V Qrant müsabiqəsi qaliblərinin uğur hekayələri


Son  illər ölkəmizin təhsil sistemində aparılan islahatlar və onların uğurlu nəticələri müəllimlərimizin, təhsil müəssisələrinin yaradıcı təşəbbüslərlə çıxış etməsini stimullaşdırıb.  Cari tədris ilində beşinci dəfədir ki, reallaşdırılan “Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsi”nin qalibləri olan  müəllimlərin ideyaları da yeniliyi və aktuallığı ilə seçillir. Müsabiqənin qalibi olan müəllimlər  “Azərbaycan müəllimi”nə öz layihələri barədə danışıblar.

 

Kənd məktəbində qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma

 

Astara rayon Qapıçıməhəllə kənd Ə.Əliyev adına ümumi orta məktəbin müəllimi Elnur Quliyev V Qrant müsabiqəsində “Kənd məktəbində 6, 7 və 8-ci sinif şagirdləri üçün qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə distant dərslərin təşkili” layihəsi ilə qalib gəlib. E.Quliyev layihənin mahiyyəti və hədəfləri barədə belə deyib:

 

- Məlumdur ki, bir çox məktəblərdə şagirdlərin veb dizayn, 3D modelləşdirmə, qrafik dizayn, kodlaşdırma üzrə bilik və bacarıqları olduqca azdır. Təbii ki, bunun səbəbkarı heç də şagirdlər deyil. Əsas səbəb mövcud şəraitin çətinlikləri, valideynlərin bu sahələrə marağının az olması, müəllim və tədris proqramlarının çatışmazlığıdır. Nəzərə almaq lazımdır ki, müasir dünyada qrafik dizayn, kodlaşdırma ən əhəmiyyətli sahələrdəndir. Gün keçdikcə bu sahənin əhəmiyyətliliyi get-gedə daha da artır. Lakin şagirdlərimızın bu sahələrdə geri qalması ciddi problemlərdən biridir. Həm də ökəmizin bu sahədəki kadr çatışmazlığına səbəb olan məsələdir.

 

Layihənin əsas məqsədi Astara rayonu Qapıçıməhəllə kənd ümumi orta məktəbinin 6, 7 və 8-ci sinif şagirdlərinin qrafik dizayn, 3D modelləşdirmə, veb dizayn və kodlaşdırma üzrə bilik və bacarıqlarını artırmaq, onların bu sahələr üzrə inkişafına nail olmaqdır. 

Şagirdlərin gələcəkdə kodlaşdırma və kompüter mühəndisliyi sahələrinə yönəlmələri, onlarda sərbəst şəkildə elektron məhsullar yaratmaq üçün praktiki vərdişlər formalaşdırmaq da layihənin vəzifələrindəndir.

 

 

“Köçərilərlə gələcək”

 

V Qrant müsabiqəsinin “ümumtəhsil” kateqoriyasında qalib gəlmiş layihələrdən biri “Köçərilərlə gələcək” adlanır. Balakən rayonu Qazma kənd 1 nömrəli tam orta məktəbin direktoru Esmira Qurbanova müəllifi olduğu layihənin mahiyyəti barədə danışıb:

 

- Balakən rayon Qazma 1 nömrəli kənd tam orta məktəbində 33 nəfər azsaylı xalqın nümayəndələrindən olan  fars dilli qaraçı şagirdlər təhsil alır. Bu şagirdlərin istər təhsil sahəsində, istərsə də bir vətəndaş kimi tərbiyəli, nümunəvi gənc olaraq formalaşması mühüm məsələdir. Layihənin əsas məqsədi şagirdlərin gözəl nitqə sahib olmaları, özlərini daha dolğun ifadə etmələri və şeir müsabiqələrində, təqdimatlarda daha öz güvənli şəkildə iştirak etmələridir. Layihə çərçivəsində 33 şagird təlimlərə cəlb edilib, onların psixoloqla görüşü təşkil olunub. Məşğələlər zamanı şagirdlər arasında əməkdaşlıq etmə bacarığının inkişafına nail olunub. Həmçinin nitqdə yaranmış problemlərinin aradan qaldırılması, özgüvənlərinin artmasında dəstəyə nail olunub. Layihə çərçivəsində şagirdlərin şeir, təqdimat xarakterli müsabiqələrdə daha aktiv iştirakları təmin edilib. Layihənin məqsəd və vəzifələrinin həlli üçün məktəbimizdə təhsil alan III sinif şagirdlərindən 100 faizinin məktəb tədbirlərində iştirak etməmələrini, dialekt sözlərdən çox istifadələrini, tələffüz normalarına düzgün əməl olunmamasını, ədəbi dil normalarının pozulduğunu aşkarlamışdım.  Bunları aradan qaldırmaq lazım idi. Balakən Rayon Təhsil Şöbəsinin köməkliyi ilə 33 nəfər üçün Azərbaycan dilinin tədrisinin daha yaxşı mənimsənilməsi məqsədilə kurs və psixoloji dəstək təşkil etdim. Bununla da şagirdlərdə  nitq dəqiqliyinə, özlərini daha aydın ifadə etmə bacarıqlarına nail oldum.

 

Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində qalib olan “Köçərilərlə gələcək” layihəsinin həmin 33 şagirdin həyatında çox gözəl izlər qoyduğunun şahidi oldum. Layihə bitmiş olsa da, həmin şagirdlərlə görüşlərin, əyləncəli oyunların və psixoloji dəstəyin davamlı olaraq keçirilməsi nəzərdə tutulub.

                                                             

Valideynlərin iştirakı ilə məktəblərdə fiziki və psixoloji sağlamlığın qorunması

 

V Qrant müsabiqəsinin qaliblərindən Beyləqan şəhər 4 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi Anar Yaqubovun “Məktəb və valideyn”- valideynlərin iştirakı ilə məktəblərdə fiziki və psixoloji sağlamlığın qorunması layihəsi son dövrlərdə ümumi təhsil sistemində mövcud olan bir sıra məsələlərin həllinə yönəlib. Layihə 15 sentyabr - 15 dekabr 2021-ci il tarixləri arasında  icra olunub. A.Yaqubov layihənin hədəfləri və görülən işlər barədə məlumat verib:

 

- Layihənin məqsədi olaraq Beyləqan rayonunda valideynləri məktəbə cəlb etməklə valideyn-məktəb əməkdaşlığının möhkəmləndirilməsi, onların köməyindən istifadə edərək məktəblərdə psixoloji durumun yaxşılaşdırılması istiqamətində uğurlu nümunə yaradıldı. Məktəblə əməkdaşlıq etmək istəyi olan valideynlərdən işçi qrupu formalaşdırıldı.  İşçi qrupuna daxil olan valideynlər üçün ekspertlər tərəfindən valideyn komitələrinin mahiyyəti, idarə olunması, təşəbbüslər, onların formalaşması və həyata keçirilməsi istiqamətində təlimlər keçirildi. Təlimlərdə Beyləqan şəhəri 4 nömrəli tam orta məktəbin müəllimləri, ekspert, psixoloq və valideynlər iştirak etdilər. Məktəb-Valideyn Komitəsinin əsasnaməsi, iş strukturu, vəzifə və öhdəliklər illik fəaliyyət planı hazırlandı. 20 nəfər valideynin iştirakı ilə 3 gün ərzində təlimlər təşkil olundu. Sonra valideyn komitəsinin 5 üzvü seçildi: sədr, katib, 3 nəfərdən ibarət nəzarət qrupu təyin edildi. Məktəbin fəaliyyətinə kömək göstərilməsi məsələləri üzrə məktəb müdiriyyəti ilə birgə valideynlərin müvafiq təşkilatlarla ictimai-sosial əlaqəsinə şərait yaradıldı. “Valideynin məktəbdə rolu” mövzusunda seminarlar keçirildi.
  

 

Layihə Beyləqan şəhər 4 nömrəli tam orta məktəbin valideynlərinin məktəblə əməkdaşlığının genişlənməsinə təkan verdi.  Bu tipli layihə Beyləqanda ilk dəfə olaraq keçirildi ki, bu da digər məktəb valideynlərinin, məktəb idarəçilərinin marağına səbəb oldu. Layihənin davamlılığı və uğurlu modelin fəaliyyəti barədə digər məktəblərdə də təqdimat keçirildi. 

 

Problemin qoyuluşu

 

Müasir dövrümüzdə informasiyanın bolluğu,  texnologiyanın inkişafı və gənclərin ondan asılılığı onların öz ailəsi ilə ünsiyyətinə təsir edir. Bir çox valideynlər övladının  kiminlə oturub-durmasını bilmir, məktəbdə özünü necə aparmasından xəbər tutmur, kitabxanadan, dost-tanışından hansı kitabları götürməsindən, sosial şəbəkələrdəki davranışlarından, oynadığı oyunlardan məlumatlı deyil. Hazırda valideynlərin məktəbə cəlb olunması, onlarla  birgə işin aparılması, valideyn komitələrinin yaradılması, davamlı olaraq uşaqların fiziki, emosional-psixoloji vəziyyətlərindən xəbərdar olmaq bu günümüzün ən aktual məsələlərindəndir. Təklif olunan layihə kiçik də olsa, əminik ki, Beyləqanda bir neçə məktəbdə bu işlərin başlanmasına təkan verəcək...

 

Oruc MUSTAFAYEV