Bu gün təhsilin əsas məqsədi yeni tip vətəndaşların - müstəqil düşünən,  fəallıq göstərən, intellektual potensiala və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik əsl vətənpərvər şəxsiyyətlərin yetişdirilməsidir. Yüksək əxlaqlı, məsuliyyətli, yaradıcı, təşəbbüskar, səriştəli vətəndaşların formalaşması və inkişafında tərbiyəvi, sosial və pedaqoji mühit mühüm rol oynayır.  Tərbiyə - şagirdin şəxsiyyət, vətəndaş kimi formalaşması, cəmiyyətin dəyərlərini, əxlaqi münasibətlərini və əxlaq normalarını mənimsəyib qəbul etməsi üçün pedaqoji cəhətdən təşkil edilmiş, məqsədyönlü fəaliyyətdir.

 

Mənəvi-əxlaqi tərbiyə təhsil prosesinin tərkib hissəsidir. Pedaqogika insanın mehribanlığa, sevgiyə, başqa insanlara hörmətə, mərhəmətə, rəğbətə yönəlmiş mənəvi keyfiyyətlərini inkişaf etdirməyi zəruri hesab edir. Tərbiyə təhsilin şəxsiyyət, cəmiyyət və dövlət mənafeyinə uyğun olan ən mühüm tərkib hissələrindən biridir. Təhsil şəxsiyyəti, onun bütün mənəvi və fiziki keyfiyyətlərini, qabiliyyətlərini inkişaf etdirməli, ümumbəşəri dəyərlərə əsaslanan dünyagörüşünü formalaşdırmalıdır.

 

L.N.Tolstoy mənəvi tərbiyəni yüksək qiymətləndirərək deyirdi: “İnsanın bilməli olduğu bütün elmlərdən ən mühümü necə yaşamaq, mümkün qədər az pislik etmək və mümkün qədər yaxşılıq etmək elmidir”.

 

Bu gün “təhsil”, “təlim” və “tərbiyə” kateqoriyaları bütöv və ayrılmaz bir proses kimi başa düşülür. Təlim prosesi təbii olaraq təhsil və tərbiyə funksiyalarının vəhdətini nəzərdə tutur.

 

Gənclərin mənəvi-əxlaqi tərbiyəsində, hər bir şagirdin şəxsiyyət kimi formalaşmasında, inkişafında müəllimin rolu danılmaz və təkzibolunmazdır. K.D.Uşinski yazırdı ki, “müəllim şəxsiyyətinin gənc ruha təsiri elə tərbiyəvi qüvvədir ki, onu nə dərslik, nə əxlaq normaları, nə də cəza və mükafatlar sistemi əvəz edə bilməz”. Bəs, müəllim kimdir? O, heç bir halda təkcə “dərsverən” deyil. O, həm də tərbiyəçi, yolgöstərən və dostdur. Şagirdin qabiliyyət, bacarıq və istedadının oyanmasında və inkişafında müəllim şəxsiyyətinin, onun mənəvi, daxili aləminin rolu  böyükdür.

 

Uşaqları müəllimdəki hansı şəxsi keyfiyyətlər cəlb edir? Müəllimin əqidə, ideallar, zövq, əxlaqi-etik prinsiplər baxımından sözünün və əməlinin bir olması, vəhdəti gəncləri cəlb edən əsas şəxsi keyfiyyətdir. Şagirdlərin nəzərində müəllim nəinki düzgün, səmimi, dürüst olmalı, həm də özünü ətraf mühitdə və cəmiyyətdə baş verən mənfi hallara qarşı,  mənəvi ideallar uğrunda mübariz kimi göstərməlidir. Müəllimin şagirdə verdiyi, öyrətdiyi hər bir şey ruhundan gəlir və mənəvi aləminin güzgüsüdür.

 

Hər bir dərsdə müəllim yalnız planda nəzərdə tutulanları deyil, həm də qarşısına qoyduğu müəyyən məqsədləri həyata keçirir. Yeniyetmələr və  şagirdlər böyüklərin, o cümlədən müəllimlərin hərəkət və davranışlarını şüurlu şəkildə təqlid edirlər. Uşağın şüurunda müəllimin davranışı, jestləri, geyimi, danışıq tərzi, müxtəlif şəraitdə və situasiyalarda şagirdin özü və digər yoldaşlarına münasibəti, uğurlarına və uğursuzluqlarına göstərdiyi reaksiya, müəllimin öz həmkarları ilə davranış və ünsiyyəti böyük iz buraxır. Tərbiyəçi müəllimin təlim-tərbiyə işində uğurlu nəticələr əldə etməsi öz nizam-intizamı, dəqiqliyi, məsuliyyəti və özünə qarşı tələbkarlığından asılıdır.

 

V.A.Suxomlinski yazırdı ki, müəllimin ədaləti uşağın müəllimə inamının əsasıdır, lakin ədalətli olmaq üçün hər bir uşağın mənəvi dünyasını incəliyinə qədər bilmək lazımdır.

 

Bundan başqa o deyirdi: “Uşaq üçün ən yaxşı müəllim odur ki, onunla ruhən ünsiyyət quraraq, müəllim olduğunu unudub, şagirdində dost, həmfikir görür. Belə bir müəllim öz şagirdinin ürəyinin ən məhrəm guşələrini bilir və söylədiyi söz gənc, inkişaf edən şəxsiyyətə təsir etmək üçün güclü vasitəyə çevrilir. Əxlaqi davranışa, əxlaqi əməllərə sövq edən mühitin yaradılması müəllimin şagirdlərin mənəvi dünyasına həssaslığından asılıdır”.

 

Uşaqlara məhəbbət müəllimin fərqli xüsusiyyətidir. Müəllim uşaqları ruhlandıran və məktəbi ailəyə çevirən canlı qüvvədir. Müəllim şagirdə məhəbbətlə yanaşarsa, onun təsiri güclü və məhsuldar olacaqdır. Belə məhəbbətin bəhrəsi qarşılıqlı sevgi, güvən olacaqdır.

 

Müəllim şəxsiyyətinin şagirdlərin mənəvi tərbiyəsinə təsir edən bir qrup keyfiyyətləri var:

 

- Sosial və şəxsi keyfiyyətlər

 

-  Peşəkar və pedaqoji xüsusiyyətləri

 

- Emosional reaksiya

 

- Güclü iradə

 

- Temperament xüsusiyyətləri

 

- Sağlamlıq vəziyyəti

 

- Yaradıcı düşüncə

 

- Yüksək etik keyfiyyətlər.

 

Müəllimlər ailə və cəmiyyətlə vəhdət şəklində gənc və yeniyetmələrdə əxlaqi-mənəvi dəyər və prinsipləri formalaşdırmalıdır. Yetkinlik yaşına çatmayan şagirdlərin mənəvi tərbiyəsinin əsas mahiyyəti tərbiyəedici, təhsilverici, inkişafetdirici, psixoloji, fizioloji, sosial tədbirlər kompleksindən istifadə etməklə məktəblilərin təlim, tərbiyə, özünüinkişaf proseslərini həyata keçirməkdir. Əxlaq tərbiyəsi yalnız ümumbəşəri əxlaq normalarına cavab verən  proses kimi həyata keçirildikdə səmərəli ola bilər. Bu prosesin nəticəsi iradəli, azad ruhlu, özünü idarəetmə qabiliyyəti olan  əxlaqı bütöv şəxsiyyətin formalaşmasıdır. Bu işdə müəllimin rolu böyükdür. 

 

Bu gün Azərbaycan müəlliminin  dövlətin inkişafı, siyasi-iqtisadi stabilliyi, xalqın mənəvi birlik və həmrəyliyi, milli dəyərlərinin əsas təminatçısı olan gənc vətəndaşların formalaşması, mənəvi-əxlaqi inkişafı və tərbiyəsi kimi mühüm və müqəddəs vəzifəsi, amalı var. Azərbaycan gənclərinin vətənpərvərliyi, mərdliyi, qorxmazlığı xalqımızın birlik və həmrəyliyinin sarsılmaz olduğunun bariz nümunəsi olan, tarixə qızıl hərflərlə yazılan, zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan müəlliminin bu vəzifəni, müqəddəs amalı layiqincə yerinə yetirməsinin sübutudur.

 

Müstəqil Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan sürətlə inkişaf edən və bu inkişafın fonunda milli-mənəvi dəyərlərinə, qədim dövlətçilik ənənələrinə və ümumbəşəri əxlaq normalarına sadiq qalan multikultural  dövlətdir. Bütün bu dəyərlərin və inkişafın qorunub saxlanması gələcəyin qurucuları - gənc nəslin əlindədir. İstər xaricdə, istərsə də ölkə sərhədləri daxilində yaşayan hər bir Azərbaycan vətəndaşı, gənci milli birlik və həmrəylik göstərərək dövlətimizin çiçəklənməsi və inkişafı istiqamətində səfərbər olmalı, dövlətimizi bütün sahələrdə yüksək səviyyədə təmsil etməlidir.

 

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Ümummilli liderimizin bu sözləri hər bir Azərbaycan gənci, vətəndaşı üçün nümunə, birlik və həmrəylik yolunda bir şüar olmalıdır.

 

Günel SƏMƏDOVA,

ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru