Əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı prioritet əhəmiyyət kəsb etməkdədir


Müasir qlobal tendensiyalar  milli təhsil sistemləri qarşısında mühüm vəzifələr qoyur. Dünya sürətlə dəyişir, iqtisadiyyatlar yeni keyfiyyət məzmunu əxz edir, əmək bazarı yeni dövrün tələblərinə uyğun, yüksək hazırlıqlı, müasir səriştə və bacarıqlara malik mütəxəssislər  tələb edir. Müasir dövrün trendləri  Azərbaycan təhsil sistemində də əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlığını strateji vəzifə kimi qarşıya qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin 26 oktyabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında  təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na müvafiq olaraq  son illərdə ölkəmizdə kadr hazırlığının qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. İlk növbədə, yeni ixtisasların yaradılması,  təhsilin  əmək bazarının tələblərinə uyğun olaraq yenidən dizaynı, iş yerlərinin  yeni kadr potensialı ilə yenilənməsi istiqamətində görülən işlərdən danışmaq lazım gəlir.

 

Müasir dövrdə geniş tətbiq olunan peşə hazırlığı istiqamətlərindən kibertəhlükəsizlik, informasiya texnologiyaları, süni intellekt, kompüter mühəndisliyi və təhlükəsizliyi, biomühəndislik,  biogenetika, pilotsuz uçuş aparatları üzrə mütəxəssislərə və b. tələbatın  hər gün artmasını nəzərə alaraq dövrün çağırışlarına cavab verən ixtisaslar üzrə  peşəkarların hazırlanması təhsilin bütün pillələrində öz aktuallığını qorumaqdadır.

 

STEAM yeni peşələr yaradır

 

Təhsilalanların əmək bazarının müasir və perspektiv tələbləri nəzərə alınmaqla hazırlanması sahəsində ən mütərəqqi və uğurlu layihələrdən biri kimi  Heydər Əliyev Fondunun prezidenti, Birinci  vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilində Azərbaycan təhsilində  ilk dəfə olaraq 42 məktəbdə 6 mindən artıq şagirdi əhatə etməklə hazırda dünyada ən mühüm təhsil trendlərindən hesab olunan STEAM (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) layihəsinin icrasına başlanılmasını  qeyd etmək lazımdır.  Layihənin ilkin mərhələsində paytaxt məktəblərində əsasən robototexnika və 3D dizayn istiqamətləri üzrə məzmununun tətbiqi nəzərdə tutulsa da, hazırda aviasiya mühəndisliyi, nano-texnologiyalar, kiber-təhlükəsizlik və bu kimi digər innovativ məzmunun tətbiqi planlaşdırılır ki, bu istiqamətlər də müasir əmək bazarında xüsusi əhəmiyyət daşıyır. Son aylarda STEAM əsaslı tədrisdə süni intellektin köməyi ilə yeni peşələrin, xüsusən də dronlardan istifadənin imkanlarından yararlanmaqla ixtisasların yaradılması ilk növbədə yeni çağırışlarla əlaqədardır.

 

Artıq STEAM  layihəsi ölkəmizin paytaxı Bakı ilə yanaşı, region məktəblərinin şagirdləri üçün də ən maraqlı və əhəmiyyətli tədris trendinə çevrilib. STEAM əsaslı mərkəzlərin inşası və əhatə dairəsinin genişləndirilməsi ölkəmizin gələcəyini təmin edəcək  yüksək hazırlıqlı, əmək bazarında  yer tuta biləcək kadrlar üçün bu günümüzdə hələ məlum olmayan peşə və ixtisaslara indidən hazırlığın təmin olunması zərurətindən irəli gəlir.  Məhz bu zərurət ölkəmizdə yeni təfəkkürlü, müasir texnolgiyalarla tanış olan və əmək bazarının tələblərini özündə cəmləşdirən rəqabətqabiliyyətli insan amili faktoruna söykənir.

 

Bu zərurəti ölkəmizin birinci xanımı belə şərh edir: “İnsan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir. Ölkəmizdə yüksək intellektə malik insan kapitalının formalaşması və inkişafına, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsinə, müxtəlif sahələrdə qazanılmış qabaqcıl dünya təcrübəsini tətbiq edərək onun potensialının üzə çıxarılmasına hər zaman xüsusi diqqət yetirilib”,- deyə Mehriban Əliyeva bildirir.

 

Ölkəmizdə rəqabətli insan kapitalının formalaşmasında STEAM əsaslı yanaşmaların əhəmiyyəti bir sıra tədqiqatlarda  da sübut olunub. LEGO Fonduna görə, yaxın illərdə gələcək ixtisasların 80%-i işçilərdən inkişaf etmiş STEAM səriştələrinə sahib olmağı tələb edəcəkdir. Bu, ona görə baş verəcək ki, hazırkı ibtidai sinif şagirdlərinin 70%-i hazırda olmayan ixtisaslarda çalışmalı olacaq. LEGO vəqfinə görə, onlar tamamilə yeni elmi sahələrdə çalışmalı və yaxın 10-15 ildə ortaya çıxacaq peşələrə yiyələnməli olacaqlar. Və məktəb yeni texnologiyaların inkişafının diktə etdiyi tendensiyalardan kənarda qala bilməz. 

 

Ümumdünya İqtisadi Forumun hesabatlarına görə, önümüzdəki beş il ərzində 150 milyon yeni yüksək texnoloji iş yeri yaradılacaq. İşəgötürənlərin 84% -i isə məsafədən işləməyi planlaşdırır. Rəqəmsal inqilab bir çoxları üçün karyera dəyişikliyi deməkdir. Bu mənada ölkəmizin təhsil sisteminin əmək bazarına istiqamətlənməsi gələcəkdə gənclərin yeni texnolji sahələrdə işlə təmin olunmaq imkanlarını artıra və gələcəklərini təmin edə bilər. Artıq bu gün STEAM təhsil metodu sahəsində şagirdlərimizin gələcəyin dünya nəhəngi olan NASA, Amazon, Google və digər şirkətlərin layihələrində aparıcı şəxs olmaları əlçatandır. İnanırıq ki, gələcəyimiz olan “STEAM”çılar ölkəmizin texnologiya sahəsində inkişafına nail olmaq və bu qazandıqları uğurlar ilə dünyanın qabaqcıl ölkələri sırasına qoşulmaq üçün öz töhfələrini verəcəklər.Tam qətiyyətlə demək olar ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilməkdə olan STEAM təhsil şagirdlərimizə bu hədəfə çatmaqda güclü təkan olacaq.

 

Bundan əlavə son illərdə müasir dövrün çağırışlarına, dünyada təhsilin inkişaf tendensiyalarına uyğun olaraq məzunların əmək bazarında mövcud olan ehtiyacalara uyğun hazırlanması və gənclərin təhsildən sonra işlə təminatının yaxşılaşdırılması məqsədilə ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül sinifləri fəaliyyətə başlayıb ki, bu da şagirdlərin məktəb illərində ilkin peşə bacarıqlarına yiyələnməsi üçün imkan yaradır.

 

Peşə təhsili əsas prioritetlərdən biri kimi

 

Əmək bazarının hazırlıqlı mütəxəssislərlə təmin olunmasından söz açanda son illər ictimaiyyətin xüsusi diqqətini cəlb edən peşə təhsili sisteminin imkanlarından danışmaq lazım gəlir. Bu sahədə son illər bir sıra normativ-hüququ aktların, qanunların qəbul oluması ilə ciddi canlanma yaranıb.  Peşə təhsili ölkəmizin təhsil siyasətində əsas prioritetlərdən birinə çevrilib. “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”, “Peşə Təhsili üzrə Qanun”un qəbul olunması ölkə rəhbərliyinin bu sahəyə verdiyi diqqətin bariz nümunəsidir. Hazırda ölkədə həyata keçirilən sosial siyasətdə peşə təhsilinin rolunun və statusunun artırılması mühüm və əvvəlki dövrlə müqayisədə fərqli yer tutur. Bu, həm də əmək bazarının diktəsi ilə izah olunur. Bu gün əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sisteminin  qurulması hədəfə çevrilib. Son illər bu sahədə görülmüş işlər ölkənin sosial-iqtisadi inkişafına,  gənclər arasında məşğulluğun təmin edilməsinə,  iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığının aparılmasına və beləliklə də əmək bazarının gözləntilərinin reallaşdırılmasına öz töhfələrini vermişdir. 

 

Xüsusi olaraq qeyd olunmalıdır ki, ölkə Prezidentinin Sərəncamına əsasən 2016-cı ildə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili, idarə edilməsinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq və iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunması istiqamətində mühüm addım olmuşdur. Son illərdə peşə təhsili şəbəkəsi optimallaşdırılmış, yeni ixtisaslaşmış peşə təhsili mərkəzləri yaradılmışdır. Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə imzalanmış Kredit Sazişinə əsasən Bakı şəhərində sənaye və innovasiyalar üzrə ixtisaslaşmış müasir peşə təhsili mərkəzi 2019-cu ildə istifadəyə verilmiş və fəaliyyətə başlamışdır. Hazırda Mərkəzdə əmək bazarının tələblərinə uyğun istiqamətlər üzrə beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadr hazırlığı aparılır.

 

2020-2021-ci tədris ilindən etibarən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində artıq yüksək texniki peşə - subbakalavr səviyyəsi üzrə tədrisə də başlanılmışdır.

 

Yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadr hazırlığı

 

İqtisadiyyatın dayanıqlı inkişafında ali təhsilin müstəsna rolu vardır. Sürətli dəyişikliklər dövründə məhz ali təhsil iqtisadiyyatda davamlı inkişafa təkan verən real qüvvə hesab edilir. Bununla əlaqədar, dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur.  Ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali təhsil müəssisələrində təhsil almış yüzlərlə gənc  təhsillərini başa vuraraq Vətənə qayıtmış və hazırda əmək bazarında çalışaraq  ölkəmizin  sosial-iqtisadi və digər sahələrində öz töhfələrini verməkdədirlər.

 

Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş  “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də  əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanması konkret  vəzifə kimi təhsil sistemimiz qarşısında qoyulmuşdur. Sərəncama əsasən,  “insanların yüksək keyfiyyətli təhsil almaq imkanları genişləndirilməli, kadr hazırlığı əmək bazarının tələblərinə uyğunlaşmalıdır, peşə hazırlığı sisteminin inkişaf etdirilməsi tədbirləri çərçivəsində beynəlxalq sertifikatlara uyğun mütəxəssislər hazırlanmalıdır. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığı təmin olunmalıdır”.

 

Ali təhsilin qarşısında duran ən mühüm vəzifələrdən biri cəmiyyətin müasir inkişaf səviyyəsinə adekvat olan yüksək ixtisaslı, peşəkar, rəqabətqabiliyyətli kadrların hazırlanmasından ibarətdir. Məhz bu hədəflərə çatmaq üçün “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası xüsusi əhəmiyyət daşıyır.  Hazırda bu proqram çərçivəsində iki istiqamət üzrə tədbirlərin həyata keçirilməsi təmin olunmaqdadır.  Birinci istiqamət ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi və yeni akademik mühitin yaradılması, ikinci istiqamət üzrə isə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi və onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Diqqətəlayiq məqam odur ki, bu proqramlar Azərbaycanın əmək bazarının yenidən dizaynına yol açacaq bir sıra yeni peşə ixtisas hazırlığı vəd edir.

 

Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsilə bağlı ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil ixtisası” istiqaməti, eləcə də  ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı uğurla icra olunur.  Eləcə də Koreya Respublikasının INHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları, eləcə də  Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” istiqamətləri üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının icrasına başlanılıb.

 

Ümid edirik ki, proqramları başa vuran azərbaycanlı gənclər yaxın gələcəkdə Azərbaycanın artıq yeni məzmunda daim dəyişən və yeniləşən  əmək bazarında öz layiqli yerlərini tutacaq və ölkəmizin iqtisadi qüdrətinin güclənməsinə öz töhfələrini verəcəklər.

 

Oruc MUSTAFAYEV