Ulu öndər Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının dünyaya bəxş etdiyi dahi şəxsiyyətdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və ulu öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı.

 

Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin işlər gördü, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikanın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi.

        

Görkəmli siyasi xadim Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu. Heydər Əliyevin fəaliyyətində islahatlar, bazar iqtisadiyyatının qurulması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi prioritet sahələr oldu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsi imzalandı. Heydər Əliyev özünün neft strategiyasının əsas mənasını Azərbaycanın zəngin təbii sərvətlərindən xalqın rifahı naminə daha da səmərəli istifadə etməkdə görürdü. Azərbaycanın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun gözəl nəticələri göz qabağındadır. Ölkənin dayanıqlı inkişafının əsasını təşkil edən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz bu böyük insanın iradəsi, qətiyyətli mövqeyi və uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.

 

Ulu öndər Heydər Əliyevin balanslaşdırılmış xarici siyasət kursu sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirdi, ölkəmiz Cənubi Qafqazın lider dövlətinə, regionda gerçəkləşdirilən bütün transmilli layihələrin təşəbbüskarına və fəal iştirakçısına çevrildi. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, uğurlu neft diplomatiyası, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verdi.

 

Milli Ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ sovetlər dövründən götürürdü. Yəni, 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin –Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Müstəqilliyin ilk illərində ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi. 1994-cü ildə cəbhə bölgəsində atəşkəsə dair müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə verdiyi  sərəncama əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

 

Vətən müharibəsində qazandığımız uğurlar göstərdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib. 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın düşmən tapdağından azad olunması bu siyasətin doğru şəkildə davam etdirilməsini sübuta yetirdi.  

 

Ölkəmizin son illərdə iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər də məhz ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir”...

 

Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Fenomenal siyasətçi və dövlət xadimi Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə həmişə uğurla sınaqdan çıxıb və çıxmaqda davam edir.

 

Laçın Həsənova,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, dosent