Təhsil və İqtisadiyyat nazirliklərinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu-2021 dekabrın 2-də öz işini davam etdirib.

 

Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar, UNEC rektoru Ədalət Muradov, Nobel mükafatı laureatı Aziz Sancar, Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev və digər qonaqlar iştirak ediblər.

 

“Postpandemiya dövründə elm və təhsil” mövzusuna həsr olunan panelin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.

 

Açılış nitqi ilə çıxış edən UNEC rektoru Ədalət Muradov forum iştirakçılarını salamlayaraq, panelin postkovid dövründə elm və təhsilə elmi baxış mövzusuna həsr olunduğunu deyib.  

 

Sonra Nobel mükafatı laureatı, dünya şöhrətli alim Aziz Sancar pandemiya dövrünün elm adamları üçün yaratdığı problemlərdən söz açıb. 

 

Forumda çıxış edən təhsil naziri Emin Əmrullayev forumun dövlət müstəqilliyinin bərpasına və böyük Zəfərə həsr olunmasının özünəməxsus əhəmiyyəti olduğunu xüsusi vurğulayıb. 

 

Postpandemiya dövründə təhsil sahəsində yaranan problemlərdən və onların həlli yollarından söz açan Emin Əmrullayev təhsil və elm siyasətinin qarşısında duran əsas məqsədin bu sahədə əlçatanlığın və keyfiyyətin artırılması, müxtəlif sosial qruplardan olan insanlara bərabər imkanların yaradılması olduğunu bildirib. Təhsilin keyfiyyətinə yeni baxışın formalaşmasının vacibliyini diqqətə çatdıran təhsil naziri aidiyyatı olan dövlət və digər müstəqil qurumların keyfiyyətə nəzarət mexanizmlərinin olmasının labüdlüyünü bildirib. Nazir pandemiya dövrünün önəmli məsələlərindən birinin də ayrı-ayrı sosial iqtisadi qrupların öyrənmə prosesinin monitorinq məsələsi olduğunu bildirib.

 

Türkiyənin Ali Təhsil Şurasının rəhbəri rəhbəri Erol Özvar pandemiyanın ali təhsil sahəsində yaratdığı təsirlərindən danışıb və bu böhranın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində yeni vərdişlər yaratdığını, ali təhsil paradiqmasının dəyişməsinin qaçılmaz olduğunu deyib. 

 

Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev ölkələrin inkişafında elm və təhsilin rolundan söz açıb. 

 

Çıxışlardan sonra panel məruzəçiləri iştirakçıların suallarını cavablandırıblar.

 

Forum çərçivəsində UNEC alimlərinin müəllifi olduqları “Elektron ticarət və elektron ixracat”, “Sosial elmlərdə tədqiqat metodları”, “Rəqəmsal marketinq və sosial media” kitablarının təqdimatı olub.       
       
Forumda UNEC ilə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti (TSNUK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sonra “SPRİNGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Kristian Rausçerin tədqiqatçılarla görüşü keçirilib.

 

Forum “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusuna həsr olunan panel 3 çıxışları ilə davam edib.