2021-ci il dekabrın 26-da magistraturaya qəbul imtahanının modeli üzrə keçirilmiş sınaq imtahanında ən yüksək nəticə göstərən 25 bakalavr Dövlət İmtahan Mərkəzində (DİM) keçirilən “Açıq qapı” gününə dəvət olunub. 10 bakalavr regionlarda olmasına və digər səbəblərə görə görüşə onlayn qaydada qoşulub.

 

Tədbirdən əvvəl bakalavrlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar. İştirakçılara milli qiymətləndirmə sisteminin yaradılması və keçdiyi inkişaf yolu barəsində məlumat verilib.

 

DİM-in struktur bölmələrinin rəhbərləri sınaq imtahanında yüksək nəticə göstərmiş bakalavrları təbrik edərək, onlara qəbul imtahanında, eləcə də gələcək fəaliyyətlərində uğurlar arzulayıb, qarşıdakı imtahanlar, ixtisas seçimi və digər məsələlər barəsində məlumat, məsləhət və tövsiyələr veriblər. DİM-in məsul işçiləri bakalavrları maraqlandıran sualları da cavablandırıblar.

 

DİM əməkdaşları tərəfindən Mərkəzin fəaliyyət istiqamətləri, magistratura səviyyəsinə qəbul imtahanları, DİM tərəfindən keçirilən beynəlxalq imtahanlar haqqında maarifləndirici materialları, həmçinin psixoloji testlər, peşələr haqqında məlumat, faydalı tövsiyələr, digər xidmətləri əhatə edən e-psixoloq.az və müxtəlif növ sınaq imtahanları platforması olan otk.az internet saytlarının imkanları haqqında məlumatları əks etdirən təqdimatlar nümayiş olunub.

 

Qeyd edək ki, DİM tərəfindən yüksək nəticə göstərən bakalavrlara hədiyyə olaraq “Magistr” jurnalının 2022-ci il tarixli 1-ci sayı və otk.az internet saytında yerləşdirilmiş sınaq imtahanlarından ödənişsiz faydalanmaq üçün kuponlar təqdim edilib.