V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Son illər təhsil sahəsində həyata keçirilən islahatlar və onların uğurlu nəticələri müəllimlərimizin, ümumi təhsil müəssisələrimizin təşəbbüskarlığını stimullaşdırmışdır.  Bu, özünü innovativliyə və yeni yanaşmalara əsaslanan ideya və layihələrdə də göstərir. Artıq 5-ci ildir ki, reallaşdırılan Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri müəllimlərimizin bir sıra uğurlu təşəbbüslərlə çıxış etməsinə imkan yaradıb. Yenilikçi müəllimlərimizdən bir qrupunun V Qrant müsabiqəsində qalib gəlmiş uğurlu layihələrini oxuculara çatdırmaqda davam edirik.

 

“Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi”

 

Biləsuvar rayonu Bağbanlar kənd A.Həsənov adına tam orta məktəbin direktoru Nazim Sadıqov V qrant müsabiqəsində  “Biləsuvar məktəblərində “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi” layihəsi ilə iştirak edib və qalib gəlib.  N.Sadıqov 44 günlük Vətən müharibəsi dövründə  21 sentyabr 2020-ci il tarixindən motoatıcı tağım komandiri olaraq xidmətə yollanıb, sentyabrın 27-dən  döyüşlərə qatılıb. Oktyabrın 14-də qızğın döyüşlər zamanı iriçaplı silahın qəlpəsindən yaralanıb. Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib. N.Sadıqov Azərbaycan gənclərinin müharibədə vətənpərvərliyini daim qürur hissi ilə xatırladığını qeyd edir.

 

- Vətən müharibəsinin iştirakçısı kimi onu anladım ki, döyüşlərdə bizə qələbə qazandıran əsas amillərdən biri də gənclərimizin vətənpərvər ruhda böyüməsi oldu. Uzun müddət  müəllim və direktor kimi iş təcrübəmə əsaslanaraq, deyə bilərəm ki, hər bir insanın şəxsiyyət kimi formalaşması məhz məktəbdə başlayır. Daha dəqiq ifadə etsək, insanın ilk cəmiyyəti ailəsindən sonra məktəbdir. Bu baxımdan məktəblərdə təlim-tərbiyə prosesində şagirdlərə vətənpərvərlik hisslərinin aşılanması, milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin tərbiyəsi, onlarda ölkə, Vətən sevgisinin formalaşması hər bir müəllimi düşündür ən vacib məsələlərdən biri olmalıdır.

 

Məktəbin, müəllimin vəzifəsi təkcə bilik vermək, hansısa elmin sirlərini açıqlamaq deyil, həm də Vətənə layiqli şəxsiyyət yetişdirməkdir. Məktəblərdə uşaqlara ilkin vətənpərvərlik hissinin aşılanması müxtəlif  üsullarla - onlara vətənpərvərlik mövzusunda mahnı və şeirlər öyrətmək, dövlət atributlarının şəkillərini çəkdirmək və s. vasitələrlə öyrədilir. Şagirdlərə “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris etmək onların milli mənlik və vətənpərvərlik hisslərini tərbiyə edir, bu ruhda böyüməsində mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərdə vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.

 

Ümumiyyətlə, bütün fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünya da tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət nümayəndələrinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir.

 

Yuxarıda yazılanları əsas götürərək, fikirləşirəm ki, hər bir məktəbdə vətənpərvərliklə bağlı bir klubun fəaliyyət göstərməsi bütövlükdə məktəblilərin vətənpərvərlik hisslərinin aşılanmasında böyük rol oynayacaqdır.

 

Layihənin əsas məqsədi məktəblərdə sistemli olaraq fəaliyyət göstərəcək “Zəfər” vətənpərvərlik klublarının yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən tədbirlərlə şagirdlərə vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir. Qeyd olunan məqsədə çatmaq üçün Biləsuvar rayonunun məktəblərində layihə ilə bağlı maarifləndirmə və təbliğat işlərinin aparılması, məktəblərdə “Zəfər” vətənpərvərlik klubunun təsis edilməsi və fəaliyyətə başlaması, 8 noyabr “Zəfər” Günü ilə bağlı ümumrayon yürüşünün (parad), 9 noyabr Bayraq Günü ilə bağlı ümumrayon rəsm sərgisinin, 17 noyabr Milli Dirçəliş Gününə həsr edilmiş klublararası atıcılıq yarışının, 1-15 dekabr tarixlərində məktəblərdə klub üzvlərinin Vətən müharibəsi iştirakçıları ilə görüşlərinin təşkili təmin olunub. Bundan əlavə, 16-31 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş klublararası intellektual oyunlar da təşkil edilib.

 

“İstedadlı fiziklər dərnəyi”

 

“Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalib gəlmiş layihələrindən biri “İstedadlı fiziklər dərnəyi”dir. Layihənin müəllifi İmişli rayon Murğuzallı kənd A.Mejdunov adına tam orta məktəbin direktor müavini Bayram Uğurluyev layihə barədə fikirlərini bölüşür:

 

- Son illər iqtisadiyyat və təhsilin daha  sıx inteqrasiyasını müşahidə edirik. Nəticədə dəqiq elmlərin daha keyfiyyətli tədrisinə zərurət yaranıb. Müasir dövrdə fizika elminin nailiyyətlərini həyatımızın bütün aspektlərində hiss və istifadə etsək də, cəmiyyətimizin bu elmə istehsalçı deyil, istehlakçı nəzərlərlə yanaşmasını görürük. Orta məktəblərdə fizika fənninin tədrisi zamanı şagirdlərin hadisələrin fiziki mahiyyətini və müxtəlif fiziki hadisələr arasında səbəb-nəticə əlaqələrini izah etmək bacarıqlarının inkişafına zərurət var. Bəzi şagirdlər fiziki hadisələrin, qanunların mahiyyətini yetərincə qavraya bilmir və bu, emprik düşüncənin yaranmamasına səbəb olur. Bütün bu proseslər şagirdlər tərəfindən fizika fənninin “çətin” fənlər qrupuna aid edilməsi ilə yekunlaşır və onların müasir dünyanın, texnoloji inkişafın təməlində dayanan bu fənnə marağını azaldır. İstedadlı şagirdlərdə özünə inam hissi güclüdür, onlar güclü bir hafizəyə sahibdir, təkrarçılıqdan sıxılır, müstəqil işləməyi sevir. Vaxtında aşkarlanmayan, yönəldilməyən istedadlı şagird xüsusi qabiliyyətləri inkişaf etdirilmədən məktəbdən məzun olur və gələcəkdə ola biləcəyindən aşağı müvəffəqiyyət göstərir.

 

Bu layihənin əsas məqsədi IX, X, XI siniflərdə təhsil alan, fizika fənni üzrə istedadlı şagirdlərin aşkar edilərək bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin onların Respublika fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsidir.  “İstedadlı fiziklər dərnəyi” layihəsinə cəlb olunmuş şagirdlər  “öyrənməyi öyrətmək” zəminində təlim vərdişlərinə yiyələnməklə müxtəlif məlumatların, biliklərin əldə edilməsi yollarının müstəqil axtarılıb tapılması üzrə fərdi bacarıqlarının formalaşmasına və fizika fənn olimpiadalarında yüksək nəticələrə nail olacaqlar.  “İstedadlı fiziklər dərnəyi”ndə şagirdlərin müşahidəetmə, məntiqi düşünmə, dəqiqləşdirmə, analiz və sintez, mühakimə yürütmə, problemi müəyyənləşdirmə, həlletmə və s. bacarıqların formalaşmasına zəmin yaradılır. Bu isə şagirdlərdə çətin görünə bilən fizika məsələlərinin daha asan sadə formada həll etmələrinə səbəb olur. Dərsdə keçilmiş dərsə aid çalışma həlləri aparılır. Dərnəkdə dərs almış şagirdlər gələcəkdə bu sahənin ixtiraçısı, bacarıqlı qurucuları kimi formalaşa biləcəklər. Digər tərəfdən, müəllim və şagirdlərin diqqətini olimpiada hazırlığına yönəltməklə gələcəkdə istedadlı fiziklərin sayının artması da mümkün olacaq. 

 

“Gələcəyin aqronomları”

 

Göygöl rayon Aşıqlı kənd tam orta məktəbin ingilis dili müəllimi Aysel Allahverdiyevanın V Qrant  müsabiqəsinin fərdi kateqoriyada qalib gəlmiş layihəsi “Gələcəyin aqronomları”  adlanır və müasir dövrümüzdə iqtisadi sahənin mütəxəssislərinin orta məktəb partasından hazırlanması işinə həsr olunub.  Layihə barədə müəllif fikirlərini bölüşür:

 

- Son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində mühüm tədbirlər görülməkdədir, bu da kənd təsərrüfatının ixtisaslı mütəxəssislərlə təmin olunmasını zərurətə çevirib. Bu sahədə mütəxəssis hazırlığı əsasən Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə düşür, bu ali təhsil müəssisəsi hazırda adıçəkilən istiqamətdə peşəkər mütəxəssislərin hazırlanmasında mühüm addımlar atmaqdadır. 

 

Ancaq orta məktəb səviyyəsində şagirdlərin kənd təsərrüfatı ixtisaslarına marağının stimullaşdırılması üçün zəruri maarifləndirici işlərin görülməsi də olduqca vacibdir.  Sirr deyildir ki, şagirdlərin bu ixtisaslar haqqında məlumatları, perspektivləri və bir mütəxəssis kimi dünyamıza verə biləcəkləri töhfələr barədə az məlumatlıdırlar.  Məsələn, “üzümçülük”,  “meşəçilik”, “baytarlıq”, “maldarlıq”, “balıqçılıq”  və s. kimi  ixtisasa sahib mütəxəssislərə ehtiyacımız çoxdur.  Biz nəyə görə, aqrar sahə üçün mütəxəssisləri xaricdən dəvət etməliyik?!  Bu ixtisasların səthi deyil,  daha dərindən öyrənilməsi, məhsulun yerli və xarici bazarda tanıtımı iqtisadiyyatımıza öz töhfəsini vermişdir. Bütün bunları nəzərə alaraq şagirdlərə və valideynlərə bu sahələrlə bağlı zəruri biliklər verməliyik.  Bu baxımdan, müasir dövrdə qeyd edilən sahənin şagirdlərə mənimsədilməsi və  öyrədilməsi olduqca vacibdir.

 

Təqdim etdiyimiz  “Gələcəyin aqronomları”  layihəsi bu işi öz üzərinə götürüb. Layihənin əsas məqsədi orta məktəb şagirdlərinin  iqtisadiyyatımızın dinamik inkişafı, sosial rifah və sosial  ədalət naminə bütün ixtisas və peşələrə eyni gözlə baxmasına nail olmaqdan, dövrün tələblərinə uyğun olaraq həmin peşəni bilən mütəxəssislər yetişdirilməsindən ibarətdir.

 

Göygöl, Samux, Gəncə və s. kimi bölgələrdən olan şagirdlərin layihəyə cəlb olunaraq, aqrar sahənin inkişafı naminə təlimçilərlə nəzəri biliklərin paylaşılması;  Azərbaycan Dövlət Aqrar Universitetində  ixtisas istiqmətləri, tədris şəraiti, Azərbaycanın böyük aqro parklarından olan Şəmkir Aqroparkla və onun fəaliyyəti ilə tanışlıq; meşəçilik, üzümçülük ixtisası üzrə əkin sahələrinə baş çəkmək və şagirdlərdə bu sahələrə marağın oyadılması; şərabçılığın inkişafının təmin edilməsi; kənd təsərrüfatı sahələrinə marağın oyadılması və inkişafa nail olunması  layihənin əsas vəzifələridir. 

 

Əksər hallarda şagirdlər aqronomluq, meşəçilik və s.bu kimi ixtisasları prioritet görmürlər.  Onlar ya “əlacsızlıqdan” bu sahəni seçir, ya da ki, təsadüfi seçim nəticəsində bu kimi ixtisaslara qəbul olurlar. Maraqlıdır ki, araşdırmalara əsasən, müvafiq ali məktəbə qəbul olduqdan sonra praktika dönəmində onlar artıq bu ixtisasa valeh olurlar.  “Gələcəyin aqronomları” layihəsi bu istiqamətdə şagirdlərə bələdçi rolunu oynayıb.  

 

Layihənin icrasına 2021-ci ilin iyul ayından başlanılıb və 3 ay müddətini əhatə edib.  Layihəyə əsasən IX, X, XI sinif şagirdləri cəlb edilib. 25 nəfər şagird 4 günlük təlimdə Gəncə və ətraf ərazilərdə aqrar sahənin müxtəlif peşələri ilə əyani şəkildə tanış olub. Layihənin birinci günündə şagirdlər  Azərbaycan Dövlət Aqrar Universitetinin müəllim  və tələbələrilə söhbət aparıblar.  Daha sonra  Aqropark, baytarlıq, zootexnik, üzümçülük və s. sahələrlə əyani  tanışlıq olub. Şagirdlərə  təlim ərzində bu ixtisasların necə vacib olduğunu dərk ediblər.

 

Oruc MUSTAFAYEV