mirzəyevin yazmış olduğu “Müasir Azərbaycan dilində düzəltmə təsirli və təsirsiz feillər” adlı dərs vəsaiti çox aktual problemi əhatə edir. Dilçilik ədəbiyyatında bu problem haqqında geniş məlumat olmadığı üçün tələbələrimiz çətinlik çəkir. Ona gör də bu dərs vəsaitinin tezliklə çap olunması ali məktəblərin filologiya, ibtidai məktəb pedaqogikası və metodikası fakültəsi tələbələri üçün böyük köməkdir”.

 

Professor Həsən Mirzəyev o alimlərdən biridir ki, elmi və ictimai fəaliyyəti vəhdət təşkil edir. Tələbələri, həmkarları, həyatda onu tanıyan kim varsa, onun vətəndaş mövqeyinin şahidi olubdur. Bunu təsdiq edən faktlardan biri barədə: o, 1957-ci ildən sıralarında olduğu Kommunist Partiyası sıralarından  Sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə daxil olaraq dinc əhaliyə qarşı qəddar cinayətlər törətdikdən dərhal sonra etiraz əlaməti olaraq çıxdı.

 

Böyük alim Həsən Mirzəyev hər məqamda həqiqətin və həqiqət ocağı bildiyi xalqının yanında olub. 1990-cı ildə Bakı Şəhər Sovetinin deputatı olarkən də, o həqiqətdən kənar düşmədi, iki dəfə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olanda da.

 

Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycan taleyüklü məqamlarını yaşayan zamanlarda da Həsən Mirzəyev vətəndaş seçimində tərəddüd etmədi, Azərbaycanın gələcəyi, onun nicatı naminə Ümummilli Lider Heydər Əliyevin yanında yer tutdu.

 

Həsən Mirzəyev böyük dövlət xadimi, müasir Azərbaycan dövlətçiliyinin memarı  Heydər Əliyev ideyalarının təntənəsinə inanırdı. O, ömrünün sonuna qədər Azərbaycanın qəsb edilmiş tarixi torpaqlarının ya İlham Əliyevin diplomatiyası, ya da onun Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrinin gücü hesabına öz hüquqi varislərinə qayıdacağına inanıb. 2021-ci il sentyabrın 27-də başlayan və 44 gündən sonra xalqımızın tarixinə böyük Zəfər yazan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan və Silahlı Qüvvələrimiz xalqımıza həmin anların sözlə ifadə edilə bilməyən ovqatını yaşatdı.

 

Həsən Mirzəyev Azərbaycan xalqına və onun liderinə inanırdı. 

 

O, 2015-ci il fevral ayının 25-də  vəfat etdi və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edildi.

 

Bu, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, ictimai xadim Həsən İbrahim oğlu Mirzəyevin sonuncu və əbədi yolçuluğu idi.

 

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya üzrə elmlər doktoru, professor