Bakı Slavyan Universitetində (BSU)  20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tədbirdə BSU-nun rektoru səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyev bildirib ki, gənc nəsil 20 Yanvar faciəsini, bütövlükdə həmin dövrdə keçmiş Sovet İttifaqında baş vermiş hadisələri dərindən öyrənməlidir. Qeyd edilib ki, 1988-ci ildən başlayaraq, öz müstəqilliyinə doğru gedən Azərbaycan xalqına qarşı ciddi təhdidlər yaranmışdı. Nəticədə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya Sovet qoşunu yeridildi. Lakin Azərbaycan vətəndaşlarını kütləvi şəkildə gülləbaran edən Sovet imperiyasının rəhbərliyi xalqın milli-azadlıq hərəkatını çökdürə bilmədi. Vurğulanıb ki, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev hüquqi-siyasi qiymət verib. Yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələn və  dəhşətli qətliamı kəskin pisləyən bəyanatla çıxış edən Ulu Öndər bununla həmişə öz doğma xalqı ilə birgə olduğunu sübut etdi. Xalqımızın milli-azadlıq hərəkatının mühüm mərhələsi olan 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə qovuşmasında müstəsna rol oynadı.

 

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova 20 Yanvar faciəsinin səbəb və nəticələri barədə fikirlərini bölüşüb.

 

Sonra "20 Yanvara aparan yol" mövzusunda məruzə ilə çıxış edən Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və Slavistika bölməsinin müdiri, dosent, Qarabağ müharibəsi veteranı  Sadir Məmmədov  həmin hadisələrin canlı şahidi kimi faciə ilə bağlı maraqlı faktları, statistik məlumatları diqqətə çatdırıb.

 

Humanitar və sosial elmlər fakültəsinin tələbəsi Xanım Gülbalayeva  “Qanlı Yanvar şəhidlərini unutmarıq!", həmin fakültənin tələbəsi Günel Məmmədova "İlham və Fərizə dastanı" adlı videosüjet təqdim ediblər. BSU-nun Məktəb-Lisey Kompleksinin şagirdləri isə 20 Yanvar faciəsini əks etdirən şeir və mahnılar səsləndiriblər.

 

Tədbir İbtidai təhsil kafedrasının dosenti Çimnaz Məmmədovanın və digər iştirakçıların çıxışları ilə başa çatıb.