Britaniya Şurasının (British Council) “Creative Spark” (Yaradıcı Qığılcım) layihəsi əsasında britaniyalı ekspert, Qrinviç Universitetinin professoru Jithendran Kokkranikalın Gəncə Dövlət Universitetinin (GDU) tələbə və müəllimləri ilə görüşü və ustad dərsi təşkil olunub. Layihəyə əsasən, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) əməkdaşları Beynəlxalq əməkdaşlıq departamentinin layihələrin idarə olunması üzrə proqram rəhbəri Rauf Məmmədov və həmin departamentin mütəxəssisi Nərmin İbrahimova Gəncə səfərində britaniyalı qonağı müşayiət ediblər.

 

Layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıq və biznesin tədrisinin gücləndirilməsi, gənc sahibkarlar tərəfindən yaradılan startapların dəstəklənməsindən ibarətdir. Həmçinin, beynəlxalq inteqrasiya və əməkdaşlıqların təbliğatı istiqamətində sahibkarların və gənclərin ingilis dilini daha effektiv mənimsəməsi üçün Britaniya Şurası tərəfindən təşkil olunan ingilis dilinin rəqəmsal platformalar vasitəsilə öyrənilməsi bu layihədə öz əksini tapır.

 

Qeyd edək ki, GDU-nun tərəfdaşlıq etdiyi UNEC British Council ilə əməkdaşlıq çərçivəsində icrası həyata keçirilən “Creative Spark” layihəsinin birbaşa iştirakçısı olan universitetlərdən biridir.  Britaniya Şurasının bu layihəsi çərçivəsində Qrinviç Universiteti ilə yaxın gələcəkdə yeni əməkdaşlığa dair ilkin razılıq əldə olunub.