Ademi Kaliyakbarova Qazaxıstandandır. O, Bakı Ali Neft Məktəbinin (BANM) Qazaxıstan-Britaniya Texniki Universiteti ilə əməkdaşlığı çərçivəsində Mübadilə proqramında iştirak edən 11 tələbədən biridir. Ademi Neft-qaz mühəndisliyi ixtisasının V kursunda təhsil alır. Üzməyi və stolüstü tennis oynamağı sevir. BANM-ı seçmə səbəbi bu ali məktəbin nüfuzu, məzunları üçün çoxlu imkanlar açması ilə bağlı olub.  Üstəlik, Bakını da çox sevir. O, Bakını mehriban və açıqfikirli insanları olan gözəl şəhər kimi xarakterizə edir...

 

- Bakı Ali Neft Məktəbi haqqında öncədən hansı məlumatınız var idi?

-Mənim burada təhsil almış bəzi dostlarım var. Bakıya gəlməzdən öncə onlarla ünsiyyətdə oldum və sonra Bakı Ali Neft Məktəbini seçməyə qərar verdim. Onlar bildirdilər ki, Bakı Ali Neft Məktəbində təhsil yaxşının ən yaxşısıdır və burada idman, tədris üçün hər cür şərait var. Mən bu söhbətlərdən sonra çox həvəsləndim.

 

- Artıq bir neçə aydır ki, Bakı Ali Neft Məktəbində təhsil alırsınız. Buradakı mühit sizin gözləntilərinizi doğruldurmu?

- Buradakı tədris mühitini çox bəyənirəm və burada olmaqdan çox xoşbəxtəm. Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətini və tələbələr üçün yaradılan şəraiti  bəyənirəm. Burada üzgüçülük hovuzu və stolüstü tennis var və bu idman növlərini çox sevirəm. Ali Məktəbdə voleybol, futbol və digər oyunları oynamaq üçün də imkanlar var.  Buranın pedaqoji heyəti və tələbələri də qayğıkeşdir və həmişə kömək etməyə çalışırlar. Burada özümü vətənimdəki kimi rahat və sakit hiss edirəm. Bu şəraitə görə bütün BANM heyətinə, xüsusilə qonaqpərvərlik və qayğıkeşliyə görə rektor Elmar Qasımova, üzgüçülüyün sirlərini öyrətdiyinə görə Pyotr müəllimə və öyrətdikləri biliklərə görə professorlara təşəkkür edirəm.