Ədəbiyyat fənni üzrə məzmun standartlarını diqqətlə nəzərdən keçirmişəm. Bu konseptual sənəd, həqiqətən hər bir şagirdin ümumi inkişafı, maraq və meyillərini yüksək səviyyədə nəzərə alaraq onun ədəbi təhsili, tərbiyəsi və inkişafı üçün optimal şəraitin yaradılmasını nəzərdə tutur.

 

Ədəbiyyatdan məzmun standartları təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrin müəyyən edilməsinə yönəldilmişdir. Onlar hazırlanarkən şagirdlərin yaş xüsusiyyəti nəzərə alınmış, yaradıcı inkişafları üçün şərait yaradılması diqqət mərkəzində saxlanılmışdır.

 

Ədəbiyyat kurikulumunda müəyyən olunmuş məqsəd onun əsas mahiyyətini, cövhərini təşkil edir. Burada aydın və konkret şəkildə göstərilir ki, ümumitəhsil məktəblərində ədəbiyyat təliminin məqsədi bədii ədəbiyyat nümunələrini, tarixi-əbədi prosesi öyrənmək, təhlil etmək, qiymətləndirmək bacarığını formalaşdırmaq, şagirdin dünyagörüşünü zənginləşdirmək, mənəvi-estetik inkişafını təmin etmək, nitq mədəniyyətinə nail olmaqdır.

 

Göründüyü kimi, ədəbiyyat təliminin başlıca məqsədində üç mühüm məsələ qeyd edilmişdir:

 

şagirdlərin dünyagörüşünü zənginləşdirmək;

mənəvi-estetik inkişafını təmin etmək;

nitq mədəniyyətinə nail olmaq.

 

Sadalanan bu məsələlərin hər biri digər fənlərin də qarşısında duran məqsədlərdən hesab edilir. Lakin konkret olaraq ədəbiyyat fənni üzrə bu məsələlərin reallaşdırılması istiqamətində vəzifələr yerinə yetirilərkən bədii ədəbiyyat materiallarından, eləcə də ədəbiyyatşünaslıq məsələlərinə dair mülahizələrdən istifadə edilir.

 

Yeni kurikulumun tələblərinə görə, həmin materiallar şagirdlərin oxusuna və mühakiməsinə təqdim olunur. Onlar özləri təlim materialları üzərində uyğun əməliyyatlar aparmaqla onun mahiyyət və məzmunu  üzrə  nəticəyə gəlirlər. Belə bir yanaşma tərzi şagirdin fəallığına və müstəqilliyinə imkan yaradır, onları trafaret fikir söyləməkdən, mühakimə yürütməkdən uzaqlaşdırır.

 

Ədəbiyyatdan yeni məzmun dedikdə sadəcə təlim materiallari yox, əvvəlcədən müəyyən olunmuş nəticələr başa düşülür. Bu nəticələr yeni ədəbiyyat kurikulumunda məzmun xətti adı ilə 3 qrupa ayrılır: “Ədəbiyyat və həyat həqiqətləri”, “Şifahi nitq”, “Yazılı nitq”.

 

Ədəbiyyatdan məzmun standartları ilə Azərbaycan dilindən məzmun standartları arasında uyğunluq vardır. Bu cəhət  ədəbiyyatdan “Şifahi nitq” və “Yazılı nitq” məzmun xətləri ilə Azərbaycan dilindən “Oxu” və “Yazı” məzmun xətləri arasında daha çox müşahidə edilir. Fikrimcə, bu uyğunluqda bir zərurət vardır. Həmin zərurət hər iki fənnin nitq inkişafı ilə bağlı müştərək  vəzifələr icra etməsindən irəli gəlir. Əslində, bu, təbii inteqrativlik kimi meydana çıxır. Görünür, dünyanın bir çox ölkələrində ümumi təhsilin icbari pilləsində dil və ədəbiyyat fənlərinin vahid bir inteqrativ fənn kimi tədris olunması da həmin cəhətlə bağlıdır.

 

Bundan əlavə, həm ədəbiyyat, həm də Azərbaycan dili fənlərinin tədrisində obyekt dil materiallarıdır. Tədris və təlim fəaliyyəti bu materiallar üzərində qurulur. Şagirdlərin nitq və təfəkkürünün zənginləşdirilməsi üçün bilavasitə ədəbi dilin müxtəlif üslublarında olan mətnlərindən istifadə olunur. Ədəbiyyat və Azərbaycan dili fənləri üzrə məzmun standartları arasında uyğunluqların olması muəllimin səmərəli tədris fəaliyyətinə təkan verir, təlim prosesində inteqrativliyinin nəzərə alınması baxımından imkanları genişləndirir.

 

Bu baxımdan dərs dediyim siniflərdə çalışıram ki, hər bir məsələni nəzərə alım. Siniflərdə hansı şagirdin yaxşı əl qabiliyyəti varsa onlara məktəb üçün stendlərin hazırlanmasını tapşırıram. Bəzən iki sinfi bir yerdə bu işə cəlb edirəm. Bu zaman gözdən qaçan məqamları daha tez görməyə imkan yaranır.

 

Məsələn, Salyan rayonunun bir kiçik vətəndaşı olmaqla onlara bu rayonun ziyalıları haqqında stend hazırlamağı tapşıranda şagirdlər böyük məhəbbətlə bu işlərin öhdəsindən gəldilər.

 

Onlara həmyerlimiz Əli bəy Hüseynzadə haqqında stend hazırlaması üçün fərqli məlumat toplamağı tapşırdım. Beləliklə, şagirdlər sinifdənxaric təlimin öhdəsindən uğurla gəldilər.

 

Bu yaxınlarda qərara almışıq ki, doğulub boya-başa çatdıqları Kürqaraqaşlı kəndinin nəğməkar şairi Əliağa  Kürçaylı haqqında stend və guşə yaradaq.

 

Mən Azərbaycan dili və ədəbiyyat müəllimi kimi şagirdlərimin bilik səviyyəsini daha da artırmaq üçün müxtəlif üsullara əl atıram. Ümumiyyətlə, ədəbiyyat müəllimlərinə də tövsiyə edərdim ki, həftə ərzində bir gün ədəbiyyat dərsində sinifdənxaric oxu günü keçirsinlər. Bu, şagirdlər tərəfindən böyük maraqla qəbul olunur. Məsələn, mən 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsində şagirdlərin söz ehtiyatının az olması halı ilə rastlaşdım. Bu məni ədəbiyyat müəllimi  kimi çox narahat etdi. Bu məqsədlə həftədə iki saat olan ədəbiyyat dərsinin bir saatını sinifdənxaric oxu üçün ayırmışam.

 

Şagirdlər həftə ərzində oxuduqları kitabla sinfə gəlirlər. Bu kitablar uşaqlar tərəfindən maraqla oxunur. Onlar bir dərs ərzində həm öz oxuduqları, həm də digər kitablar haqqında məlumat alırlar.

 

Təbii ki, müasir təfəkkür məktəbinin bir başlıca vəzifəsi də qabiliyyəti olan istedadlı şagirdləri aşkar etməkdən, onlarla düşünülmüş qaydada ardıcıl və sistemli iş aparmaqdan ibarətdir. Sinifdənxaric və məktəbdənkənar işlər bu prosesdə də böyük imkanlara malikdir. Məsələn, şagirdlər arasında əlamətdar günlərdən əvvəl şeir, inşa müsabiqəsi elan etməklə onlarda bu günlə bağlı daha dərin məlumat əldə etmə bacarığı yaratmaqdır. Mən bu məqsədlə məktəbdaxili müsabiqə keçirirəm. Bu, şagirdlərdə məktəbdənkənar ictimai işlərdə özlərinin də heç kəsdən geridə qalmaması kimi hisslərin yaranmasına kömək edir. Onlar başa düşürlər ki, özlərinin də hansısa bir tədbirdə müəyyən rolu var və bunun üçün var qüvvəsi ilə çalışırlar.

 

Ədəbiyyat dərslərində tez-tez şeirlər səsləndirməklə onlarda müdafiəyə həvəsi artırıram. Bir insan kimi tariximizin qan yaddaşının bizim üçün hansı izlərin buraxmasını onlara dərindən aşılayıram. Bunu qarşımda duran bir vəzifə, borc kimi görürəm. Xalqımızın azadlığı, müstəqilliyi, firavan yaşayışı üçün özünü oda yaxan şəhidlərimiz haqqında, onların valideynlərinin hansı əziyyətlər keçirməsi haqqında şagirdləri məlumatlandırıram.

 

Məqsədim şəhid olmuş Milli Qəhrəmanların həyatının mənasını onlara aşılamaqdır.

Təsadüfi deyil ki, dərs dediyim şagirdlər şeir müsabiqəsində yer tuturlar.

 

Məhz bunun nəticəsidir ki, Salyan rayon M.Dadaşov adına Kürqaraqaşlı kənd tam orta məktəbinin adı daim rayon müsabiqəsində yüksək yer tutanlar arasında olur.

 

Məlahət KƏRİMOVA,

Salyan  rayon M.Dadaşov adına Kürqaraqaşlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi 

Bölmənin digər xəbərləri