Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə “Clarivate Analytics” şirkəti ali məktəbin professor-müəllim heyəti üçün “Аналитическая система InCites: Возможности анализа публикационной активности организации” adlı onlayn formatda vebinar təşkil edib.

 

Universitetdən bildirilib ki, tədbirdə təhsil ocağının 50-ə yaxın əməkdaşı iştirak edib.

 

“Clarivate Analytics” şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov Web of Science-in aləti InCites vasitəsilə müxtəlif elmmetrik analizlərin aparılması imkanları barədə məlumat verib. Qeyd edib ki, İnCites platforması həm ölkədaxili, həm də digər ölkələrin universitetləri ilə müxtəlif göstəricilər əsasında müqayisə etmə imkanına malikdir:“Təhlillərin məlumat mənbəyi kimi “Clarivate Analytics”in nüfuzlu Web of Science verilənlər bazasından istifadə olunur”.

 

V.Boqorov AzMİU əməkdaşları tərəfindən nəşr olunan məqalələrin təhlili, bu məqalələrə verilən istinadların izlənməsi və artırılması istiqamətində aparılan işlər haqqında da danışıb. Məlum olub ki, pandemiya şəraitindən asılı olmayaraq, universitet əməkdaşlarının son illər ərzində elmi məqalələrinin sayında və onlara istinadlarda müsbət dinamika müşahidə edilir.

 

Məruzəçi  “Clarivate Analytics” şirkətinin Elmi-tədqiqat şöbəsi ilə uğurlu əməkdaşlığı nəticəsində AzMİU-nun Web of Science-da olan profilinin  çox dəqiq və dolğun olmasını xüsusi vurğulayıb.

 

Vebinarın sonunda professor-müəllim heyətini maraqlandıran suallar cavablandırılıb.