Aygün Babazadə: “Tədqiqat universitetlərinin yaradılması ali məktəblərimizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək edəcək”


Əvvəli:http://muallim.edu.az/news.php?id=1790

 

Müasir dövrün reallıqları ölkənin elmi potensialını öz çiyinlərində daşıyan alimlərin, tədqiqatçıların mühüm rolunu əvvəlkindən daha çox qabardır. Məhz intellektual potensialın daşıyıcıları olan alimlər bilik iqtisadiyyatının formalaşması, ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsində xüsusi çəkiyə malikdir. Bu mənada ölkəmizin ali təhsil müəssisələrində çalışan alim-tədqiqatçıların da üzərinə məsuliyyət düşür.

 

Ötən tədris ili alimlərimizin fəaliyyəti baxımından nə ilə yadda qalıb? Alimlərimizin dünya elm aləmində yüksək səviyyəli məqalələrlə çıxış etməsi üçün hansı işlər görülür? “Clarivate Analytics” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Aygün Babazadə ilə söhbətimizin ikinci hissəsini təqdim edirik.

 

- Alimlərimizin beynəlxalq jurnallarda publikasiya aktivliyini artırmaq və mümkün baryerləri aşmaq üçün biz hansı işləri görməliyik?

 

 

- Məlumdur ki, indiki dövrdə digər sahələrdə olduğu kimi, elmin dili də ingilis dilidir. De-fakto biz “Web of Science” və digər bu kimi elmi bazalarda indekslənən jurnallarda dərc olunmaq istəyiriksə, alimlərimiz ingilis dilində yazmalıdırlar. Düzdür, bu, hüquqi şərt deyil, ancaq fakt bundan ibarətdir ki, hazırda elmin dili ingilis dilidir. Biz elmi tədqiqat işlərimizin qlobal miqyasda tanınmasını və akademik ictimaiyyət tərəfindən qəbul olunmasını istəyiriksə, ingilis dilində yazmalıyıq. Bu baxımdan, mən universitetlərdə olduqca alimlərimizin problemlərinin olduğunu görürəm. Fundamental və dəqiq elmlər sahəsində yazanlar öz məqalələrinin məzmununu qrafiklər və ya formullar vasitəsilə üzə çıxara bilirlər, ancaq humanitar elmlərdə əsas kommunikasiya vasitəsi canlı dil olduğu üçün onlara bazaya düşmək çətindir. Yəni, dil məsələsi vacibdir. Məsələn, Rusiyada bu problemin həlli üçün universitetlərin nəzdində xüsusi akademik yazı mərkəzləri yaradılır. Alimlər öz işlərini bu mərkəzə təqdim edirlər, onlara tərcümə xidmətləri göstərilir, elmi iş ilkin mərhələdə gözdən keçirilir və daha sonra ayrı-ayrı jurnallarla kommunikasiya qurulur. Bundan başqa, problemin həlli yolu kimi  türkdilli xalqların regional indeksinin yaradılmasını təklif etmək olar. Bu o deməkdir ki, alimlərimiz Azərbaycan dilində yazmağı davam etdirirlər, ancaq daha böyük bir coğrafiyaya çıxırlar. Yəqin ki, bütün türkdilli xalqlar bu regional indeksə daxil olmaq istəyərlər. Bu regional indeks daha çox humanitar və sosial elmlərə fokuslanmalı, sözügedən istiqamətdə yüksək keyfiyyətli türkdilli jurnalları əhatə etməlidir. Nəzərə alsaq ki, ingilis dili baryerinə görə mədəniyyət-incəsənət və sosial elmlər sahəsində yazan alimlərimizə bu bazalara düşmək kifayət qədər çətindir, o zaman bu, uğurlu bir həll ola bilər. Təbii ki, biz Azərbaycan hökuməti və akademik ictimaiyyəti ilə bu məsələ ilə bağlı mövcud ekspertizamızı, təcrübəmizi böyük məmnuniyyətlə paylaşmağa və onlara hər cür dəstək göstərməyə hazırıq.  

 

Yadda saxlamaq lazımdır ki, keyfiyyətli tədqiqat işi həm də beynəlxalq jurnalların tələblərinə uyğun formada yazılmalı və tərtib olunmalıdır. Bu özu də bir elmdir - akademik yazı elmi. Universitetlərimizdə bunu kurikulumun tərkib hissəsinə salmaq lazımdır. Alimlərimizə akademik yazı bacarığı öyrədilməlidir. Akademik yazı dedikdə, yazı metodologiyası, plagiarizm, sitatgətirmə, ədəbiyyat siyahısını necə hazırlamaq kimi məsələlər nəzərdə tutulur. Bütün bu məsələlər ali məktəblərdə xüsusi dərslərdə öyrədilməlidir. Amma, təəssüflər olsun ki, Azərbaycanda çox az sayda universitet var ki, bu sahədə kifayət qədər irəliləmiş olsun. Universitetlərimizin 90 faizində bu problem qalmaqdadır. Məsələn, bizim apardığımız vebinarların, onlayn təhsil təlimlərinin ən çox baxılan hissəsi məhz akademik yazıdır, yəni yüksək indeksli jurnallarda məqalələrə olan şərtlər və tələblərdir.

 

- İndi tədqiqat universitetlərinin yaradılması gündəmdədir. Ali məktəblərimizin tədqiqat universitetinə çevrilməsi, təbii ki, onların beynəlxalq reytinqini də yüksəldəcək...

 

- Birmənalı olaraq elədir. Bu, çox vaxtında verilmiş, düzgün bir qərardır. Təbii ki,  dünyada tədqiqatın birinci mərkəzi universitetlərdir, tədqiqatlar universitetlərdə aparılır. Universitetlər tədqiqat mərkəzləri olduqca, yeni biliklər yaratdıqca innovasiya tsiklində daha aktiv rol oynamağa başlayacaq və ölkəmizin bilik iqtisadiyyatına keçidinin təmin olunmasında əsas dayaqlardan birinə çevriləcəklər. Eyni zamanda, düşünürəm ki, ali məktəblərə bu status verildikdən və müvafiq normativ-hüquqi baza yaradıldıqdan sonra onlar istər hökumət, istərsə də sənaye və biznes ilə kommunikasiyanın qurulmasında daha çevik və qətiyyətli olacaqlar.

 

- Reytinqlərdə yüksək yerləri  daha çox tədqiqat universitetləri tutur?

 

- Bəli, dünyanın aparıcı reytinqlərində ilk pillələri məhz tədqiqat yönümlü universitetlər tutur. Tədqiqat universitetlərinin yaradılması ali məktəblərimizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə kömək edəcək. Universitetlərin mövqeyi yüksəldikcə, onlar daha da rəqabət qabiliyyətli olmağa başlayacaqlar. Belə olan təqdirdə xarici tələbələrin universitetlərə cəlb olunması və qəbulu  artacaq. Bu, sonda universitetlərin maliyyə vəziyyətini yaxşılaşdıracaq, ali məktəblərdə tədqiqat yönümlü maddi-texniki bazanın və infrastrukturun yaradılmasını təmin edəcək. Eyni zamanda, ali məktəblərə tədris prosesinə  xaricdən daha nüfuzlu alimlərin cəlb olunmasına imkan verəcək.  

 

- Ötən tədris ilində alimlərimiz ən çox hansı jurnallarda dərc olunub? Onların adlarını çəkə bilərsinizmi?

 

- Jurnallar “Web of Science” bazasında olan nəşrlərdir. Azərbaycanda ən çox tədqiqat aparılan sahələrə uyğun olaraq alimlərimiz riyaziyyat, materialşünaslıq, fizika, kimya sahələri üzrə dərc olunurlar. Bu jurnallara “Inorganic materials”, “Russian journal of Applied Chemistry”, “Semiconductors”, “Petrolium chemistry”, “Differential Equations”, “Physical Review” aiddir. Bu jurnallar sırf yuxarıda adları çəkilən elm sahələrini əhatə edən top nəşrlərdir.

 

- Bizdə “Web of Science” bazasına daxil olan neçə elmi jurnal var?

 

- Hazırda Azərbaycandan bu bazaya 8 jurnal və bir konfrans materialı daxildir. Jurnallardan 4-ü AMEA-nın institutları (kimya və riyaziyyat üzrə), 2-si Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat İnstitutu, 1-i Xəzər Universiteti (humanitar və sosial elmlər üzrə), 1-i SOCAR tərəfindən təsis olunub. Konfrans materialı (Conference Proceedings Citation İndex) kimi bazada indekslənən ilk beynəlxalq elmi konfrans isə BDU-nun “Fizikada müasir trendlərə dair” materialıdır. “Web of  Science” elmimetrik bazasında açar kolleksiyada indekslənən jurnallar üçün impakt faktor ölçülür. İmpakt faktor jurnalın birmənalı prestij göstəricisi olub, onun nüfuzunun istinadlarda olan ifadəsidir.

 

Hazırda elmi bazada impakt faktora malik cəmi bir jurnalımız var ki, o da akademik Fikrət Əliyevin redaktoru olduğu BDU-nun “Tətbiqi və hesablama riyaziyyatı” (“Applied and Computational Mathematics”) jurnalıdır. Bu jurnal kifayət qədər yüksək impakt faktora (2.36) malikdir. Digər nəşrlər də var ki, onlar “yeni yaranmaqda olan jurnallar” (ESCİ) kateqoriyasına daxil olan jurnallardır.  Onların hələ ki, impakt-faktoru yoxdur. Biz onlara 3-5 il vaxt qoyuruq. Onlara imkan verilir ki, uğurla fəaliyyət göstərsinlər, bu müddət ərzində kifayət qədər istinad qazansınlar. Məndə olan məlumata görə, BDU-nun ikinci jurnalı artıq kifayət qədər istinad toplayıb və o, “Web of Science”nin əsas kolleksiyasına keçmək ərəfəsindədir.  Bu, akademik Fikrət Əliyevin ikinci riyaziyyat jurnalıdır. 

 

-  Müasir dünyada elmi nəşrlərdə çap olunmaq marafonu var. Bəzən alimlər yüksək indeksi olmayan “yırtıcı” jurnallarda dərc olunur. Necə etməli ki, bizim alimlər bu yola düşməsinlər?

 

- Düzdür. Mən tam razıyam ki, hazırda bütün dünyada sanki bu istiqamətdə xüsusi  bir pressinq var. Artıq son illərdə böyük universitetlərdə, mən ad da çəkə bilərəm, BDU, UNEC, ADNSU, Xəzər Universitetində sırf akademik müəllim heyətinin fəaliyyətinin illik qiymətləndirilməsi aparılır. Onlarda bu qiymətləndirmələrin (reytinqlərdə olduğu kimi) əsasən 30 faizi, yəni müəllimlərin topladığı balların 30 faizi məhz elmi tədqiqat işlərinə əsaslanır. Bunlar nüfuzlu jurnallarda çıxan elmi məqalələrdir. Yəni bu tipli qiymətləndirmələr və onların nəticələrinə müvafiq olaraq alimlər stimullaşdırılır. Söhbət maddi və qeyri-maddi motivasiyadan gedir.  Bu kimi motivasiya proqramları, stimullaşdırma, təbii ki, alimlər arasında rəqabət mühiti yaradır. Eyni zamanda da medalın iki üzü olduğu kimi, özünün gətirdiyi neqativ məsələni də ortaya qoymuş olur. Alimlər bu prosesdən kənar qalmamaq üçün istənilən yola əl atır, harada olur-olsun dərc olunmağa çalışırlar. Eyni zamanda, akademik dərəcə almaq ərəfəsində tədqiqatçılar üçün yüksək indeksli jurnallarda çap olunmaq məsələsi aktuallaşır. Bu pressinq onları daha tez, daha çox çap olunmağa aparır. “Yırtıcı” jurnallar isə akademik bazarda bu ehtiyacı görür və özlərinin pullu xidmətlərini təklif edirlər. Yəni elmi fırıldaqçılıqla məşğul olurlar. Onların bu fəaliyyətini biz elmi fırıldaqçılıq, qeyri-etik davranış adlandırırıq. Yəni onlar alimin işini qiymətləndirmirlər. Onların əsas və yeganə məqsədi alimlərdən pul qoparmaq, onların işini dünyanın görmədiyi və dünya akademik ictimaiyyətinin əlinin çatmadığı qondarma jurnallarda çap etdirməkdir. Yəni  bu jurnalların heç biri akademik dairələrdə oxunmur,  izlənilmir. 

 

-  Yaxşı ki, oxunmur, qəbul olunmur...

 

- Məncə, bu bir təkamül prosesidir. Akademik bazarda güclü rəqabət hökm sürür.  Əvvəllər belə bir yanaşma var idi ki, tədqiqatçı elmi işini yazır, dissertasiya müdafiə edir, sonra elmi dərəcə alırdı. Bundan sonra o, azad fəaliyyət göstərir, tam toxunulmazlıq qazanırdı. Bu, sovet psixologiyası idi. Qərbdə isə akademik bazarda  o qədər rəqabət mühiti hökm sürür ki... Hətta orada belə bir obrazlı ifadə var: “ya nəşr et, ya məhv ol”. Orada alim nəşr olunmursa, öz sahəsində ildə heç olmasa bir neçə məqalə çap etdirmirsə, onda həmin alimin universitetdə qalması və alim, akademik kimi çalışması sual altına alınır. Onlar universitetdən xaric olunurlar.  Universitetin İdarə Heyəti tərəfindən onların üzərində bu dərəcədə təzyiq var.  Düşünmürəm ki, onlar yalançı nəşrlərdə çap olunmurlar. Sadəcə, onlar bu mərhələni keçiblər. Biz də artıq bu mərhələdəyik, nəzarət mexanizmləri get-gedə güclənir. Əsasən də bu elmi bazanın ölkəmizə gəlişindən sonra. Artıq sadəcə nəşr yox, həm də elmi məqalənin harada, hansı jurnalda nəşr olunması şərtdir. Bu, öz-özlüyündə pozitiv bir tendensiyadır.

 

“Yırtıcı”  jurnallar da artıq reallığın bir parçasıdır və biz təbii ki, onlarla mübarizə aparırıq. Biz hər zaman öz seminarlarımızda da alimlərimizə sırf  “yırtıcı”  jurnallarla mübarizə və onların tilovuna düşməmək  üçün xüsusi texnika öyrədirik. Onlara “yırtıcı” jurnalları əsl jurnallardan ayırd etməyi öyrədirik. Bu da bizim işin bir parçasıdır. Biz Azərbaycan alimlərinin dünyanın nüfuzlu jurnallarında çap olunmasında maraqlıyıq. Bu da, təbii ki, elmimizin qlobal səviyyədə mövqeyinin   güclənməsinə gətirib çıxaracaq.

 

- Bizdə “yırtıcı” jurnallarda dərc olunanlar  varmı?

 

- Düşünürəm ki, bu məsələ hazırda inkişaf etməkdə olan bütün ölkələrin üzləşdiyi ən kəskin problemlərdən biridir. Mən sizə hətta bir misal çəkə bilərəm. Çin  dünyada elmə ən çox maliyyə ayıran  ikinci ən böyük ölkədir. Birinci olmaq hədəfləri də var. Çində son vaxtlar belə bir araşdırma aparılıb. Məlum olub ki,  hökumətin elmə ayırdığı büdcənin demək olar ki, 50 faizdən yuxarısı, belə demək mümkünsə, yalançı elmə xərclənir. Onların alimləri hökumət tərəfindən maliyyələşən fondlardan (onların böyük hissəsi elmlə bağlıdır) əldə etdikləri pulları “yırtıcı” jurnallarda nəşr olunmağa xərcləyirlər. Bu vəsaitlər isə həm elmi tədqiqatların aparılması, həm də elmi məqalələrin nəşrini əhatə edir. Çin hökumətinin qəti mövqeyi belədir ki, əgər alimlər bu vəsaitləri “yırtıcı”  jurnallarda çap olunmağa sərf edəcəklərsə, bu, onların akademik karyerasına son qoyacaq.  Müəyyən xüsusi xəbərdarlıqdan sonra alim universitetdən qovula bilər. Bundan əlavə, alimlər beynəlxalq və yerli layihələrdə iştirakdan məhrum ola bilərlər ki, bu da istənilən tədqiqatçı üçün çox neqativ haldır.

 

- Biz “yırtıcı”larla necə mübarizə apara bilərik?

 

- Bizim ölkədə universitet alimlərimizin “yırtıcı” jurnallarda nəşrinin qarşısını alacaq hələ də sərt tədbir yoxdur. Bu, hələlik məlumatlılıq səviyyəsindədir. Mən belə deyərdim ki, alimlərimizin çox zaman “yırtıcı” jurnallara düşməsi məlumatsızlığın nəticəsidir. Onlar özləri də bilmədən həmin jurnalların tələsinə düşürlər. Çünki elmi rəhbərin basqısı altındadırlar: “Tez bir zamanda çap olunmaq lazımdır”, “müdafiə vaxtı yaxınlaşır” və s. Buna görə də onlarda stress olur və bilmədən, məlumatsızlıq ucbatından hansısa bir məbləğ müqabilində əllərinə düşən ilk jurnalda çap olunmaq istəyirlər. Mənə universitetlərdə alimlərimiz yaxınlaşıb deyirlər, “Aygün xanım, mən bu jurnalda çap olunmuşam, görün o jurnal  “Web of Science”dədir , ya yox”. Mən də baxıb görürəm ki, təəssüflər olsun ki, deyil.  Ancaq alimlərimiz çap olunmaq üçün bu jurnallara nə qədər pul veriblər!  Nəticə belədir ki, onların vəsaitləri də gedir, müəyyən mənada karyeraları da pozulur.  Çünki nüfuzlu jurnalların redaktorları elmi işləri qəbul edən zaman müəlliflərin akademik fəaliyyətlərinə baxırlar ki, bunlar harada çap olunublar. Və məlum olanda ki, müəlliflər “yırtıcı” jurnalda çap ediliblər, bu onların akademik imicinə çox pis təsir edir. Onlar işdən qovulur və qrantlara müraciət edə bilmirlər. Yəni bir alim kimi ölkənin elmi proseslərindən kənarda qala bilərlər. Bəzi ölkələrdə bu məsələyə liberal yanaşma mövcuddur. Universitetlərə sərbəstlik verilir ki,  tədqiqatçının yalançı jurnalda çap olunub-olunmadığını müəyyən etsin. Məsələn, Çində bu, mümkün olmadı. Hökumət bu vəzifəni universitetlərdən alaraq Təhsil və Elm Nazirliyinə verdi. Çünki gördülər ki, son 20 ildə vəsaitlər düzgün xərclənməyib. Bizdə isə bu proses, yəni elmi tədqiqat işlərinin ekspertizası Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Lakin komissiya qiymətləndirmə və ekspertizanı məhz elmi dərəcələrin və elmi adların verilməsi çərçivəsində aparır.   Elmi fəaliyyətin qiymətləndirilməsi davamlı, dayanıqlı bir proses olmalıdır.  Düşünürəm ki, universitetlərimizdə elmi fəaliyyətə nəzarət mexanizmi müntəzəm tətbiq edilsə və ya digər ölkələrdə olduğu kimi, ayrıca bir qurum tərəfindən aparılsa, şəffaflıq və qərəzsizlik daha yüksək səviyyədə təmin olunar.

 

Oruc MUSTAFAYEV