Səbinə Cəfərova MÜƏLLİM kimi xatirələrdə yaşayacaq


Ömrünün 39-cu baharında güllər bir anda soldu, rənglər parlaqlığını itirdi. Dünya qapqaranlıq oldu, etibarını itirdi o da. Hər kəs etiraz, təəssüf dolu nəzərlərlə süzdü onu. Ürəklərə sığmayan etinalı sözlər boğazlarda düyünlənib dillərdə kəlmələrə düzüldü: Necə ola bilər axı? Necə ola bilər ki, bu boyda dünya həyat dolu, gülərüz, mehriban, ən önəmlisi gənc bir qadını sığdıra bilməsin öz içinə.

 

Bu hisslər bir neçə gündü ki, nidayla bitən cümlələrə çevrilib Bakı Avropa Liseyinin divarlarında əks-səda verir. Liseyin rus dili müəllimi Səbinə Cəfərova beynə qan sızması nəticəsində dünyasını dəyişib. Bu gözlənilməz və çox böyük itki təhsil müəssisəsini yasa boğub.

 

Bu ölüm sadəcə sözügedən təhsil müəssisəsinin yox, bütövlükdə təhsil dünyasının itkisidir. Belə ki, çoxşaxəli pedaqoji fəaliyyətə malik Səbinə Cəfərova pandemiya dönəmində - 2020-2021-ci illər ərzində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş “Teledərslər” layihəsinin iştirakçısı, 100-dən çox teledərsin müəllifi olub. Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq edərək bu sahədə fəaliyyətdə böyük nailiyyətlər qazanan Səbinə xanım rus dili üzrə dərslik müəllifi, dərsliklərin qiymətləndirilməsi üzrə Təhsil Nazirliyinin eksperti, “Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası”, “Yazı işinin təşkili metodikası”, “Distant təhsil” kimi layihələrin təlimçisi və koordinatoru kimi fəaliyyət göstərib.

 

Fəallığı səbəbindən təhsil ictimaiyətinə adı yaxşı tanış olan Səbinə Cəfərovanın ölümü onun müəllimi olduğu Bakı Avropa Liseyinin kollektivini sarsıdıb: “Müəllimimizin qəfil ölümü hər birimizi kədərləndirir.  Səbinə xanımın səmimi ünsiyyəti, gülər üzü, həyatsevərliyi, mülayim səsi hamımızın xatirəsində qalacaq. Allahdan onun yaxınlarına səbr diləyirik”.